24 aprel 2026 13:34
134

“Enterprise Azerbaijan” portalı Sumqayıt Dövlət Universitetində təlim və infosessiya keçirib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Beş qitə - 500 startap” proqramı çərçivəsində növbəti təlim və infosessiya Sumqayıt Dövlət Universitetində təşkil olunub.

“İki sahil” xəbər verir ki, universitetin müəllim heyəti və startap fəaliyyətinə maraq göstərən tələbələrin iştirakı ilə keçirilən görüş startap layihələrinin təqdimatı ilə başlayıb. Bilikdən istifadəyə əsaslanan fəaliyyət növü kimi - startap fəaliyyətinin akademik mühitlə əlaqələri kontekstində müzakirələr aparılıb. Tədbirdə startapların qarşılaşdığı əsas problemlər və bu problemlərin həlli istiqamətində qabaqcıl qlobal təcrübələr öyrənilib.

Təlimdə “Enterprise Azerbaijan” platformasının rəhbəri, dosent İsa Qasımov çıxış edərək startapların effektiv biznes modelinin qurulmasında ideya–ehtiyac–bacarıqlar (ING) mexanizmini izah edib və gənc startapçılara praktiki nümunələr gətirərək tövsiyələr verib.

Sonra “Startup School 4: Five Continents - 500 Startups” proqramı haqqında geniş infosessiya təqdim olunub, iştirakçıların sualları cavablandırılıb. Bildirilib ki, qlobal innovasiya proqramına startapların qeydiyyatı 15 may tarixinədək davam edəcək.

Qeyd edək ki, proqram innovativ ideyaların inkişaf etdirilməsi, startapların beynəlxalq ekosistemə inteqrasiyası və gənc təşəbbüskarların dəstəklənməsi məqsədi daşıyır.