06 iyun 2024 13:29
451

Füzuli şəhərinin su təchizatı layihəsi 50 min nəfərin tələbatının ödənilməsinə hesablanıb - FOTO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən icra olunan Füzuli şəhərinin su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması layihəsi 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla Füzuli şəhərində 50 min nəfərin tələbatının ödənilməsinə hesablanıb. 

"İki sahil"in Füzuliyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) nümayəndəsi İlqar Tağıyev jurnalistlərə bildirib.

İ.Tağıyev məlumat verib ki, Füzuli şəhərini və ətraf kəndləri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə su mənbəyi olaraq subartezian quyuları seçilib: "Yeraltı su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 1 ədəd geoloji kəşfiyyat quyusu qazılıb. Mənbənin məhsuldarlığı və suyun keyfiyyət göstəriciləri şəhəri və ətraf kəndləri içməli su ilə təmin etməyə imkan verib. Bunu nəzərə alaraq rayonun Govşatlı kəndi yaxınlığında 15 subartezian quyusunun qazılması nəzərdə tutulub, artıq 3 quyunun qazılması başa çatdırılıb.

Agentliyin rəsmisi vurğulayıb ki, şəhərdə məskunlaşacaq əhalinin sayı artdıqca yeni quyuların qazılması təmin ediləcək.