“Nyu-York səfərimiz zəngin proqramla yadda qaldı”.
“İki sahil” xəbər verir ki, Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT Baş Assambleyası və İqlim Həftəsi çərçivəsində Nyu-Yorkda səfərdə olan COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev deyib. Onun sözlərinə görə, səfər zamanı Azərbaycan nümayəndə heyəti ümumilikdə 20-yə yaxın tədbir təşkil edib və 70-ə yaxın tədbirə qatılıb.
“Bütün tədbirlərdə və görüşlərdə Azərbaycan tərəfinin prioritetlərini bölüşdük, COP29-dan gözləntilərlə bağlı son vəziyyəti paylaşdıq. Səfər zamanı əsas məqsədimiz COP29-a dair gözləntilərlə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq idi. Səfər zamanı fürsətdən istifadə edərək BMT-nin yüksək səviyyəli rəsmiləri ilə də görüşmək imkanımız oldu. Bu bizə 10-11 oktyabr tarixində Bakıda keçiriləcək COP öncəsi tədbirdə dövlətlərin mövqeləri ilə bağlı geniş təəssürat yaratmağa imkan verir”, - deyə Baş danışıqçı qeyd edib.