İqtisadçı: Müasir texnologiyaya keçid fermerin investisiya yükünü azalda bilər
Azərbaycanın kənd təsərrüfatı sektorunda yeni inkişaf mərhələsinə keçidi təmin edəcək hüquqi çərçivənin formalaşdırılması istiqamətində mühüm addım atılır. Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanaraq ictimai müzakirəyə təqdim edilən “Aqrar sahə haqqında” yeni qanun layihəsi kənd təsərrüfatında mövcud münasibətlərin daha sistemli şəkildə tənzimlənməsi və qarşıdakı dövrün inkişaf hədəflərinin hüquqi müstəvidə təmin edilməsi baxımından diqqət çəkir.
Yeni qanun layihəsinin hazırlanması təsadüfi deyil. Son illərdə aqrar sektorun inkişafı ilə yanaşı, kənd təsərrüfatında istehsal və emal imkanlarının genişləndirilməsi, müasir texnologiyaların tətbiqi, fermerlərin maliyyə imkanlarının artırılması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və aqrar məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində yeni yanaşmalar formalaşıb. Bu dəyişikliklər isə aqrar sahəni tənzimləyən hüquqi bazanın da müasir tələblərə uyğunlaşdırılmasını zəruri edir.
Hazırda qarşıya qoyulan əsas məqsədlərdən biri yalnız kənd təsərrüfatında istehsal həcmini artırmaq deyil, eyni zamanda daha məhsuldar, texnoloji və rəqabətqabiliyyətli aqrar sektor formalaşdırmaqdır. Bu baxımdan "2026–2030-cu illər üzrə aqrar sahənin inkişafına dair Dövlət Proqramı" xüsusi əhəmiyyət daşıyır. Proqramda kənd təsərrüfatının istehsaldan emala, maliyyələşmədən ixraca qədər müxtəlif istiqamətlərini əhatə edən tədbirlər nəzərdə tutulub.
Yeni qanunun da məhz bu dəyişikliklərin hüquqi çərçivəsini daha da sistemləşdirməsi gözlənilir. Söhbət yalnız mövcud qaydaların yenilənməsindən deyil, aqrar sahədə bir sıra anlayışların və münasibətlərin daha dəqiq müəyyənləşdirilməsindən, dövlət dəstəyi mexanizmlərinin inkişaf etdirilməsindən və sektorun uzunmüddətli inkişafı üçün daha aydın hüquqi baza yaradılmasından gedir.
İqtisadçı Akif Nəsirli mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında bildirdi ki, burada əsas məsələ qanunun adından çox onun fermerin gündəlik iqtisadi fəaliyyətinə necə çevriləcəyidir: "2026–2030-cu illəri əhatə edən Dövlət Proqramında da aqrar sahədə normativ bazanın təkmilləşdirilməsi, güzəştli maliyyələşmə, subsidiya mexanizmləri, emal və ixrac imkanlarının genişləndirilməsi ayrıca istiqamətlər kimi müəyyənləşdirilib.
Fermer üçün ən real dəyişiklik subsidiyaların sadəcə verilməsi deyil, onların məhsuldarlıq, suvarma, sığorta, keyfiyyət və bazara çıxış kimi göstəricilərlə daha sıx əlaqələndirilməsi ola bilər. Məsələn, 2026-cı il üçün yeni mexanizmdə müasir suvarmadan istifadə edən bəzi fermerlər üçün daha yüksək subsidiya müəyyənləşdirilib, müəyyən meyarlara cavab verən təsərrüfatlara isə əkin subsidiyasının 30 faizinin avans şəklində ödənilməsi nəzərdə tutulub".
İqitsadçı qeyd etdi ki, investisiya baxımından da istiqamət daha çox müasir texnologiyaya keçidi stimullaşdırmağa yönəlib: "Suvarma sistemləri, soyuducu anbarlar, siloslar, günəş panelləri və digər texnoloji avadanlıqlar üzrə güzəştlərin artırılması fermerin ilkin investisiya yükünü azaltmağa hesablanıb. Bundan başqa, 2027-ci ildən müəyyən müasir heyvandarlıq və balıqçılıq təsərrüfatları üçün kredit faizlərinin və investisiya layihələrinin subsidiyalaşdırılması nəzərdə tutulur.
Məhsulun bazara çıxarılması isə qanunun ən həssas tərəflərindən biri olacaq. Fermer üçün əsas problem yalnız məhsul istehsal etmək deyil, onu vaxtında, itkisiz və sərfəli qiymətə satmaqdır. Bu baxımdan soyuducu anbarların, emal müəssisələrinin, tədarük sisteminin və aqrar ticarət infrastrukturunun inkişafı məhsuldarlıq qədər vacibdir. Dövlət Proqramında aqrar istehsal və emal müəssisələrinin enerji, su və qaz təminatına çıxışının yaxşılaşdırılması, həmçinin yeni istixanaların və intensiv bağların dəstəklənməsi də nəzərdə tutulur".
A.Nəsirli vurğuladı ki, digər mühüm yenilik ixrac potensialı ilə bağlıdır: "Fermerin məhsul istehsal etməsi artıq kifayət etmir; beynəlxalq bazara çıxmaq üçün keyfiyyət və qida təhlükəsizliyi standartlarına cavab vermək lazımdır. Yeni subsidiya mexanizmində Global G.A.P., HACCP, FSSC 22000, GRASP, BRCGS, FSMA və beynəlxalq orqanik sertifikatların alınmasına 7 min–36 min manat arasında dəstək nəzərdə tutulması bu istiqamətdə atılan mühüm addımdır.
Amma qanunun fermer üçün real iqtisadi nəticəsini qiymətləndirərkən bir məqamı xüsusilə nəzərə almaq lazımdır: dövlət dəstəyinin artması avtomatik olaraq fermer gəlirinin artması demək deyil. Gəlirlilik üçün məhsuldarlıq artımı ilə yanaşı, istehsal xərclərinin azalması, məhsulun satış qiymətinin sabitliyi, logistika və tədarük zəncirinin yaxşılaşması lazımdır. Əks halda subsidiya fermerin gəlirini artırmaq əvəzinə artan maya dəyərinin müəyyən hissəsini kompensasiya edən mexanizmə çevrilə bilər".
İqtisadçı sonda diqqətə çatdırdı ki, yeni aqrar qanunun əsas sınağı fermerə nə qədər subsidiya verilməsi yox, fermerin subsidiyadan asılılığını azaldaraq onun bazar gəlirlərini artırıb-artıra bilməməsi olacaq. Əgər yeni mexanizmlər məhsuldarlığı yüksəldərsə, maliyyəyə çıxışı asanlaşdırar, sığorta və investisiya risklərini azaldarsa, məhsulun emal və satış imkanlarını genişləndirərsə, zaman fermer üçün real iqtisadi dəyişiklikdən danışmaq mümkün olacaq.
Nigar Orucova, "İki sahil"
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir
Prezident İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurda 1500 kilometrə yaxın yol tikilib
Pərviz Şahbazov: Energetika sektorunda rəqabətin inkişafı enerji təhlükəsizliyi və istehlakçı maraqları ilə uzlaşdırılmalıdır
ASA "Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı" ilə bağlı tədbirində iştirak edib