08 avqust 2024 01:57
698

İqlim dəyişmələrinə qarşı qlobal mübarizənin önündə gedən qüdrətli dövlət

Ölkəmiz COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirir

Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) cəmi bir neçə ay qalır. Noyabrda keçiriləcək bu mötəbər beynəlxalq tədbir diqqəti iqlim məsələlərinə yönəltməklə yanaşı, həm də Azərbaycanı bir daha dünyaya tanıdacaq, respublikamızın inkişaf nümunələrinin möhtəşəm təqdimatına çevriləcək.

Bu, bir önəmli faktdır ki, 1994-cü ildə  «Əsrin müqaviləsi»nə imza atmaqla dünyada etibarlı neft-qaz ölkəsi kimi tanınan Azərbaycan Dördüncü Sənaye İnqilabının baş verdiyi əsrdə də özünün energetika siyasətini uğurla «yaşıl enerji» istiqamətinə yönləndirir. Xüsusilə Vətən müharibəsindən sonra ölkəmiz  «yaşıl iqtisadiyyat»ın təşviqi və «yaşıl enerji»nin istehsalı sahəsində bir sıra vacib meqa layihələrə imza ataraq dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində yaxından iştirak edir. Bu mənada Azərbaycan neft və qazdan əlavə istehsal edilən alternativ enerjinin xaricə nəql olunması istiqamətində tərəfdaş ölkələrlə  mövcud əməkdaşlığı daha da genişləndirir.

Noyabrda gerçəkləşəcək COP29-da da ölkəmizin əsas hədəfi « yaşıl enerji» növlərinin yaradılması və onların dünya bazarlarına nəqlinin hazırda Azərbaycanın enerji siyasətində prioritet olduğunu dünyaya nümayiş etdirməkdir. Burada diqqət çəkən məqamlardan biri də tədbirin  Azərbaycanda keçirilməsinə dünya dövlətlərinin mütləq çoxluğunun mənəvi və siyasi dəstək verməsidir. Çünki Prezident İlham Əliyevin bu günədək yürütdüyü geosiyasi siyasətin dürüstlüyü və verdiyi vədlərə sadiqliyi xarici ölkələrin Azərbaycan dövlətinə və onun rəhbərinə inamını hər gün artırır.

Təəssüf ki, bütün bunların fonunda erməni diasporu və xarici ölkələrdəki bəzi siyasi qüvvələr  Azərbaycana qarşı təxribatçı hərəkətlərini davam etdirməkdədirlər. Prezident İlham Əliyevin dediyi kimi,  Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Belə ki, 2024-cü ildə dünyanın ən böyük və ən mühüm dövlətlərarası tədbirlərindən birinin Azərbaycanda keçirilməsi Fransadakı erməni havadarlarını ciddi narahat edib. Məhz buna görə də hələ ötən il bu ölkə COP29-un Azərbaycanda keçirilməsinin əleyhinə müraciət imzalayıb. Maraqlıdır ki, rəsmi İrəvan Azərbaycanın xeyrinə COP29 konfransına ev sahibliyi etmək üçün öz namizədliyini geri götürdyü, hətta Ermənistan rəhbərliyi Azərbaycanla birbaşa danışıqlar apardığı halda Fransa açıq şəkildə bu prosesi pozmağa çalışırdı.  Ancaq onlar ölkəmizin qüdrəti və möhtəşəm nüfuzu qarşısında gücsüzdürlər. Elə ona görə də COP29-un Azərbaycanda keçirilməsinə mane ola bilmədilər.

Ölkəmiz bu  mühüm qlobal konfransa ev sahibliyi etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirir və bununla da dünya səhnəsində fəal və nüfuzlu oyunçu kimi rolunu gücləndirir. Eyni zamanda, COP29-un Bakıda keçirilməsi ilə bağlı dünya ölkələri tərəfindən bir neçə gün ərzində qəbul edilmiş qərar beynəlxalq aləmdə Azərbaycana olan dərin etimadın və hörmətin sübutudur. Bu, ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş statusunu təsdiqləyir.

Təbii ki, COP29 həm də ona görə nəhəng beynəlxalq tədbir hesab edilir  ki, burada iştirakçıların sayının təqribən 70-80 min ola biləcəyi proqnozlaşdırılır.  Bu da bir önəmli faktdır ki, bu qədər qonağı qəbul etmək və onları yerləşdirmək böyük iqtisadi güc tələb edir. Lakin Azərbaycan dövləti ötən illərdə müxtəlif mövzularda keçirdiyi möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi edərkən ən güclü turizm infrastrukturu yaradıb. Bu səbəbdən də həm malik olduğumuz təcrübə, həm də geniş infrastruktur COP29-un yüksək səviyyədə keçiriləcəyinə inam yaradır. Bir sözlə, COP29 ölkəmiz üçün yalnız nüfuz deyil, həm də öz yüksək potensialını təqdim eimək imkanı olacaqdır.

Təbii ki, Azərbaycan ənənəvi enerjinin əsas ünvanlarından biri kimi tanınsa da, alternativ və bərpaolunan enerjiyə keçidi prioritet məqsədlərdən biri elan edib. Təsadüfi deyil ki, 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetdən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən olunub. Son illərdə isə Azərbaycan "yaşıl enerji"yə keçidi daha da sürətləndirmək üçün bu istiqamətdə investisiyalarını əhəmiyyətli dərəcədə artırıb. O cümlədən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində "ağıllı şəhər" və "ağıllı kənd" kimi innovativ yanaşmaların tətbiq edilməsi, su-elektrik stansiyalarının yaradılması göstərir ki, ətraf mühitin qorunması prioritetdir.

Bütün bunlar onu göstərir ki, Azərbaycan iqlim dəyişmələrinə qarşı qlobal mübarizənin önündədir. COP29-un Azərbaycanda keçirilməsində də bu amil və ən əsası Azərbaycanın özünün qlobal nüfuzu əsas rol oynayıb.

Eyni zamanda, COP29 respublikamız üçün yeni imkanlar deməkdir. Qeyd etdiyimiz kimi, Azərbaycanda bu istiqamətdə yönəldilən investisiyalar əhəmiyyətli dərəcədə artıb. Bu baxımdan COP29 çərçivəsində təqdim olunacaq layihələr yeni investisiyaların cəlbi baxımından respublikamız üçün faydalı olacaq və böyük dividendlər gətirəcək.

Elçin Zaman, «İki sahil»