ABŞ prezidenti Donald Tramp ötən ilin aprel ayında "ticarət müharibəsi"nə başladıqda, Amerika üçün yeni bir dövr vəd etmişdi — sənayenin yenidən dirçəldiləcəyini, dövlət büdcəsinə daha çox gəlir gətiriləcəyini və yeni bazarların açılacağını bildirmişdi. Bir il sonra isə ABŞ-da tarif dərəcələri son onilliklərin ən yüksək səviyyəsinə çatıb. Orta effektiv tarif dərəcəsi ötən ilin əvvəlindəki təxminən 2,5%-dən yüksələrək hazırda təxminən 10%-ə çatıb.
Budur, bu tariflərin qlobal ticarəti dəyişdirdiyi dörd əsas istiqamət.
1. ABŞ–Çin ayrılığı sürətlənir
ABŞ prezidenti Donald Tramp ötən ilin aprel ayında “Azadlıq Günü” adlandırdığı gündə bir çox xarici mallara minimum 10% tarif tətbiq edəcəyini açıqlayaraq qlobal miqyasda şok effekti yaratdı. Bu tariflər bəzi ölkələrə, xüsusilə Çinə qarşı daha yüksək rüsumlarla tətbiq olundu.
Çin də cavab olaraq öz tariflərini tətbiq etdikdən sonra qarşılıqlı addımlar nəticəsində rüsum dərəcələri üçrəqəmli saylara qədər yüksəldi və bir neçə həftə ərzində iki iqtisadi nəhəng arasında ticarət demək olar ki, tamamilə dayanma nöqtəsinə gəldi.
Sonradan gərginlik müəyyən qədər azaldı. 2025-ci ilin sonuna doğru Çin mallarına tətbiq edilən tariflər ilin əvvəli ilə müqayisədə 20% daha yüksək idi.
Buna baxmayaraq, iki ölkə arasındakı ticarət ciddi zərbə aldı. Ötən il ABŞ-ın Çindən idxalının dəyəri təxminən 30% azaldı. ABŞ-dan Çinə göndərilən məhsulların həcmi də oxşar şəkildə — 25%-dən çox gerilədi.
İlin sonuna doğru Çin malları ABŞ-ın ümumi idxalının 10%-dən də az hissəsini təşkil edirdi. Bu göstərici sonuncu dəfə 2000-ci ildə müşahidə olunmuş səviyyəyə bərabərdir və Trampın ilk dəfə prezident seçildiyi 2016-cı ildəki 20%-dən artıq göstərici ilə müqayisədə xeyli aşağıdır.
ABŞ-ın Vyetnam və Meksikadan idxalının artması — xüsusilə Çin şirkətlərinin bu ölkələrdə investisiyalarını artırması fonunda — iki ölkə arasındakı biznes əlaqələrinin tamamilə qırılmadığını göstərir.
Lakin statistik göstəricilər Trampın ilk prezidentlik dövründə başlayan iqtisadi ayrışmanın artıq reallığa çevrildiyini göstərir. Bu fikri Dartmut Universitetinin Tak Biznes Məktəbinin professoru və qloballaşma üzrə kafedra rəhbəri Devin Çor bildirib.
Çor qeyd edib ki, ötən il baş verən böyük dəyişiklik şirkətlərin uzun müddətdir planlaşdırdıqları addımları həyata keçirdiyini göstərir. O əlavə edib ki, Tramp ən sərt tarif siyasətindən geri çəkilsə belə, bu ayrılıq uzun müddət davam edə bilər.
“Əvvəlki kimi işlərin yenidən normal axarına qayıdacağını gözləmək düzgün olmaz”, — deyə o vurğulayıb.
