14 mart 2024 23:29
610

Bakı qlobal problemlərin müzakirə olunduğu məkana çevrilib - COP29

Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, məqsədyönlü və dərin elmi əsaslara söykənən uğurlu siyasət nəticəsində son illərdə Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb, ölkəmiz etibarlı tərəfdaşa, aparıcı regional və qlobal aktora çevrilib. Qarabağ Zəfəri Azərbaycanın dünyada yerini və mövqeyini daha da gücləndirib.

Mübaliğəsiz demək olar ki, hazırda ölkəmiz dünyanın diqqət mərkəzinə çevrilib. Təbii ki, beynəlxalq aləmin diqqətinin Azərbaycana yönəlməsində ölkəmizin geosiyasi, starteji mövqeyi, zəngin təbii sərvətləri, eləcə də respublikamızın dünyada sabitlik adası, inkişaf məkanı olması kimi amillər mühüm yer tutur.

Bu, bir gerçəklikdir ki, ölkəmizin bütün bəşəriyyəti düşündürən problemlərin həlli yollarının tapılması baxımından səmərəli müzakirələr platforması olan möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi artıq ənənə halını alıb. Danılmaz faktdır ki, Azərbaycan dəfələrlə qlobal əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi etməklə liderlik keyfiyyətlərini nümayiş etdirib.  Bu mənada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu il Azərbaycanda keçirilməsi ilə əlaqədar dünya ölkələri tərəfindən qəbul edilən qərar ölkəmizə göstərilən böyük etimad və hörmətin bariz nümunəsidir. Müxtəlif mövzularda beynəlxalq konfranslara və forumlara ev sahibliyi etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun getdikcə daha da artdığının əyani təsdiqidir. Dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədəki nitqində dövlətimizin başçısı bildirib ki, dünya ölkələrinin qərarına əsasən COP 29-un Azərbaycanda keçirilməsi ilə ölkəmizə növbəti dəfə böyük etimad və hörmət göstərilmişdir: “Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı”.

Azərbaycan iqlim dəyişikliyi ilə bağlı COP29-a qədər də uğurlu addımlar atıb.  Belə ki, 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Azərbaycan 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasının 35 faiz, 2050-ci ilə qədər 40 faiz azaldılmasını hədəf kimi götürüb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Bu ərazilərdə yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin digər dünya ölkələrinə nəqli Azərbaycanın hədəf götürdüyü enerji siyasətinin prioritetidir.

Təcavüzkar Ermənistanın 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarında ekologiya, biomüxtəliflik, yaşıllıqlar vəhşicəsinə məhv edilib, yandırılıb, təbii sərvətlərimiz talanıb. Həmin ərazilərdə törədilən ekoloji terror, əhalinin sudan məhrum edilməsi, transsərhəd çayların qabağının alınması və çirkləndirilməsi, su anbarlarının baxımsızlıqdan qəza vəziyyətinə düşməsi ilə ətrafdakı yaşayış məntəqələri və yüz minlərlə əhalinin təhlükə altında qalması Ermənistanın ölkəmizə qarşı törətdiyi təcavüzdür. Qırx dörd günlük Vətən müharibəsində erməni işğalına son qoyan Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda uzun illərdən bəri davam edən ekoloji terrorun da qarşısını aldı. Bütün bunların fonunda Ermənistanın işğal dövründə Azərbaycan ekologiyasına vurduğu ağır zərbənin dünya birliyinə daha yaxından çatdırılmasında COP29 əlverişli beynəlxalq platforma kimi mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib ki, COP29 konfransının keçirilməsi Azərbaycanın yaşıl keçid istiqamətində göstərdiyi səylərin nəticəsidir: “COP29 bizim üçün birinci fürsət olacaq ki, ölkə müstəqil yaşayır və uğurla inkişaf etdir. Bu, əslində bizim düzgün siyasətimizin təzahürüdür və Azərbaycan son otuz il ərzində bu siyasəti aparır. Praktiki baxımdan bu, həmçinin bizim üçün belə bir fürsət olacaq ki, həmrəyliyə öz töhfəmizi verək”.

Əminliklə demək olar ki, Azərbaycan COP29 beynəlxalq konfransına yüksək səviyyədə ev sahibliyi edəcək. Bu beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın qlobal ekoloji liderliyə sadiqliyini, iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq səylərə töhfə verməyə hazır olduğunu daha yaxından nümayiş etdirəcək. COP29 iqlim dəyişikliyi və “yaşıl” siyasət üzrə ictimai məlumatlılığnı artırılmasında, milli və qlobal səviyyədə iqlim fəaliyyətinə dəstəyin səfərbər edilməsində vacib rol oynayacaq. Həmçinin Azərbaycanın neft-qaz ölkəsi kimi bu sahədə inkişafı, yaşıl enerji növlərinin yaradılması və onun dünya bazarlarına nəqli hazırda respublikamızın enerji siyasətinin prioritet istiqamət olduğunu bir daha dünyaya nümayiş etdirəcək. COP29-la bağlı 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək.

Zahid Rza, “İki sahil”