Cəlilabadın Hacıcavadlı kəndində dünyaya gəlmiş Məcid Rafiq oğlu Məmmədov 44 günlük haqq savaşımızda misilsiz qəhrəmanlıq örnəyi göstərərək 18 yaşında əbədi olaraq adını şanlı tariximizə yazıb. Fəqət Məcid qeyrətli oğlanların sırasında özünü doğma Azərbaycana fəda etməklə xalqımızın 30 ilik torpaq həsrətinə son qoyulub. Vətən qarşısında son borcunu şərəflə verməsi bütün cəlilabadlılara başucalıq gətirib. İndi xalqın, millətin iftixar, qürur yeridir Məcid. Qərinələr keçəcək, gələcək nəsillərdə onun qısa həyat yolunu özlərinə örnək bilərlər.
Hələ uşaqlıqdan yağı düşmənə qarşı kin, nifrət bəsləyən Məcid Məmmədov əsgərlik yaşına çatanda sevinib. Elə 2020-ci ildə ordu sıralarına yola düşəndə birinci arzusu erməni dığalardan qisas almaq olub. Odur ki, qaynar bölgələrdə Vətənin keşiyində durmaq istəyib. Belə də olub. Cəbhə xəttində düşmənlə qarşı-qarşı əlində silah hər daşını, qayasını canından artıq bildiyi doğma Azərbaycanı göz-bəbəyi kimi qoruyub. İmkan düşəndə zəng edib ki, ana heç narahat olma. Tezliklə yağının ilan başını əzib üzüağ, Vətənin qalib oğlu olaraq yanına dönərəm. Onda sonra döşündən halal süd verdiyin oğlunun adı şirin dillərdə dastana dönər.
Qəlbi Vətən, torpaq sevdalı Məcidin cəsurluğu, çevikliyi əsgər yoldaşlarına nümunə göstərilib. Bütün hərbi təlimlərə həvəslə qoşulub, komandirlərin verdiyi tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirib. Vətənin müqəddəs parçası Qarabağın yada yurd olmasını heç cür qeyrətinə sığışdıra bilməyib. Odur ki, sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda sevinib, odlu-alovlu səngərə yollanıb. Və arzuladığı qələbəyə görə düşmənə qan qusdurmaq üçün əsl qəhrəmana dönüb.
İgid əsgər ilk gücünü Talış kəndində dığalara göstərib. Ölümdən qorxmadan vurduğu sarsıdıcı zərbələrlə onların xeyli sayda canlı qüvvəsini, texnikasını məhv edib. Sonra qələbə sorağı digər ağır müharibə meydanından gəlib. Yeni güc, qüvvə ilə döyüşdən-döyüşə atılıb. Neçə-neçə sınaqdan üzüağ çıxan Məcidin Suqovuşanın azad edilməsi uğrunda gedən qeyri-bərabər vuruşda göstərdiyi şücaət, igidlik onunla çiyin-çiyin vuruşan əsgər yoldaşlarına nümunə olub. Tökülən qanlar bahasına burada üç rəngli qələbə bayrağımız ucalananda böyük inamla deyib: “Artıq düşmənin belini qırmışıq. Qələbə bizimlədir.”
Məcid Məmmədov 1 oktyabr tarixində kəşfiyyat bölüyünün tərkibində növbəti şiddətli savaşda da yüksək döyüş məharəti nümayiş edib. Amma özünü bu səfər düşmən gülləsində qoruya bilməyib. Vətənin yaşaması naminə sinəsinə qabağa verib. 18 yaşında sevdalı ürəyi dayansa da, mənən əbədi yaşamaq üçün milyonların könül dünyasına köç edib.
Nəsibi Vətənin azadlığı naminə canını qurban verib əlçatmaz, ünyetməz göylərdən boylamaq səadət olan Məcid Məmmədov ölümündən sonra “Vətən uğrunda” və digər medallarla təltif edilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Avropa Komissiyası sosial şəbəkələrdən istifadəyə yaş məhdudiyyəti təklif edəcək