Bakıda, Səbail rayonunda yerləşən Jurnalistlər binasının azyaşlı sakinləri nümunəvi təşəbbüslə çıxış ediblər.
“İki sahil” xəbər verir ki, balaca sakinlər binanın həyətində ağaclara qulluq edir, onlara su verir, ətrafı tullantılardan təmizləyir, “Təbiəti qoruyaq!”, “Təmiz həyətdə sağlam nəfəs al!”, “Həyətə zibil atmaq olmaz!” kimi maarifləndirici plakatlar hazırlayaraq ətraf mühitin qorunması ilə bağlı çağırış edirlər. Bina sakinləri uşaqların bu təşəbbüsünü alqışlayaraq bildiriblər ki, balacaların ekoloji məsuliyyətə bu qədər erkən yaşda yiyələnməsi gələcək nəsillərin daha sağlam və təmiz mühitdə yaşaması üçün atılan vacib addımlardandır.
Bu kiçik, lakin mənalı aksiya Azərbaycanın hazırda həyata keçirdiyi geniş ekoloji siyasətin bir parçası kimi qiymətləndirilə bilər. Xüsusilə də ölkəmizin ötən il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına – COP29-a ev sahibliyi etməsi fonunda bu cür təşəbbüslərin artırılması mühüm əhəmiyyət daşıyır. COP29-un əsas hədəflərindən biri cəmiyyətin bütün təbəqələrində, o cümlədən uşaqlar və gənclər arasında ekoloji maarifləndirmənin gücləndirilməsidir. Jurnalistlər binasında azyaşlıların keçirdiyi ekoloji aksiya isə bu çağırışlara verilən cavab, ekoloji məsuliyyətin bir nümunəsi kimi dəyərləndirilə bilər.
Ətraf mühitin qorunması üzrə çağırışların yalnız dövlət səviyyəsində deyil, həm də vətəndaş təşəbbüsləri vasitəsilə reallaşması, Azərbaycanın “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində irəli sürdüyü strategiyaya da tam uyğundur.