26 sentyabr 2024 09:15
464

Robert Sekuta: Bu il COP29 çətin mövzu seçib

“Düşünürəm ki, bu müzakirələrin aparılması iqlim dəyişikliyi ilə mübarizə, karbon qazınının azaldılması kimi uzunmüddətli prosesdə irəliyə doğru atılmış vacib addımdır”.

“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, “Hudson Partners” təşkilatının prezidenti Robert Sekuta deyib. O bildirib ki, COP29 bu il çətin mövzu seçib. “Bu maliyyə mövzusudur. Bu o deməkdir ki, hökumətlərdən, özəl sektordan, Dünya Bankı kimi çoxtərəfli inkişaf banklarından lazım olan vəsaiti necə formalaşdıracağımıza dair çoxlu müzakirələr aparılır. Əsas suallardan biri də odur ki, bu vasaiti hansı yolla əldə edəcəyik, bu maliyyəni kim alacaq? Biz həqiqətən karbon emissiyalarını azalda bilən və hamımız üçün daha təhlükəsiz gələcək yarada biləcək layihələri necə işə sala biləcəyik? Bunlar çox vacib məsələlərdir. Bunlar sadəcə quru müzakirələr kimi görünə bilər. Ona görə də bu müzakirələrdə yalnız vəsaitin təminatı deyil, fondu necə əldə edəcəyimiz və istifadə edəcəyimiz suallarını müzakirə etmək son dərəcə vacibdir”,- deyə Robert Sekuta əlavə edib.