BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP-un (Conference of Parties) ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir. COP-a sədrlik rotasiya əsasında BMT-nin 5 regionunun - Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropa ölkələrinə keçir. Həmçinin bu regionlardakı qrup ölkələri arasında da sədrliklə bağlı növbələşmə mövcuddur. Azərbaycanın təşkilata sədrliyinə dair qərar da məhz Şərqi Avropa Qrupu ölkələrinin yekdil rəyi əsasında verilib. Qeyd etmək yerinə düşər ki, COP29-a ev sahibliyi üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürmüşdülər. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində ötən il dekabrın 7-də verilmiş birgə bəyanatda elan olunub ki, Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb. Bundan sonra Bolqarıstan da öz namizədliyi ilə bağlı eyni addımı atıb.
Ötən hər gün bizi payızda ölkəmizdə keçiriləcək COP29 tədbirlərinə yaxınlaşdırır. Müzakirə mövzusuna görə bu tədbir bəşəriyyətin dəhşətli təbii fəlakətlərdən xilas edilməsi baxımından çox qiymətlidir. Son bir əsr müddətində on milyonlarla insanın müharibələrdə qırılmasına gətirib çıxaran irimiqyaslı döyüş əməliyyatlarında işlədilən dağıdıcı bombaların və raketlərin partlaması nəticəsində Yer kürəsinə ciddi ziyan dəyib. 1945-ci ildə ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası atması, 1986-cı ildə Ukraynadakı Çernobıl Atom Elektrik Stansiyasının partlaması öz zərərli təsirini hələ də göstərməkdədir. Təkcə bu iki hadisənin dünya xalqlarına dəhşətli fəlakətlər yaşatdığını bilməyən yoxdur. Kosmik fəzaya buraxılan süni peyklər Yer planetinin atmosferinin pozulmasına ciddi təsir göstərmişdir. Nəticədə Yer kürəsini səmavi fəlakətlərdən qoruyan ozon qatı deşilmiş və beləliklə də planetin dağılma, öz məhvərindən çıxmaq qorxusu yaranmışdır. Artıq alimlər, ictimai-siyasi xadimlər "həyəcan təbili" çalmaqdadırlar.
"Düşünürəm ki, bundan öncəki COP tədbirlərində əldə olunmayan nailiyyətlər, Azərbaycanda COP29 tədbirində əldə olunacaq."
Bu sözləri Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev deyib. O qeyd edib ki, COP29 dünyanın ən mühüm və əsas tədbirlərindən biri olacaq. Buradakı məsələlər nəinki bu gün, həmçinin gələcəyimizlə də əlaqəlidir. Azərbaycan çox iddialıdır və bütün planeti birləşdirən bir tədbirə ev sahibliyi edəcək. Biz inanırıq ki, bunun öhdəsindən layiqincə gələcək. Amma böyük bir sual var ki, digər ölkələr konsensus üçün razılaşmağa hazırdırmı? İnandırıcıdır ki, çalışmalar, dünyanın müxtəlif yerlərindən Azərbaycana gələcək dövlətlərin, hökumətlərin rəsmiləri arasında olacaq müzakirələr, danışıqlar və razılaşmalar öz müsbət nəticəsini verəcək. Vurğulamaq lazımdır ki, Azərbaycan bu sahədə nümunə göstəriləcək addımlar atıb və yaşıl enerjidən istifadə istiqamətində fəaliyyət göstərməkdədir.
“Bizim artıq siyasi sənədlərdə qalan sözlərə ehtiyacımız yoxdur. Hərəkət etməliyik, sözləri praktikaya çevirməliyik. İqlimlə bağlı nəticəyə, razılaşmaya, maliyyəyə və qlobal konsensusa ehtiyacımız var. Azərbaycan da bunun üçün səy göstərir", - deyə sabiq Prezident bildirib.
Bəli, nəhayət, razılığa gəlinməlidir. Axı, Yer kürəsi hamımızın evidir. Onu qorumaq hamının borcudur. Hegemon dövlətlər öz hikkələrindən bir addım geri çəkilməlidirlər. Dünyanı şüurlu surətdə dağıtmaq haqqı heç kəsə verilməyib. Müharibələr dayandırılmalı, heç olmasa dağıdıcı atom silahlarının istehsalı qadağan olunmalıdır. Yer üzündə gələcək nəsillərin də yaşaması üçün zəngin dövlətlər bu çox vacib həyati məsələnin nizama salınması üçün dəhşətli silahların istehsalına ayırdıqları külli miqdarda maliyyə vəsaitlərini bu sahəyə yönəltsələr təhlükənin qarşısı alına bilər. Əks təqdirdə, dünyanı dağılmaq təhlükəsi gözləyər. Ona görə də həmin ölkələrin rəhbərləri Azərbaycanın təkliflərini qəbul etməli və gələcək həyat üçün töhfələrini verməlidirlər. Təhlükədən yalnız bir çıxış yolu var. Biganəlik, hegemonluq, müharibələr, nüvə sınaqları, əvvəlki səhvlərin təkrarı bütün sivil cəmiyyətin sonunu gətirə bilər. Nüvə müharibəsində dağıdıcı təsir gücü insanlar arasında heç bir fərq qoymadan hamını kütləvi surətdə məhv edər. Yəni, bunu başa düşmək beləmi çətindir?
Vəli İlyasov, “İki sahil”