44 günlük haqq savaşımızda Rəşad Arif oğlu Abdullayevi şəhidlik zirvəsinə ucaldan Vətən məhəbbəti olub. Çətin anda sinəsini ona sipər edib canı bahasına məkrli düşmənə layiqli cavab verə bilib. Yəni yağıya qan qusdurub, ürəyincə qisasını alandan sonra gözlərini yumub. Ölümsüzlüyə qovuşan Vətən sevdalısı əbədiyyət dastanı yazanda ömrünün 32-ci ilini yaşayıb. Onun ürəyində olan bütün istəklərin başında isə doğma Azərbaycanı azad, millətini, xalqını xoşbəxt görmək durub.
Rəşad Abdullayev 1988-ci il sentyabrın 14-də Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. Vətənə məhəbbət lap kiçik yaşlarında onun qəlb dünyasında özünə yer edib. Vətənpərvər ruhda boya-başa çatan Rəşad yaxşı işlərə, xeyirxah əməllərə tapınmaqla gələcəyə yol alıb. Vətəninə, xalqına fayda vermək, başqasına təmənnasız xidmət etmək onun həyat amalı olub.
Azərbaycanın müqəddəs bir parçası olan Qarabağın yağı tərəfindən işğalı əzəldən Rəşadın çiyinlərində ağır yükə dönüb. Bunun qisasını düşməndən almaq üçün hərbiçi olmağı ən düzgün peşə bilib. Odur ki, 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə (AAHM) oxuyub. Mükəmməl bilik qazanmaqla leytenant rütbəsi alıb. Damarında qeyrət qanı coşan Rəşad tam özünü hərbiyə bağlamaq məqsədilə Təlim və Tədris Mərkəzinin zabit kursunu da yüksək səviyyədə başa vurub Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində motoatıcı taboruna tank əleyhinə tağım komandiri göndərilib. Xidməti vəzifəsini layiqincə yerinə yetirib, qısa zaman kəsiyində əsgərlərin, zabitlərin sevimlisinə çevrilib. Bir ildən sonra XTQ kursu keçmək üçün ezam olunub, burada da iştirak etdiyi bütün sınaqlardan uğurla keçib. Olduqca Vətəninə bağlı, təmiz ürəkli, qeyrətli zabiti 8 iyul 2012-ci ildə Xüsusi Təyinatlı Qrupun komandir müavini vəzifəsinə təyin ediblər. Yaxşı döyüş hazırlığı Rəşada getdiyi kəşfiyyat əməliyyatlarında həmişə uğur qazandırıb. Bütün işlərə Vətənə məhəbbət, düşmənə nifrət hisi ilə başlayıb. Qəlbində əsarətdə olan Qarabağ torpaqlarını azad görmək alovu get-gedə güclənib. Xalqımıza məxsus əzəli torpaqların yada yurd olmağına dözməyən cəsur zabit 2014-2015-2017-2019-cu illərdə xarici ölkələrdə XTQ kurslarının, həmçinin qardaş Türkiyədə keçirilən “Tur-AZ Qartalı” təlimlərinin iştirakçısı olaraq adı ən peşəkar zabitlərin sırasında birinci çəkilib. Uğurlu xidmətləri nəzərə alınaraq “Azərbaycan Ordusunun 100 illiyi(1918-2018) “ və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) yubileyi, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medallara layiq görülüb.
Aprel döyüşlərində Rəşad birincilər sırasında odun-alovun içinə girib, yağıya qan qusdurub, əsl qəhrəman olduğunu sübut edib. Onun kimi igidlərin hesabına tezliklə Lələ təpə yüksəkliyində üç rəngli qələbə bayrağımız dalğalanıb. Bu qələbə həmdə 44 günlük haqq savaşımızın ilk təməl daşını qoyub. Tarix yazıb ağır sınaqdan üzüağ çıxan zabitimiz “Hərbi xidmətlərə görə medalla təltif olunub, kapitan rütbəsinə yüksəlib. Qərargah rəis, tabor komandiri vəzifələrində qaynar bölgələrdə xidmətini davam edib. Vətəni üçün yaşayıb, hər an uğrunda düşmənlə döyüşüb canından keçməyə belə hazır durub.
Nəhayət 2020-ci ilin 27 sentyabrında düşməndən qisas alaraq doğma Qarabağ torpaqları azad etmək məqamı yetişib. Kapitan Rəşad Abdullayevin hərbi dəstəsi Vətən müharibəsi başlanan günü qanlı döyüşlərə atılıb. Komandir öndə olmaqla erməni dığalarını qıra-qıra Murov dağına tərəf üz qoyulub. Qısa müddətdə qəhrəman Vətən sevdalıları 34 erməni postuna alıb, Murova Azərbaycan bayrağı sancılıb. Əsl qəhrəman ürək daşıyan sinəsinə güllə dəyib. Qaldı ki, meydandan çıxmayıb 20 saat yaralı halda yüksək döyüş məharəti göstərərək düşmənə sarsıdıcı zərbələr vurub. Onun şücaəti dəstəsinə qol-qanad verib, onlar yüksək əhval-ruhiyyə içində yalnız qələbəyə doğru aparıb.
Daha sonra Rəşad Abdullayev Ağdərədə, Kəlbəcərdə gedən ölüm-dirim savaşında hünər göstərib. 2020-ci ilin sentyabrın 29-da son damla qanına qədər döyüşüb şəhadətə yetib. Beləcə, Vətən sevgisi dillərdə əbədi dastana dönüb. Dövlət tərəfindən isə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına və “Vətən uğrunda“ medalları ilə təltif edilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Avropa Komissiyası sosial şəbəkələrdən istifadəyə yaş məhdudiyyəti təklif edəcək