2. Ticarət tərəfdaşları alternativ bazarlara yönəlir
Tarif siyasətində Trampın etdiyi dəyişikliklər yalnız “Azadlıq Günü” elanından ibarət deyildi. O, həmçinin polad, taxta materialları və avtomobillər kimi konkret məhsullara tətbiq olunan rüsumları artırdı, eləcə də dəyəri 800 dollardan az olan bağlamaların ölkəyə rüsumsuz daxil olmasına imkan verən qaydaları ləğv etdi. Yeni vergilərə baxmayaraq, ötən il ABŞ-ın idxalı təxminən 4%-dən çox artdı. Bu artım 2024-cü illə müqayisədə daha yavaş olsa da, ölkənin iqtisadi təcridə yönəldiyini göstərmir. Bununla belə, tətbiq olunan tədbirlər bir çox ölkədəki şirkətləri ABŞ-dan kənarda yeni alıcılar axtarmağa vadar etdi. Eyni zamanda siyasi liderlər ABŞ-dan asılılığı azaltmaq üçün alternativ ticarət əlaqələrini gücləndirməyə çalışdılar. Bu tendensiya hətta mallarına nisbətən aşağı — 10% tarif tətbiq olunan Böyük Britaniya kimi ölkələrdə də müşahidə edildi.
2025-ci ildə ABŞ hələ də Britaniya məhsulları üçün əsas ixrac bazarı olaraq qalsa da, Amerikanın ümumi ixracdakı payı azaldı, Almaniya, Fransa və Polşa kimi ölkələrin rolu isə artdı.
Alston Universitetinin iqtisadiyyat professoru Cun Du bildirir ki, “bəziləri üçün təəccüblü ola bilər, lakin qlobal ticarət ümumilikdə kifayət qədər dayanıqlı qalıb”. Bununla yanaşı o əlavə edir: “sadəcə olaraq ticarət əlaqələri yenidən qurulur”.
ABŞ bəzi ölkələri amerikalı şirkətlərin — xüsusilə fermerlərin — xarici bazarlara çıxış imkanlarını artırmağa yönəlmiş yeni ticarət razılaşmalarına razı sala bildi.
Lakin Trampın siyasəti, eyni zamanda, müttəfiqləri narazı saldı və bəzi hallarda ABŞ-ın maraqlarına zidd dəyişikliklərə səbəb oldu. Bu vəziyyət hətta Şimali Amerika azad ticarət sazişinə istinad edilərək tariflərin böyük hissəsindən Kanada kimi azad edilən ölkələrdə də özünü göstərdi.
Kanada bu yaxınlarda Çin istehsalı elektrik avtomobillərinə tətbiq etdiyi tarifləri 100%-dən təxminən 6,1%-ə endirməyə razılaşdı. Bu addım ABŞ-dan Çinə doğru kəskin iqtisadi yön dəyişikliyi kimi qiymətləndirilir və uzun müddət Kanada bazarında dominant mövqedə olan Amerika avtomobil şirkətləri üçün arzuolunmaz hesab olunur.
Kolumbiya Hüquq Məktəbinin professoru Petros Mavroidisin sözlərinə görə, narahatlıq yaradan əsas məsələ tariflərin səviyyəsi deyil, daha çox qərarların birtərəfli şəkildə qəbul edilməsidir.
3. Müttəfiqlərlə gərginlik artır
Tarif siyasətindən yaranan gərginlik artıq ticarət sahəsini aşaraq digər istiqamətlərə də yayılıb. ABŞ Səyahət Assosiasiyasının hesablamalarına görə, ötən il kanadalıların ABŞ-a səfərləri 20% azalıb və bu, Amerika iqtisadiyyatına 4 milyard dollardan artıq zərər vurub. Mavroidisin fikrincə, tariflər ABŞ-ın həm böyük, həm də kiçik beynəlxalq məsələlər üzrə dəstək toplamaq səylərini çətinləşdirib. Bu məsələlərə İran müharibəsi ilə bağlı mövqe və ya striminq kimi elektron əməliyyatlara tətbiq olunan tariflərə 28 ildir qüvvədə olan qadağanın uzadılması kimi mövzular daxildir.
Kolumbiya Hüquq Məktəbinin professoru Petros Mavroidis belə deyir: “Əgər ticarətdə tərəfdaşlarınıza zərbə vurursunuzsa, onlardan necə əməkdaşlıq gözləyə bilərsiniz? ABŞ-ın ən böyük üstünlüyü olan yumşaq gücünü itirirsiniz. İndi isə bu üstünlük demək olar ki, yoxa çıxıb və onu yenidən necə bərpa etmək sual altındadır.”
