Məktəblilər arasında zorakılığa, aqressiyaya məruz qalma halları hələ də günümüzün aktual problemlərindədir. Bullinq adlandırılan bu hal məktəblilərin bir-birinə mənəvi və fiziki üsulla təzyiq göstərməsi ilə müşahidə olunur. Uşaqların həmyaşıdlarına qarşı düşmənçilik münasibəti, onların üzərində güc tətbiq etmələri bullinq qurbanında özlərini müdafiə etməkdə çətinliyə, özgüvən əskikliyinə, təkliyə meyilli olmağa, yad insanlar tərəfindən asanlıqla aldadılmağa səbəb olur. Bəs Bullinq necə başlayır? Bullinqin qaynağı nədir? Bullinqlə mübarizə istiqamətində hansı addımlar atılır?
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İB-nin sədri, Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva bu məsələlərlə bağlı "İki sahil"in suallarını cavablandırır:
- Bullinq necə başlayır?
- Təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Onlardan biri son vaxtlar leksikonda yer almış bullinqdir (bullying). İlk dəfə 1985-ci ildə Böyük Britaniyada işlədilən bu termin bu mövzuda ilk tədqiqat işləri üzə çıxdıqdan sonra XX əsrin əvvəllərində geniş istifadə olunub.
Bullinq - bu, bir uşağın başqaları tərəfindən təqib olunması, aqressiv davranışdır ki, son illərdə məktəblərdə tez-tez yayılıb. Şagirdlər arasında zorakılıq hadisələri həmişə məktəbin bir hissəsi olub, ancaq indi onlar daha çox gözə çarpır. Bu və bu kimi bənzər hallarla məktəbdə oxuyarkən qarşılaşmışıq. Sadəcə indi texnologiyaların inkişafı və sosial şəbəkələrin qlobal səviyyədə istifadəsi nəticəsində bəzi hallarda bu cür neqativ halların işıqlandırılması nəticəsində məlumatlı oluruq.
Qeyd etməliyəm ki, bu gün yeniyetmə şagirdlər və gənclər arasında aqressiv davranışların və bunun yaratdığı fəsadların nəticələri artmaqdadır. Əlbəttə ki, həmin şəxslərdə aqressiyanın səbəblərini bir və ya bir neçə amillərlə bağlamaq olmaz, lakin baş verənlər fonunda aparılan araşdırmalar və müşahidələr göstərir ki, öz sinif yoldaşına qarşı aqressiv davranış və şiddət göstərən şagirdlərin bir qayda olaraq ailə daxilində normal münasibət görməməsi, ailədaxili münaqişələr, şiddətin yaratdığı psixoloji çətinliklər, aqressiya, stress özünü göstərir və bu aqressiyanı məhz öz yaxın dostları, sinif yoldaşlarına nümayiş etdirirlər. Bundan savayı televiziya, internet vasitələri, sosial şəbəkələrdə zamanın çox keçirilməsi, orda şagirdlərə faydalı olmayan müxtəlif məlumatlar, videolar, fotolar və digər vasitələrdən istifadə zaman keçdikcə həmin şagirdlərin psixologiyasına təsir edir, aqressiv davranışlar sərgiləməsinə gətirib çıxarır.
Müəllim-valideyn-məktəb psixoloqundan ibarət şəbəkənin formalaşması labüddür
- Məktəblilər arasında artan aqressiv davranışların qarşısını necə almaq olar?
- Təbii ki, bu halların qarşısını qısa zamanda almaq mümkün deyildir. Çünki bu cür hallar müəyyən ərazidə deyil, bütün ölkə ərazisində ola bilər. Odur ki, kompleks tədbirlərin həyata keçirilməsi tövsiyə olunandır. Digər tərəfdən isə burda məktəb direktorları, müəllimlər, məktəb psixoloqları aktiv şəkildə iştirak etməli və bu prosesə şagirdlərin valideynlərini, yaxınlarını cəlb etməlidirlər. Başqa sözlə, buna görə də burada müəllim-valideyn-məktəb psixoloqundan ibarət şəbəkənin formalaşması labüddür.
Şagirdlərin günlərinin əsas hissəsini məktəblərdə keçirdiyini nəzərə alsaq, müəllimlər bu kimi hallarla qarşılaşmamaq üçün xüsusilə diqqətli olmalıdır. Hansısa bir şagirddə şiddətə meyillilik, aqressiya və ya digər məqamları görüb, hiss edərlərsə bu barədə direktor, məktəb psixoloqu və ailəsinə xəbər verməlidirlər. Həmin şagirdlə sərt və ya ciddi şəkildə deyil, sakit və anlaşıqlı formada profilaktik söhbət edilməli, onu narahat edən məqamları dinləməli, etdiklərinin yalnış olduğunu və hansı fəsadlar törədəcəyini başa salınmalıdır. Bundan savayı həmin şagirdin ailəsi ilə mütəmadi əlaqədə olmalı, görüşlər keçirilməli, şagirdin öz ailəsi və yaxınlarına olan münasibətləri də araşdırılmalıdır.
Bu kimi hallarla üzləşməmək üçün ilk öncə direktor və müəllimlər daha çevik və operativ davranmalı, baş verən hadisəni gizlətmək əvəzinə, onu lazım gələrsə tərəflərin ailələri ilə birgə həll etməli, məktəb psixoloqu və digər mütəxəssislərlə birgə çalışmalı, valideynlərlə görüşləri daha qısa zamanda və mütəmadi şəkildə reallaşdırmalı, ehtiyac olarsa aidiyatı qurumlardan yardım almalıdırlar.
Valideynlər ailə münasibətlərində daha diqqətli olmalıdırlar
- Sonda mütəxəssis olaraq tövsiyələriniz?
- Xüsusilə burada əsas tövsiyələrim valideynlərə olacaqdır. Valideynlər ailə münasibətlərində daha diqqətli olmalı, hər hansı bir mübahisə və anlaşılmazlıq baş verdikdə, daha sakit və övladlarından kənarda həll etməli, övladlarının təhsil aldığı məktəb müəllimləri və sinif rəhbəri ilə sıx əlaqədə olmalı, hər zaman övladının yanında olduğunu hiss etdirməli, onlarla birlikdə vaxt keçirməli, ehtiyac olarsa mütəxəssislərdən dəstək almalıdırlar.
Yaqut Ağaşahqızı, "İki sahil"