23 sentyabr 2024 07:57
86

COP29 zamanı Bakı İqlim və Sülh Mərkəzinin təsis edilməsi və fəaliyyətə başlaması gözlənilir

“Bildiyiniz kimi, iqlim məsələləri ilə yanaşı COP29-un həm də beynəlxalq sülhə dəstək verməsi nəzərdə tutulub”.

"İki sahil" xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov deyib. O bildirib ki, bununla əlaqədar 15 noyabr Sülh, yardım və bərpa günü kimi müəyyənləşib və bu baxımdan bir sıra yüksək səviyyəli tədbirlərin keçirilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, BMT Baş Assambleyası çərçivəsində keçirilən tədbir həm də COP29 Sülh Gününə hazırlıq məqsədi daşıyır.

“COP29 zamanı Bakı İqlim və Sülh Mərkəzinin təsis edilməsi və fəaliyyətə başlaması gözlənilir. Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə tədbirimizdə bu mərkəzin yaradılmasında bizimlə birlikdə təşəbbüskar ölkələr eyni zamanda, BMT agentlikləri, beynəlxalq inkişaf qurumları və bankları iştirak edərək Bakı Mərkəzinin təsis olunmasını yüksək qiymətləndirirlər. Bu, bir daha COP29-un beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfənin sübutudur”, - deyə səfir qeyd edib.

O həmçinin bildirib ki, COP29-un Sülh, yardım və bərpa gününün gündəliyində 3 əsas və 1 bağlantı mövzusu olacaq: “Bunlar su qıtlığı, qida təhlükəsizliyi, torpaq deqradasiyas ımövzuları və onların törətdiyi fəsadlar nəticəsində iqlimlə bağlı miqrasiya məsələsidir. Bu gün dünyada 30 milyona yaxın insan iqlimlə bağlı qaçqın və məcburi köçkün vəziyyətindədir. Vəziyyət bu şəkildə davam edərsə, bu rəqəmin 260 milyona çatması gözlənilir. Sülh günündə, ümumilikdə COP29-da bu məsələlərlə əlaqədar strategiya, siyasət və praktiki addımların atılması nəzərdə tutulub. Bakıda tərəfdaşlarla birlikdə quracağımız İqlim və Sülh Mərkəzi bu məqsədə xidmət edən mühüm beynəlxalq alət olacaq”.