Artan iqtisadi gücümüz ölkəmizi regionun söz sahibinə çevirib
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 21 ildə ölkəmiz iqtisadi inkişafda çox mühüm uğurlar qazanıb. Ulu Öndərin «İqtisdiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisini daim diqqətdə saxlayan ölkə başçısı yaxşı bilirdi ki, digər sahələrin də inkişafı məhz güclü iqtisadiyyatdan bəhrələnir. Xatırladaq ki, məhz 2003-cü ildə Azərbaycanda ümumi daxili məhsulun dəyəri 7,1 milyard manat olduğu halda, 2023-ci ildə 134,7 milyard manat təşkil edib. 2023-cü ildə 2003 illə müqayisədə bu artım 16,8 dəfə olub. Ümumiyyətlə, 20 il ərzində ölkə iqtisadiyyatı 3,4 dəfə, ÜDM 22 dəfə artıb. Qeyri neft-qaz sektorunda ÜDM-in həcmi 2003-cü ildəki 4,4 milyard manatdan 2023 -cü ildə 69,8 milyard manata çatdırılıb.
Ən başlıcası isə 20 il əvvəl regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrasına başlayarkən Azərbaycan 1,6 milyard ABŞ dolları strateji valyuta ehtiyatlarına malik idi. Ötən il isə valyuta ehtiyatlarımız 67 milyard ABŞ dollarına çatıb ki, bu da təxminən 41 dəfə artım deməkdir. Bu müddətdə Neft Fondunun aktivləri isə 820 milyon ABŞ dollarından 55 milyard ABŞ dollarına yüksəlib. Neft Fondunun vəsaitlərinin artımı ölkə iqtisadiyyatına investisiya yatırımlarının yüksəldilməsi üçün şərait yaradıb. Belə ki, 2003-cü ildə bu göstərici 4,33 milyard ABŞ dolları idisə, 2023-cü ildə investisiyaların ümumi həcmi (bütün mənbələr üzrə) rekord həddə çataraq 29,135 milyard manata çatıb.
Ölkəmizin xarici ticarət dövriyyəsi 2003-cü ildə 5,2 milyard ABŞ dolları olubsa bu göstərici 2023-cü ildə 56 milyard 212 milyon ABŞ dollarınadək yüksəlib. Maliyyə imkanları yaxşılaşdıqca xarici borclanmadan da asılılıq xeyli azalıb. Belə ki, 2003-cü ildə xarici borcun ÜDM-də payı 21,6 % olduğu halda, 2023-cü ildəbu rəqəm 9,5 % təşkil edib.
Prezident İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri regionların inkişafıdır ki, bu da təsadüfi deyil. Davamlılığın və mühüm makroiqtisadi nəticələrin əldə olunması, eyni zamanda, regionların inkişaf etdirilməsindən ibarətdir. Dövlətimizin başçısı regionların inkişafı ilə bağlı əsas istiqamətləri dəfələrlə qeyd edib və ötən 20 ilin yekunları göstərir ki, bu istiqamətlər Dövlət proqramlarının icrası ilə uğurla həyata keçirilib. Belə ki, 2003-cü ildə əkin sahələri 1,22 milyon hektar təşkil edirdisə, bu rəqəm 2023-cü ildə 1,63 milyon hektar olub. Həmçinin 2003-cü ildə kənd təsərrüfatında istehsalın dəyəri 1 milyard 450,5 milyon manat olubsa, 2023-də bu göstərici 10 milyard 984,2 milyon manata çatıb.
Bu gün Azərbaycan istehsalı olan məhsullar «Made in Azerbaijan» brendi adı altında Asiya ölkələrindən Avropaya qədər yüzlərlə dövlətə ixrac edilir. Bundan başqa, son 20 ildə informasiya- kommunikasiya texnologiyalarının (İKT) inkişafı isiqamtində də böyük uğurlar qazanılıb. Belə ki, bu dövrdə ölkəmizin beynəlxalq kosmik ailənin üzvü olması ən möhtəşəm uğurlarımızdan biridir. Artıq fəzada müstəqil dövlətimizin peykləri uçur və biz öz kosmik xidmətlərimizi dünyaya ixrac edirik. Ölkəmiz 2003-cü ildə rabitə və İKT-də 93,2 milyon manat gəlir əldə edibsə, 2023-cü ildə bu rəqəm 1 milyard 400 milyon manat olub. Mobil rabitədə abonentlərin sayı 2003-də 1 milyon, 2023-də 11 milyon təşkil edib.
Demək olar ki, artıq Azərbaycanın bütün nöqtələrində internet əlçatanlığı təmin olunub, insanlar sürətli internet çıxışı əldə edib. Artıq Azərbaycan əhalisinin 85 faizi internetdən istifadə edir. 2003-cü ildə isə bu rəqəm 5 faiz idi. İnternet şəbəkəsində abonentlərin sayı 2005-ci ildə 400 min nəfər olubsa, 2023-cü ildə 8,4 milyon nəfərə çatıb. 2023-cü ilin mart ayında ölkəmiz «Speedtest» Qlobal İndeksində mobil internetin sürətinə görə dünyanın 140 ölkəsi arasında 54-cü yerdə qərarlaşması da təsadüfi deyil.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərinin həm keçdiyi, həm kəsişdiyi bir məkana çevrildi. Ötən 20 ildə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi, ölkəmizdəki bütün hava yollarının yenidən qurulması, avtomobil yollarının genişləndirilməsi, Xəzər dənizində üzən gəmi və bərələrimizin sayının artırılması, Bakıda Beynəlxalq Dəniz Limanının işə salınması, Ələt Azad İqtisadi Zonasının yaradılması buna bariz nümunədir. Azərbaycanın bu sahədə də uğurlu statistik göstəriciləri var. Belə ki, 2003-cü ildə ölkəmizdən 110 milyon ton həcmində yük daşınıbsa, 2023-ci ildə bu rəqəm 220,7 milyon ton olub. 20 il ərzində beynəlxalq yükdaşımadan 8 milyard 634 milyon manat gəlir əldə edilib.
Beynəlxalq iqtisadt təşkilatların araşdırmalarına görə, Azərbaycan son 20 ildə iqtisadi-sosial uğurlarına görə dünyanın yuxarı orta gəlirli ölkələri qrupuna daxil olub.
Elçin Zaman, «İki sahil»