Oxford Economics şirkətinin iqtisadçısı Maykl Pirs hesab edir ki, ABŞ-a qarşı birbaşa ticarət cavab tədbirləri hələlik məhdud olsa da, bu vəziyyətin belə qalacağına zəmanət yoxdur. Onun sözlərinə görə, Trampın siyasəti digər ölkələri də daha proteksionist iqtisadi siyasətlər araşdırmağa təşviq edib.
“Əsas risk ondan ibarətdir ki, zaman keçdikcə cavab reaksiyalarını başqa formalarda görməyə başlaya bilərik,” — deyə o bildirir. “Məhz bu şəkildə ticarət müharibəsinin yaratdığı zərər geniş miqyasda yayılır.”
4. ABŞ-da qiymətlər artır
“Azadlıq Günü”ndə Donald Trampın tətbiq etməklə hədələdiyi və ciddi narahatlıq doğuran tariflər sonradan yumşaldıldı. Prezident bir çox malları istisna siyahısına daxil etdi və daha aşağı tarif dərəcələri ilə razılaşan ölkələrlə sazişlər bağladı. Həmin vaxt verilən böyük vədlər isə reallaşmadı.
Tax Foundation təşkilatının (Vergi Fondunun) hökumət məlumatlarına əsaslanan təhlilinə görə, istehsal sektoru ötən ilin böyük hissəsini daralma vəziyyətində keçirdi. Əczaçılıq şirkətləri kimi bəzi firmaların investisiyaları artırmaq vədlərinə baxmayaraq, ABŞ-a xarici investisiya axını da azaldı.
Fevral ayında isə ABŞ Ali Məhkəməsi “Azadlıq Günü” tariflərini tamamilə ləğv etdi və hökumətin ötən il topladığı tarif gəlirlərinin qanuniliyini də sual altına aldı. ABŞ artıq topladığı 260 milyard dolların yarıdan çoxunu geri qaytarmaq öhdəliyi ilə üz-üzə qalıb.
Ağ Ev bildirib ki, həyata keçirilən siyasətlərin nəticə verməsi üçün vaxt lazımdır. Bununla da, şirkətlər ilə ölkələrin böyük investisiya vədlərinə diqqət çəkib. Lakin hazırda tariflərin ABŞ daxilində əsas nəticəsi biznes üçün çətinliklər və istehlakçılar üçün daha yüksək qiymətlər olub. Goldman Sachs bankının ötən ilin oktyabr ayındakı hesablamalarına görə, yeni rüsumların təxminən 55%-i istehlakçıların üzərinə ötürülüb.
Maykl Pirsin sözlərinə görə, bu amil ABŞ-da inflyasiyanı təxminən yarım faiz bəndi artıraraq, tariflər olmasaydı gözlənilən səviyyə ilə müqayisədə göstəricini təxminən 3%-ə çatdırıb. Alıcılıq qabiliyyəti bir çox seçici üçün əsas məsələ olaraq qalarkən, bu vəziyyət noyabrda keçiriləcək aralıq seçkilər öncəsi respublikaçıların siyasi kampaniyasını çətinləşdirib.
Tariflər istehlak xərclərinə və biznes aktivliyinə mənfi təsir göstərsə də, iqtisadiyyat yenə də 2,1% artım nümayiş etdirib, işsizlik səviyyəsi isə dekabr ayında 4,4% olub. Maykl Pirs bildirir: “Bu siyasət çox səs-küy yaradıb, lakin onun makroiqtisadi baxımdan çox ciddi mənfi təsir göstərdiyini demək çətindir.” Ali Məhkəmənin qərarından sonra Ağ Ev tarif siyasətini digər qanunvericilik mexanizmləri vasitəsilə yenidən tətbiq etməyə çalışacağını açıqlayıb. Trampın seçkilər ərəfəsində bu istiqamətdə nə qədər irəli gedəcəyi isə hələlik bəlli deyil. Tax Foundation təşkilatının federal vergi siyasəti üzrə vitse-prezidenti Erika York isə hesab edir: “Bizim bir daha ‘Azadlıq Günü’ səviyyəsində tariflərə qayıdacağımızı düşünmürəm."
Aytən Feyzili,
BSU-nun tələbəsi