Azərbaycan müstəqillik illərində öz iqtisadi həyatında bir institusional yenilik etdi. Bu da Dövlət Neft Fondunun yaradılması idi. Bu Fondda məhz xarici şirkətlərlə imzalanmış neft-qaz layihələrindən dövlətin payına düşəcək mənfəətin toplanması, tranzit gəlirlər, yenə xarici şirkətlərlə birgə fəaliyətlər və bu gəlirlərin dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsinə yönəldilməsi üçün istifadəsi ilə bağlı belə bir məqsədi var. ARDNF 1999-cu ilin sonunda yaradıldı. O zaman yaradıldı ki, Azəri-Çıraq-Günəşli layihəsindən dövlət özünün ilk mənfəətini qazandı. Bundan 25 il keçir.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban bildirdi.
Ekspert qeyd etdi ki, bir layihənin uğurlu olub-olmamasını müəyyən etmək üçün gərək bir zaman keçsin, keçmişə baxasan, indiki durumunu, vəziyyətini müəyyənləşdirəsən, ondan sonra ona qiymət verəsən. Fəaliyyətə başlayandan az müddət sonra Dövlət Neft Fondunun 2001-ci ildə 281 milyon dollar vəsaiti var idi. Ümumilikdə, təxminən Dövlət Neft Fonduna 180 milyard dollara yaxın vəsait daxil olub. İndi bu Fondun 58 milyard dollar kapitalı var. Yerdə qalanı xərclənib və bunun 90 faizindən yuxarısı dövlət büdcəsinə transfertlər vasitəsilə xərclənib. Biz indi nəyi görə bilirik? Yəni biz Azərbaycan birinci ölkənin libasını dəyişmişik. İstər paytaxtın, istər regionların libası olsun. Yəni sosializmdən müasir dövrə keçidi təmin edə bildik. İkincisi indi biz bu keyfiyyət, yəni, kapitalizmə keçidi, bazar iqtisadiyyatı elementlərini dərinləşdiririk.
Üçüncüsü, biz məhz neftdən gələn gəlirlərdən infrastruktur layihələrinə böyük investisiyasını yatırdıq. Bu, yollar idi, söhbət avtomobil yollarından gedir. Bu, həmçinin dəmir yolları və hava yolları idi. Bu işlər hələ indi də davam etdirilir. Yəni, Azərbaycanın bu gün istər sərnişin daşıması və karqo yükdaşıma üzrə nüfuz qazanan aviaşirkəti var. Başqa bir tərəfdən biz dəniz donanmamızı Xəzərdə dominantlıq edən bir qüvvəyə çevirdik. Bakı şəhərindən köçürməklə Ələt kimi bir böyük, Xəzərdə analoqu, tayı-bərabəri olmayan bir beynəlxalq limana çevirdik. İndi təsəvvür edin ki, Bakıda qalsa, onun ekoloji fəsadları nə qədər olardı. Nəyə görə? Çünki gəmi varsa, demək, orada istər-istəməz yanacağın sızması vardır. Bakı da buxtadır, körfəzdir, orada da yığılır və insanlar hamısı neqativ təsirlərlə üzləşir. Yəni, bu kimi addımlar var və get-gedə daha da dərinləşir.
İlham Şaban vurğuladı ki, ən əsası bunu bir neçə dəfə dövlət başçısı da öz çıxışlarında qeyd edib, bizim neftimiz, neft gəlirlərimiz, Azəri-Çıraq-Günəşli layihəmiz olmasaydı, biz öz libasımızı, öz nüfuzumuzu və təsir dairəmizi genişləndirməsəydik, bu iqtisadi imkanlarımızı malik olmasaydıq, güclü ordumuz olmayacaqdı. Nəhayət, biz keçmiş Sovet İttifaqı respublikaları arasında yeganə ölkəyik ki, müstəqilliyimizi qazananda faktiki olaraq artıq təcavüzə məruz qalmışdıq. Hələ SSRİ dağılmamış qonşu ölkə tərəfindən respublikamıza qarşı təcavüz baş verdi. Azərbaycan Ordusu öz torpaqlarımızı işğaldan azad edə bildi. Ermənistanın 35 il davam edən hərbi təzavüzündən sonra 2023-cü ildə ilk dəfə rəsmi Bakı öz ərazilərimizdə suveren hüquqlarımızı tamamilə bərpa edə bildi. Bu, nəyin hesabınadır? Bu, Neft Fondunda cəmləşən kapitalın rasional xərclənməsinin real nəticəsidir.
Cavid Əkbərov, "İki sahil"