Ölkəmizdə kənd təsərrüfatının inkişaf tempi dünya üzrə orta göstəricidən yüksəkdir
Bir çox ölkələr kimi, Azərbaycan da güclü iqtisadiyyat qurmaq üçün öz təbii resurslarından faydalanır. Bu resurslardan əldə etdiyi maliyyə axını hesabına iqtisadiyyatının uğurla şaxələndirilməsi istiqamətində bir çox tədbirlər görür. Gənc ölkə olmağımıza baxmayaraq, qeyri-neft sənayesi, tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya- kommunikasiya texnologiyaları sektorlarında davamlı artım tendensiyası hökm sürməkdədir.
Qeyri-neft ixracının artmasında xüsusi rol oynayan sektorlardan biri də kənd təsərrüfatıdır. Kənd təsərrüfatı Azərbaycanın ənənəvi istehsal sahəsidir. Burada tarixən əkinçilik, maldarlıq, üzümçülük, ipəkçilik və meyvəçilik geniş yayılıb. Hələ keçmiş dövrlərdən ölkəmizdən Avropaya və Şərqə yüksək keyfiyyətli şərablar, xalça, gön-dəri, ipək məhsulları ixrac edilməyə başlanılıb.
21-ci əsrdə də kənd təsərrüfatı ölkənin iqtisadi tərəqqisində müsbət impuls yaradır. Eyni zamanda, əlavə sosial problemlərin həll edilməsi yönündə, xüsusilə məşğulluq səviyyəsinin artırılmasında da uğurlu nəticələr verir. Ölkədə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan, məqsədyönlü və ardıcıl Dövlət proqramları həyata keçirilir.
Dövlət başçısı tərəfindən kənd təsərrüfatının inkişafının prioritet elan edilməsi, çoxşaxəli dövlət dəstəyi sisteminin yaradılması və ardıcıl olaraq genişləndirilməsi, islahatların dərinləşdirilməsi aqrar sahənin uzunmüddətli dinamik inkişafını təmin edir. Bütün bunların nəticəsində son illərdə kənd təsərrüfatı məhsullarının əsas növlərinin istehsalı artıb, ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi xeyli yüksəlib. Təkcə onu qeyd etmək kifayətdir ki, son 20 ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 2 dəfədən çox artıb, qeyri-neft sektorunda yaradılmış əlavə dəyərin orta hesabla 10 faizi aqrar sahənin payına düşür.
Məlum olduğu kimi, aqrar sahənin inkişafının maliyyə dəstəyi göstərilməsi mühüm əhəmiyyət kəsb edir. Digər sahələrdə çalışan sahibkarlarla yanaşı, fermerlərə də güzəştli kreditlər verilir. Bu vəsaitdən səmərəli istifadə edən fermerlərin bir çoxu öz təsərrüfatlarını genişləndirirlər. Artıq ölkədə onlarla iri fermer təsərrüfatı fəaliyyət göstərir. Dünyanın qlobal ərzaq problemi ilə üz-üzə qaldığı vaxtda aqrar sahənin inkişaf etdirilməsi ölkəmizdə həyata keçirilən iqtisadi siyasətdə strateji istiqamət elan olunub.
Ötən dövrdə ölkədə bitkiçilik məhsullarının istehsalında 53 faiz, heyvandarlıq məhsullarının istehsalında isə 42,5 faiz artım qeydə alınıb. Bu da kənd təsərrüfatı və ərzaq məhsullarının ixracının təqribən 30 faiz artmasına imkan yaradıb.
Kənd təsərrüfatında istehsalın artması Azərbaycanın ixrac imkanlarının da genişlənməsinə səbəb olub. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən il ölkəmiz 969,2 milyon dollarlıq aqrar və aqrar-sənaye məhsulları ixrac edib ki, bu da 2022-ci ilə nisbətən 6,2 faiz artım deməkdir. Yeri gəlmişkən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın məlumatına görə, qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər 3,2 faiz artaraq 201 milyon ABŞ dolları təşkil edib.
İxracın strukturunda kənd təsərrüfatı məhsullarının payının artması 2024-cü ilin ilk ayında da müşahidə olunub. “İxrac icmalı”nın fevral buraxılışında yer alan məlumata əsasən, cari ilin yanvar ayında yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz artaraq 70,4 milyon ABŞ dollarına bərabər olub. Hesabat dövründə bitki və heyvan mənşəli piylər və yağların ixracı 31,9 faiz, meyvə-tərəvəz ixracı isə 21,2 faiz artıb. Yanvar ayı ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,5 faiz artaraq 74,1 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə isə, ilin ilk ayında qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər 15,4 milyon ABŞ dollara bərabər olub.
Nigar Orucova, “İki sahil”