24 iyul 2025 01:16
175

Nəqliyyat vasitələrinin utilizasiyasında əsas məqsəd nədir?

Son 10-15 ildə inkişaf etmiş ölkələrin paytaxtlarında «təmiz şəhər», «təmiz hava» və insanyönümlülük tendensiyası prioritet hədəfə çevrilib. Çünki bunların reallaşdırılması sağlam ekoloji mühit, rahat iş və rahat yaşam deməkdir. Ona görə də həmin şəhərlərdə sənaye müəssisələri mərkəzdən çıxarılaraq ətraf yerlərdə inşa edilir. Eyni zamanda, son bir neçə ildə şəhərlərin ekoloji balansını pozan nəqliyyat vasitələrinin də istifadəsinin məhdudlaşdırılması istiqamətində geniş tədbirlər həyata keçirilir. Bunun üçün ilk növbədə istismar müddəti bitmiş və yanacaqla işləyən avtomobillər istismardan çıxarılır. Əvəzində elektrikli avtomobillərə üstünlük verilir ki, onların da qaz tullantısı sıfıra bərabərdir.  

 Artıq ölkəmizdə də utilizasiya prosesinə start verilib. Utilizasiya yararsız vəziyyətə düşmüş və istismar müddəti başa çatmış nəqliyyat vasitələrinin tullantıya çevrilərək ətraf mühiti çirkləndirməsinin qarşısının alınmasıdır. Əksər ölkələr bu cür nəqliyyat vasitələrinin zərərsizləşdirilməsi istiqamətində müxtəlif proqramlar tətbiq edirlər. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, paytaxt Bakıda atmosferə atılan zəhərli qazların 75 faizi məhz nəqliyyat vasitələrinin payına düşür. Tədqiqatlar göstərir ki, ölkəmizdə nəqliyyat vasitələrindən atmosferə atılan təkcə karbon oksidlərinin miqdarı il ərzində 700 min tona yaxındır. Bu isə nəqliyyat vasitələrinin ekoloji normalara cavab verməsinin ciddi nəzarətdə saxlanmasını tələb edir.

Köhnəlmiş nəqliyyat vasitələri hərəkət zamanı təhlükəsizlik baxımından da təhlükələr yaradır. Belə nəqliyyat vasitələrinin əyləc yolu uzun olmaqla yol-nəqliyyat hadisələrinin, o cümlədən bədbəxt hadisələrin sayının artmasına səbəb olur. «Təmiz Şəhər» Açıq Sghmdar Cəmiyyətinin (ASC) məlumatına görə, hazırda bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşüb. Statistik göstəricilərə əsasən, hazırda ölkə üzrə istismarda olan hər 5 avtomobildən 1-i ekoloji və təhlükəsizlik standartlarına cavab vermir. Ümumilikdə isə ölkəmizdə istismarda olan avtomobillərin 80 faizinin yaşı 10 ildən çoxdur.

Bunu nəzərə alan Nazirlər Kabineti  «Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı»nı təsdiq edib. Proqrama əsasən Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanıb, həmçinin proqramın tətbiqi ilə əlaqədar, ümumilikdə, 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib. Həmçinin «Tullantılar haqqında» Azərbaycan Respublikası Qanununun nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı 2024-cü ilin sentyabr ayından qüvvəyə minmiş müddəalarına uyğun olaraq ötən müddət ərzində «Təmiz Şəhər» ASC tərəfindən utilizatorların reyestrdə qeydiyyatı üçün lazımi tədbirlər görülüb.

Bəs nəqliyyat vasitəsinin utilizasiyaya verilmə qaydaları necədir? Əvvəla qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllüdür və utilizasiyaya verilməzdən əvvəl onlar dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdırlar. Eyni zamanda, nəqliyyat vasitəsi seçilmiş utilizatorun qəbul məntəqəsində təhvil verilməyə dair sənəd  əldə edilməlidir.

Nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı müraciətlərin ilkin qəbulu «nvu. qov.az» portalı vasitəsilə həyata keçrilir. Bu zaman proses  növbəlilik qaydasında və ödənişsiz gençəkləşir. Utilizatorlar nəqliyyat vasitəsini utilizasiyaya qəbul edərkən aşağıdakı sənədləri tələb edirlər. Nəqliyyat vasitəsini utilizasiyaya vermək üçün sərəncam vermə hüququnu təsdiq edən (etibarnamə və ya digər) sənəd (sənədin etibarlılıq müddəti 1 aydan az olmamaqla); nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması barədə aidiyyəti dövlət qeydiyyat orqanının yazılı məlumatı; fiziki şəxsin şəxsiyyətini təsdiq edən, hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədin surəti.

Ərizə və ona əlavə olunan sənədlər ərizəçi tərəfindən birbaşa və ya səlahiyyətli nümayəndə tərəfindən təqdim olunmalı, sənədlərin zəruri icraat müddətində qüvvədə olması nəzərə alınmalıdır.

Ərizəyə 10  iş günü müddətində baxılır. Sənədlərdə və ya məlumatlarda çatışmazlıq və ya uyğunsuzluq olduqda ərizənin qəbul edildiyi gündən etibarən 3 (üç) iş günü müddətində bu barədə ərizəçiyə yazılı məlumat verilir. Ən əsası ərizəçi həmin məlumatı aldığı gündən 10 (on) iş günü müddətində çatışmazlıq və ya uyğunsuzluqları aradan qaldırmalıdır. Bu zaman ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır. Çatışmazlıq və ya uyğunsuzluqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

Yeri gəlmişkən,  artıq 2024-cü il fevralın 1-dən ölkə daxilində olan avtomobillərdən texniki baxış zamanı, xaricdən gətirilənlərdən isə gömrük rəsmiləşdirilməsi zamanı utilizasiya haqqı alınır. İdxal edilən avtomobillərin utilizasiya haqqı istehsal tarixi 4 ildən 7 ilə qədər olanlar üçün 400 manat, 7 ildən yuxarılar üçün isə 700 manatdır. Texniki baxış zamanı isə bu ödəniş avtomobilin ilindən asılı olaraq 10 manatdan 40 manata qədərdir.

Elçin Zaman, "İki sahil"