30 iyun 2025 03:03
180

Somali xüsusi təyinatlıları antiterror əməliyyatında 37 yaraqlını öldürüb

Somalinin Xüsusi Təyinatlı Qüvvələrinin “Danab” bölmələri ölkənin cənubundakı Kismayo limanı yaxınlığındakı Makokaha bölgəsində keçirdiyi reyd zamanı “Əş-Şəbab” terror qruplaşmasının 37 silahlısını zərərsizləşdirib.

“İki sahil” xəbər verir ki, bu barədə “Somali Guardian” portalı məlumat yayıb.

Əməliyyat zamanı terrorçuların ilk növbədə liderləri üçün sığınacaq kimi istifadə etdikləri yeraltı bunkerlər partladılıb. Somali kəşfiyyatının məlumatına görə, cinayətkarlar ölkədə sabitliyi pozmaq üçün aktlar hazırlayırdılar. Partlayıcı maddələr olan bir neçə yük maşını ələ keçirilib.

Portal qeyd edib ki, son vaxtlar hökumət terrorçulara qarşı hərbi əməliyyatları xeyli gücləndirib. Cari ilin əvvəlində Somali Prezidenti Hasan Şeyx Mahmud “Əş-Şəbab”a qarşı “total müharibə” aparacağını vəd etmişdi. Milli Orduya yerli könüllülər və Afrika İttifaqının qoşunları dəstək verir.