Geosiyasi təhlükəsizlik, ölkələrarası iqtisadi əməkdaşlıq baxımından etimad körpüsü kimi dəyərləndirilən bu marşrut Zəngəzur dəhlizinin bərpası ilə daha böyük imkanlara malik olacaq
III Şuşa Qlobal Media Forumunda dünyanın enerji, nəqliyyat xəritəsini dəyişən, ölkələri birləşdirən qlobal layihələrin əhəmiyyətindən bəhs edən Prezident İlham Əliyev Çinin təşəbbüsü olan «Bir kəmər, bir yol» layihəsinin tərkib hissəsi adlandırılan Orta Dəhlizlə bağlı pozitiv fikirlər söyləmişdi. Bəllidir ki, son illərdə Azərbaycanda nəqliyyat və logistika infrastrukturunun inkişafına diqqət xeyli artıb. Xəzər dənizində inşa olunan, yükqaldırma qabiliyyəti 25 milyon tona çatan, Cənubi Qafqazın ən böyük limanının əhatə dairəsi genişləndirilir. Gürcüstandan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu fəaliyyət göstərir. Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artmaqla rəqəmsallaşma prosesi gedir. Görülən işlər Trans–Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan Orta Dəhlizin önəmini daha da artırır. İnşası sürətlənən bu infrastrukturun reallaşması eyni zamanda artıq beynəlxalq termin kimi diqqəti cəlb edən Zəngəzur dəhlizinin reallaşması imkanlarını da reallaşdırır. «Bu yol Azərbaycanı Ermənistan ərazisindən keçərək Naxçıvan Muxtar Respublikası ilə birləşdirir və oradan Körfəzə çıxış yolu ilə İran ərazisinə keçir. Yəni, Zəngəzur dəhlizinin reallaşması ilə biz mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacağıq. Təkcə hamının haqqında danışdığı bir istiqamətə - Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil, həm də Şərqi Zəngəzur və Zəngəzur bölgəsinin digər hissələrindən İrana, oradan da Türkiyəyə. Ona görə də yük axınının həcminin artırılması üçün böyük perspektivlər açılır» sözləri ilə Azərbaycanın təşəbbüslərinin qarşılıqlı əməkdaşlığa xidmət etdiyini bildirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda Çindən Azərbaycan ərazisi vasitəsilə yükdaşımaların həcminin çoxalması bu layihəyə də marağı artırır. Eyni zamanda, Xəzər dənizinə çıxacaq Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan dəmir yolu yenidən tikilir. Perspektiv üçün nəzərdə tutulan Zəngəzur dəhlizi ilə daşımalarda iştirak etmək istəyən dövlətlərin sayı artır. Bakı-Tbilisi-Qars dəmir yolu ilə Gürcüstandan keçməklə Türkiyəyə və daha sonra Aralıq dənizi limanlarına Zəngəzur vasitəsilə daşımalar daha böyük səmərə verəcək. Bəllidir ki, Çindən Türkiyəyə, eləcə də Avropa Birliyi ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edən Orta Dəhliz vasitəsilə yüklər Avropaya iki istiqamət üzrə nəql edilir. Birinci istiqamət üzrə yüklər Gürcüstanın Poti və Batumi limanlarından keçməklə, digər istiqamət üzrə isə Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınır. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Bakı–Tbilisi–Qars layihəsi Orta Dəhliz vasitəsilə yükdaşıma xərclərini aşağı salaraq tranzit əməliyyatlarının həcminin artırılmasına xidmət edir. Ölkələr arasındakı məsafənin azaldılması baxımından daha sərfəli infrastruktur olan Orta Dəhliz Qlobal Cənub məkanında yerləşən ölkələrin sosial-iqtisadi proseslərdə fəal iştirakını, milli və beynəlxalq miqyasda baş verən dəyişikliklərə çevik uyğunlaşmaq imkanlarını da artırır.
Bu mənada Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı» mühüm əhəmiyyət kəsb edir. Fəaliyyət Planında 24 istiqamətdə nəzərdə tutulan nəqliyyat-tranzit-logistika xidmətlərini büdcənin əsas gəlir mənbələrindən birinə çevirməyə, ölkəmizin mövcud daşıma xidmətləri potensialından daha səmərəli şəkildə istifadə etməyə şərait yaradacaq.
Artıq dəyər zəncirinə çevrilən nəqliyyat dəhlizlərinin daha əlverişli və qısa ərazilərdən keçməsi ilə tərəfdaş dövlətlərin iqtisadi inkişaf imkanları daha da artır. Bu dəhliz məsafələrin qısaldılması, daşınma müddətinin azaldılması sərhəd-gömrük prosedurlarının sadəliyi və çevikliyi baxımından da əhəmiyyətlidir. Bu baxımdan beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan geosiyasi məkan baxımından daha böyük diqqət çəkir. «Dəmir İpək Yolu» adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsini yeniləməklə sonrakı dəhlizlər üçün də imkanları artırır.
Daha böyük üstünlüklərə malik bu layihədə iştirakda maraqlı olan dövlətlər bu marşrutun funksionallığının artırılması üçün güclü siyasi iradə nümayiş etdirirlər. Dəhliz boyunca yerləşən ölkələr arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq getdikcə genişlənir, yükdaşımalar, yüklərin cəlb edilməsi, logistika ilə bağlı məsələlərin uzlaşdırılmasına geniş imkanlar yaranır. Hesablamalarda qeyd olunduğu kimi, Çindən Avropaya gedən yük qatarı Orta Dəhliz ilə 12 gün ərzində 10 min kilometr deyil, 7 min kilometr məsafə qət edəcək. Bu da Asiya və Avropa arasında qlobal ticarətdə dəhlizin nə qədər sərfəli və təhlükəsiz olduğunu nümayiş etdirir. Daşınma xərclərinin daha az olması baxımından marşrutun cəlbediciliyi artır.
