02 avqust 2025 16:24
86

Gürcüstan İsveçdən rəsmi izahat gözləyir

İsveç Baş nazirinin eynicinsli nikahı Gürcüstanın Avropa İttifaqına üzvlük şərti kimi irəli sürməsi narahatlıq doğurur.

“İki sahil” xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İsveçin Baş naziri Ulf Kristenssonun eynicinsli nikahların qanuniləşdirilməsini Avropa İttifaqına (Aİ) üzvlük üçün ilkin şərt kimi təqdim etməsini narahatedici açıqlama adlandırıb. Bu barədə Papuaşvili sosial şəbəkədəki paylaşımında bildirib.

Onun sözlərinə görə, İsveç hökumətinin bu yanaşması Aİ-yə üzv ölkələr üçün nəzərdə tutulmuş rəsmi tələblərlə ziddiyyət təşkil edir:

“İsveç Baş nazirinin eynicinsli nikahların qanuniləşdirilməsini Aİ-yə üzvlüyün ilkin şərti kimi qeyd etməsi ciddi narahatlıq doğurur və Avropa İttifaqına üzvlük prosesində nəzərdə tutulan formal tələblərlə uyğun gəlmir.”

Papuaşvili vurğulayıb ki, Aİ-yə üzvlük prosesində istənilən üzv ölkənin namizəd ölkənin inteqrasiya prosesini bloklamaq hüququ var: “Bu kontekstdə vacibdir ki, İsveçin Tbilisidəki səfirliyi məsələ ilə bağlı rəsmi izahat versin. Xüsusilə də aydınlaşdırılsın ki, İsveç Baş nazirinin bu bəyanatı ölkəsinin namizəd ölkələrlə bağlı rəsmi mövqeyinin bir hissəsidirmi və qərarların qəbulunda nəzərə alınacaqmı.”

Parlament sədri qeyd edib ki, Gürcüstan cəmiyyəti üçün bu məsələ prinsipial əhəmiyyət daşıyır və İsveç hökumətindən məsələyə aydınlıq gətirilməsi gözlənilir.