04 mart 2024 22:32
487

Antalya Diplomatiya Forumu dünya üçün faydalı olacaq

Burada Azərbaycanla Türkiyə arasında, eləcə də müxtəlif ölkələrlə yeni əməkdaşlıq layihələri, mövcud münasibətlərin inkişaf etdirilməsi ilə bağlı çoxsaylı fikir mübadilələri tədbirin əhəmiyyətini göstərir

Martın 1-də Türkiyənin Antalya şəhərində işə başlayan III Diplomatiya Forumu martın 3-də başa çatıb. Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsində, Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə bu il üçüncüsü keçirilən Forumda dünyanın 110 ölkəsindən təxminən 4600 nümayəndə iştirak edib.

Bu il “Böhranlar dövründə diplomatiyanı önə çıxarmaq” mövzusu ilə baş tutan beynəlxalq tədbirdə qlobal böhranlar, terrorla mübarizə, enerji təhlükəsizliyi kimi bir çox mövzu müzakirə olunub. Tədbirdə 19 dövlət və hökumət başçısı, 2 xüsusi administrasiya rəhbəri və 52 xarici işlər naziri iştirak edib.

III Antalya Diplomatiya Forumunda ölkəmiz Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun və Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdikləri nümayəndə heyətləri ilə təmsil olunub. Dövlət rəsmilərimiz burada müxtəlif panel iclaslarda iştirak edib, çox sayda görüşlər keçiriblər.

Üç gün davam edən tədbirdə “Türk dünyasında təşkilatlanma: XXI əsrdə TDT”, “Dəyişən təhlükəsizlik təhdidlərini anlamaq üçün yeni xarici siyasət yanaşmaları”, “Sahil: Təhlükəsizlik risklərindən daimi sabitliyə”, “Qloballaşmış dünyada elmi və texnoloji diplomatiyanın rolu”, “İqlim dəyişikliyi: Gələcək nəsillər bizi nə cür xatırlayacaq”, “Qida təhlükəsizliyi: Artan çağırış”, “Avropa İttifaqınin qlobal dəyişiklikləri formalaşdırmaq qabiliyyəti”, “Sülh və inkişafın təşviqində parlamentarilərin rolu”, “Artan irqçilik, ksenofobiya və islamofobiya” kimi bir çox mövzular ətrafında fikir mübadilələri aparılıb. Tədbir çərçivəsində xüsusilə gənclər üçün bir sıra məlumatlandırıcı görüşlər də keçirilib.

III Antalya Diplomatiya Forumunda Azərbaycanla Türkiyə arasında, eləcə də müxtəlif ölkələrlə yeni əməkdaşlıq layihələri, mövcud münasibətlərin inkişaf etdirilməsi ilə bağlı çoxsaylı fikir mübadilələri aparıldı. Forum yalnız diplomatiyanı deyil, bir çox sahələrlə yanaşı, enerji məsələlərini də əhatə etdi. Rusiya-Ukrayna qarşıdurmasının davam etdiyi bir dövrdə Azərbaycanla Türkiyənin Avropanın enerji təhlükəsizliyi baxımından nə qədər mühüm ölkələr olduğu xüsusi vurğulandı. Forumda bununla bağlı fikir mübadilələri də aparıldı.

Tədbirin əsas istiqamətlərindən biri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi, qarşılıqlı qazanc prinsipini təbliğ etmək idi. Bu, bir növ Türkiyənin Foruma vurduğu möhür oldu. Forumda, eyni zamanda, dünyada baş verən müxtəlif münaqişələr də müzakirə olundu, problemlərdən çıxış yolları axtarıldı. Tədbirin əsas məqamlarından biri o oldu ki, gənc nəslin dünyanın, diplomatiyanın gələcəyinə baxışları barədə fikirlərini ifadə etməsinə imkan yaradıldı. Forumu digər bu kimi tədbirlərdən fərqləndirən əsas məqam isə burada dünyanın müxtəlif ölkələrində baş verən qarşıdurmalardan diplomatiya vasitəsilə çıxış yollarının araşdırılması oldu. Bütün bunları nəzərə aldıqda tam əminliklə demək olar ki, tədbir çox faydalı və məhsuldar keçirildi.

Ən aktual məsələlərdən biri böhranların idarə olunması, onların beynəlxalq münasibətlərin gündəmindən çıxarılması, bütövlükdə böhranların, münaqişələrin qarşısının alınması məsələsi idi. Heç də təsadüfi deyil ki, Forumun əsas mövzusu böhranlar dövründə diplomatiyanın önə çıxarılmasına həsr olunmuşdu. Hər hansı bir konfliktin həll olunmaması, onun yaranmasında diplomatiyanın passivliyi ön plandadır. Nəticə etibarı ilə yaranan böhranlar da  sonradan elə diplomatik səylərlə aradan qaldırılır. Deməli, böhranları yarandığı ilk mərhələdəcə həll  etmək olar. Bu mənada, Antalya Diplomatik Forumu beynəlxalq münasibətlərdə yeni gündəm kimi səciyyələndirilə bilər. Azərbaycan üçün də bu məsələlər aktualdır.

Digər aktual mövzu türk dünyasında institutlaşma mövzusu oldu. Azərbaycan Prezidentinin andiçmə mərasimində Türk Dövlətləri Təşkilatının (TDT) gələcəyi ilə bağlı səsləndirdiyi fikirlərin Antalya Diplomatiya Forumunda öz əksini bu şəkildə tapması həm Bakının, həm də TDT-nin ümumi maraqlarına cavab verir. TDT-nin tam institutlaşmış beynəlxalq təşkilata çevrilməsi üçün hələ müəyyən məsafə qət edilməlidir. Türk dünyasında TDT-nin institutlaşdırılması məsələsi qarşıda dayanan əsas məsələlərdir. Digər məsələlər sırasında beynəlxalq səviyyədə güclənən irqçilik, qida təhlükəsizliyi məsələləri, qloballaşan dünyada elm və texnoloji diplomatiyanın rolu, dəyişən dünyada təhlükəsizlik tədbirlərinin artması kimi məsələlər də müzakirə olundu. Azərbaycan da dünya ölkələri kimi bu sayaq problemləri yaşamaqdadır. Çünki hələ də regionumuzda qalıcı sülhə nail olmaq mümkün olmayıb. Antalya Diplomatiya Forumu bu mənada yaddaqalan mühüm diplomatik-siyasi hadisə oldu.

Cavid Əkbər, “İki sahil”