Orta Dəhlizin digər üstünlüyü onun Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələri birləşdirmək imkanıdır. Yəni, bu dəhliz, yük daşınma yolu kimi cəlbedici olmaqla yanaşı, həm də Türk dünyasının birliyi baxımından da strateji əhəmiyyət kəsb edir. Orta Dəhlizin digər marşrutlara inteqrasiyası isə gözlənilən dividendləri daha da artıracaq. Bu marşrutla yüklər Azərbaycanın ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinə inteqrasiya edilmiş yollarla daşınma imkanlarını da asanlaşdıracaq. Orta Dəhlizin ayrılmaz qolu olacaq Zəngəzur marşrutu vasitəsilə Naxçıvandan Türkiyəyə, oradan isə daha geniş coğrafiyaya çıxış imkanı əldə olunacaq. Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycanın Orta Dəhliz vasitəsilə daşınma imkanları daha da genişlənəcək. Bu da bütün region dövlətləri üçün yeni fürsətlər yaradacaq. Ən əsası odur ki, dünyanın ən iri dövlətləri olan ABŞ, Çin kimi nüfuzlu beynəlxalq təşkilat olan Avropa İttifaqı (Aİ) bu layihəni dəstəkləyir. Nəticə etibarı ilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrində respublikamızın rolu getdikcə artır.
Qərblə Şərq yolunun üzərində yerləşdiyindən dünyanın ən böyük iqtisadiyyata malik olan tərəfləri–Çinlə Avropa arasında əlaqənin qurulmasında da başlıca faktor olan «Azərbaycansız heç bir layihənin reallaşması mümkün deyil» ifadəsi Orta Dəhliz, Zəngəzur marşrutu ilə bağlı danışıqların əsas müzakirə mövzusudur.
Özbəkistan Nəqliyyat Nazirliyinin layihəsi çərçivəsində hazırlanan və Azərbaycan mediasında da yayılan analitik hesabatda Orta Dəhlizin Azərbaycanın Avrasiya logistikasında əsas həlqə kimi əhəmiyyətinin xüsusi qeyd olunması ölkəmizin beynəlxalq əhəmiyyətinin göstəricisidir. Hesabatda vurğulandığı kimi, Azərbaycan Orta Dəhlizin, Zəngəzur marşrutunun reallaşmasına təkcə infrastrukturun inkişafı məqsədilə deyil, həm də gələcək iqtisadiyyatın bir parçası, eyni zamanda, yerli məhsulların ixracı üçün mühüm vasitə kimi diqqət göstərir. Ötən il Bakı-Sian dəmir yolu marşrutu ilə yüklərin göndərilməsi bu dəyərə verilən mühüm nümunədir.
Laçında Azərbaycan, Türkiyə, Pakistan liderləri arasında keçirilən Zirvə toplantısında, Xankəndidə təşkil olunan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə Orta Dəhliz və onun ayrılmaz halqası olan Zəngəzur avtomobil və dəmir yolunun perspektivləri ilə bağlı ümidverici rəylər səsləndirildi.
Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən Əbu-Dabi görüşündə Zəngəzur dəhlizinin bərpası ilə ilkin razılığın əldə olunması dünyanın nəqliyyat xəritəsinə töhfə kimi dəyərləndirildi. Bu günlərdə Ağ Evdə Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan Birgə Bəyannamədə də beynəlxalq əhəmiyyətli nəqliyyat infrastrukturu Orta Dəhlizin tərkib hissəsi olan Zəngəzur dəhlizi ilə bağlı bəndin yer alması Azərbaycanın müəllifi olduğu qlobal layihələrin əhəmiyyətini daha da artırır. Bütün bunlar deməyə əsas verir ki, son illərdə Avrasiya məkanında nəqliyyat-logistika infrastrukturunun inkişafında baş verən dönüş nöqtələrindən biri Orta Dəhlizlə bağlı müzakirələrin aktuallaşması da geosiyasi əhəmiyyətinin artması ilə bağlıdır. Bu dəhliz Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçən strateji multimodal marşrut olmaqla, həm regional, həm də qlobal ticarət münasibətlərində mühüm rol oynayacaq. Bakıda, ADA Universitetində «Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat» mövzusunda beynəlxalq konfransın keçirilməsi ölkəmizin bu layihəyə nə qədər böyük əhəmiyyət verdiyinin göstəricisi idi. Konfransda qeyd olunduğu kimi, Cənubi Asiyanı, Mərkəzi Asiyanı Azərbaycanla birləşdirmək ideyasını reallaşdıracaq, böyük imkanlara malik Orta Dəhlizin, Zəngəzur yolunun bərpası dövlətlərarası siyasi sabitlik, təhlükəsizlik, iqtisadi inkişaf baxımından da gərəklidir. Cənubi Qafqazda daimi sülhün qarantı Prezident İlham Əliyev bu sahədə görüləcək işlərin vacibliyini Vaşinqton görüşündə ev tapşırığı kimi bir daha diqqətə çatdırdı.
Xuraman İsmayılqızı, «İki sahil»