11 sentyabr 2025 23:13
112

Qələm tutan incə əllər

Cəlilabad rayon Mərkəzi Kitabxanasında fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi İlqar İsmayılzadənin "Qələm tutan incə əllər" adlı kitabının və Cəlilabad ədəbi mühitinin yazar xanımlarının təqdimatı keçirilib.

Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələrinin, rayon ziyalıların qatıldığı tədbirdə əvvəlcə Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbir İlqar İsmayılzadənin çıxışı ilə başlayıb. O, "Qələm tutan incə əllər" barədə məlumat verdikdən sonra kitabın öz mövzusu və yazılış üslubuna görə təkcə rayon və cənub bölgəsində deyil, bütün respublikada ilk işıq üzü görmüş kitab olduğunu bildirib.

Natiq çıxışının davamında deyib:-Cəlilabad ədəbi mühitinin xanım qələm sahibləri ilə bağlı araşdırma və təqdimatlara hələ 2016-cı ilin mart ayından başlanıb. Nəticədə bu günədək rayondan olan 30-dan çox xanım şair və yazar təsbit edilib. Eləcə bu ilin aprel ayından etibarən "Həməşəra" mətbu orqanının "Ədəbiyyat və incəsənət" portalı ilə əməkdaşlığı çərçivəsində "Qələm tutan incə əllər" layihəsinə start verilib. Layihədə Cəlilabad ədəbi mühitinin 19 yazar xanım təqdimat edilib. Bu sahədə göstərdiyi dəstəyə görə "Ədəbiyyat və incəsənət" portalının rəhbərliyinə minnətdarlıq edirəm.

Tədbirin davamında Cəlilabad ədəbi mühitinə aid olan xanımlardan Gülşən Şahmuradlı, Seylan Abbas, Müşahidə Nərimanova, Gülcahan Əsgərova, Pərvanə İsgəndər qızı, "Həməşəra" Fəxri Diplomu laureatı gənc şair Sevinc Şirvanlı, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, "Zərif kölgələr" ədəbi saytının idarə heyətinin , Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Həməşəra" Fəxri Diplomu laureatı, yazıçı-şair Arzu Əyyar qızı və Nərgiz Əlili çıxışlarında kitab müəllifinə öz razılığını söyləyib, rayonun ədəbi mühiti ilə bağlı danışıblar.

Digər çıxışçılar- Əməkdar mədəniyyət işçisi, Cəlilabad rayonunun "Canlı ensiklopediyası" adlanan Cahangir Muradov, təqaüdçü pedaqoq Hacı Paşa Rüstəmov, ədəbiyyatşünas, ədəbi təhlilçi və tənqidçi, şair Zülfü Vellidağ, pedaqoq Dadaş Bayramov, tarixçi, qiraətçi və ictimai fəal Adıgözəl Nuriyev, şairlər Mikayıl İncəçaylı, Azər Mirzə İlqar İsmayılzadənin Cəlilabad ədəbi mühitinin təbliğində əməyinə yüksək qiymət verib, ona öz təmənnasız, faydalı olan işlərində möhkəm və səbirli olmağı tövsiyə ediblər.

Yekunda qələm sahiblərinə "Həməşəra" Fəxri Diplomu, "Qələm tutan incə əllər" kitabı, müqəddəs Azərbaycan bayrağı, eləcə də rəmzi olaraq qələm hədiyyəsi təqdim olunub, xatirə şəkilləri çəkilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü