13 mart 2024 12:41
458

Vergi orqanlarının vəzifəli şəxslərinin sosial təminatıyla bağlı əlavələrin maliyyə tutumu açıqlanıb

Dəyişikliklərin maliyyə tutumu 4,9 milyon manatdır.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

O bildirib ki, vəzifə maaşları və vəzifə maaşlarına əlavələr müəyyən olunarkən Maliyyə Nazirliyi ilə danışıqlar aparılır: “Bu dəyişikliklər maliyyə ekspertizasından keçir. Faktiki vergi orqanlarında çalışan vəzifəli şəxslərin (Naxçıvan istisna olmaqla) sayı 2718-dir. Bütün sosial təminatla bağlı fəslin tətbiq olunacağı halda dəyişikliklərin maliyyə tutumu 4,9 milyon manatdır”.

Qeyd edək ki, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə təklif edilən dəyişikliyə əsasən, vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. Beləliklə, həqiqi dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 60 manatdan 200 manata, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 54 manatdan 180 manata, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 51 manatdan 160 manata, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (3-cü dərəcəli dövlət ədliyyə müşaviri) xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 48 manatdan 145 manata, baş vergi xidməti müşaviri (baş ədliyyə müşaviri) xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 45 manatdan 130 manata, vergi xidməti müşaviri (ədliyyə müşaviri) xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 42 manatdan 115 manata, kiçik vergi xidməti müşaviri (kiçik ədliyyə müşaviri) xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 39 manatdan 100 manata,

1-ci dərəcəli müfəttiş (1-ci dərəcəli hüquqşünas) xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 36 manatdan 80 manata, 2-ci dərəcəli müfəttiş (2-ci dərəcəli hüquqşünas) xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 33 manatdan 65 manata, 3-cü dərəcəli müfəttiş (3-cü dərəcəli hüquqşünas) xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 30 manatdan 55 manata qaldırılır.