Martın 1-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Ekoloji tarazlığın və insan hüquqlarının təminatı sahəsində vətəndaş cəmiyyətinin rolunun artırılması” mövzusunda konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Bahar Muradova ötən ilin tarixi hadisələrlə yadda qaldığını vurğulayaraq Azərbaycanın öz gücü, qətiyyəti və iradəsi ilə Qarabağ problemini həll etdiyini bildirib. O, ölkə Prezidenti İlham Əliyevin qarşıya qoyduğu hədəflərdən bəhs edərək əlavə edib ki, bu hədəflər uğrunda bütün cəmiyyətin səfərbər olması həm regionda, həm də dünyada gedən proseslərə öz töhfəsini verir. Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğuna diqqət çəkən komitə sədri, konfransın məqsədinin müvafiq sahədə öhdəlikləri yerinə yetirmək istiqamətində imkan və səyləri birləşdirmək, vətəndaş cəmiyyətinin fəallığını artırmaq, eyni zamanda sülh, əmin-amanlıq və yaşıl dünya üçün birgə çalışmaq olduğunu bildirib.
Çıxış edən Milli Məclisin deputatı Zahid Oruc Qarabağın işğaldan azad edilməsindən sonra yeni bir mərhələyə qədəm qoyulduğunu diqqətə çatdırıb. Azərbaycanın yeni strateji hədəfinin və siyasi istiqamətinin ekoloji tarazlığın bərpası, yaşıl enerji siyasəti olduğunu diqqətə çatdıran Z.Oruc, COP29-un ölkəmizdə keçirilməsini tarixi bir fürsət kimi qiymətləndirib. Beynəlxalq tədbirlərə ev sahibliyi etməyin böyük siyasi iradə tələb etdiyini deyən millət vəkili belə tədbirlərin həqiqətlərin dünyaya çatdırılması baxımından önəmini vurğulayıb.
Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müavini Zəkiyyə Mustafayeva çıxışında müasir dünyada baş verən iqlim dəyişikliklərinin təşkilatlar qarşısında yeni hədəflər qoyduğunu diqqətə çatdırıb. Ölkədə qida təhlükəsizliyinin, eləcə də istehlakçı hüquqlarının təmin olunması sahəsində həyata keçirilən tədbirlərdən söz açan Z.Mustafayeva vahid sağlamlıq konsepsiyası haqqında məlumat verib. Konfrans “Qərbi Azərbaycana qayıdış: Qadın və uşaq hüquqlarının təminatı” və “İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə Azərbaycanın rolu” mövzusunda panel iclaslarla davam edib.
Bahar Muradovanın moderatoru olduğu Qərbi Azərbaycana qayıdış mövzusunda birinci paneldə Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərlinin, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevanın, “Regional İnkişaf” İctimai Birliyinin, Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin layihə koordinatoru Şəhla Talıbzadənin, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü Telli Pənahqızının çıxışları dinlənilib.
Panelçilər Qərbi Azərbaycanda, eləcə də Qarabağda illərdir törədilən mədəni və ekoloji terror barədə məlumat verib, bu gün işğaldan azad edilən ərazilərdə ekologiyanın bərpası istiqamətində həyata keçirilən layihələrdən danışıblar. Eyni zamanda Qərbi Azərbaycana qayıdış məsələsinin bu gün əsas hədəf olduğu, bu sahədə vətəndaş cəmiyyəti ilə əməkdaşlığın önəmi qeyd edilib.
“İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə Azərbaycanın rolu” mövzusunda ikinci panel Zahid Orucun moderatorluğu ilə baş tutub. Müzakirələrdə Milli Məclisin deputatı Fazil Mustafa, deputat Nigar Arpadarai, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, İDEA İctimai Birliyinin Layihələrlə iş üzrə şöbəsinin müdiri Zərxanım Ağayeva iştirak ediblər.
Qeyd edilib ki, Azərbaycan üçün yeni bir istiqamət olan ekoloji tarazlıq və iqlim təhlükəsizliyinin təmin edilməsi bu gün aktual məsələlər sırasındadır. COP29-un sammitinin ölkəmiz üçün önəmini vurğulayan panelçilər bu konfransda səslənən fikirlərin və tezislərin gələcək tədqiqatlar üçün əhəmiyyətli material olacağını, qəbul ediləcək qərarların bütün ölkələrə təsir edəcəyini diqqətə çatdırıblar.
Yaqut Ağaşahqızı, “İki sahil”