01 iyul 2024 17:02
258

Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməli və Azərbaycanın şərtlərinə razı olmalıdır - RƏY

Artıq dörd ilə yaxındır ki, Azərbaycan və Ermənistan arasında  münasibətlərin normallaşması istiqamətində davam edən danışıqlar prosesi məhz Ermənistanın qeyri-adekvat mövqeyi səbəbindən nəticə tapmayıb.

 “Cənubi Qafqazda sabit sülhün bərqərar olması üçün Azərbaycanla sülh sazişi vacibdir”. 

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan albaniyalı həmkarı İqli Hasani ilə görüşündə deyib. A.Mirzoyan Ermənistanla Azərbaycan arasında münasibətlərin qurulması prosesi barədə həmkarına məlumat verib.

Lakin Ararat Mirzoyan unutmamalıdır ki, Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarına əsas maneələrdən biri də Ermənistanda ölkə konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəalardır.

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) bu məsələ ilə bağlı bəyanatında qeyd edilir ki, Ermənistan konstitusiyası və ona düzəlişlər ölkənin daxili işidir. Lakin bu beynəlxalq hüquqa və normalara ziddir, qonşu dövlətlərlə sülhə əsaslanan münasibətlər qurmaq məntiqinə uyğun gəlmir.

Nəzəri olaraq, əgər Ermənistan Konstitusiyasında Azərbaycan qarşı ərazi iddiaları olan müddəalar dəyişməzsə, gələcəkdə Ermənistan konstitusiyasının bu müddəalarından revanşist ideyalar üçün istifadə olunmasi, elədə də imzalana biləcək sülh müqaviləsinin də Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən ləğv olunmamasına heç bir təminat yoxdur.

Sülh danışıqları prosesi beynəlxalq təcrübəyə əsasən qarşılıqlı etimad tələb edir. Lakin Ermənistanın Azərbaycan qarşı mina terror davam edən bir şəraitdə, bu təbii ki sülh danışıqlarına maneə olan səbəblərdən biridir. Digər tərəfdən, işğaldan azad olunan ərazilərdə yenidənqurma, bərpa və quruculuq işlərinə mina terroru başlıca əngəldir. Minaların basdırılmasının əsas məqsədi daha çox soydaşlarımızın ölümünə səbəb olmaq, azad etdiyimiz ərazilərə qayıdışı ləngitməkdir. İşğaldan azad etdiyimiz ərazilərdə uzun illər ermənilər tərəfindən həyata keçirilən sözügedən mina terroru regionun ekosistemini də məhv etmişdir.

Son olaraq onu qeyd etmək lazımdır ki, 44 günlük müharibədən sonra Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi ən əsas prioritetlərdən sayılır. Bunun üçün isə Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməli, Azərbaycanın sülhə və əmin-amanlığa hədəflənən şərtlərinə razı olmalıdır.

Ramil İskəndərli,
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri