İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Böyük Britaniyada fəaliyyət göstərən nüfuzlu beynəlxalq media qurumu – “Brands Review Magazine Ltd” tərəfindən təşkil olunan “Brands Review Magazine Awards 2026” beynəlxalq müsabiqəsində yeni kateqoriyalar üzrə qalib elan olunub. Mərkəz “Məlumatəsaslı idarəetmədə mükəmməllik – vahid elektron hesabat və monitorinq platforması vasitəsilə” (Excellence in Data-Driven Governance via Single Electronic Reporting and Monitoring Platform) və “Ən yaxşı süni intellektlə dəstəklənən vahid elektron hesabat və monitorinq platforması” (Best AI-Enabled Single Electronic Reporting and Monitoring Platform) mükafatları qazanıb.
“İki sahil” xəbər verir ki, bu mükafatlar İİTKM-in dövlət idarəçiliyində süni intellekt əsaslı idarəetmə modelini formalaşdırması, vahid elektron hesabatlılıq və monitorinq platforması vasitəsilə məlumat əsaslı qərarvermə mexanizmlərini institusionallaşdırması və rəqəmsal transformasiya sahəsində qabaqcıl texnoloji həllər tətbiq etməsi istiqamətində əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
Qiymətləndirmə prosesində Mərkəzin dövlət proqramlarının icrasına nəzarət və nəticələrin ölçülməsi üçün qurduğu süni intellektə inteqrasiya olunmuş çevik məlumat idarəetmə sistemi xüsusi vurğulanıb. Bu sistem çərçivəsində real vaxt rejimində analitik hesabatlılıq, coğrafi informasiya sistemləri (GİS) əsasında vizuallaşdırma, video-monitorinq imkanları, nəticəyönlü idarəetmə və performans indikatorları, məlumatların mərkəzləşdirilmiş və təhlükəsiz emalı mexanizmləri uğurla inteqrasiya olunub.
Qeyd edək ki, əldə edilən bu nailiyyət “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” ilə tam uzlaşır. Strategiyada dövlət idarəçiliyində süni intellekt texnologiyalarının tətbiqi, məlumat əsaslı idarəetmə modelinin genişləndirilməsi, ağıllı hökumət alətlərinin inkişafı və rəqəmsal qərarvermə sistemlərinin institusionallaşdırılması əsas prioritet istiqamətlər kimi müəyyən edilib. İİTKM-in vahid elektron hesabatlılıq və monitorinq platforması bu prioritetlərin praktik həyata keçirilməsinin konkret nümunəsidir.
“İnnovasiya” istiqaməti üzrə keçirilən beynəlxalq qiymətləndirmədə yalnız dövlət qurumları deyil, həm də müxtəlif ölkələrdən özəl sektor nümayəndələri, texnoloji startaplar və qabaqcıl idarəetmə institutları iştirak edib. İİTKM-in qalib seçilməsi onun qlobal miqyasda “data-driven governance və AI-enabled public administration” sahəsində lider institusional aktor kimi mövqeyini bir daha təsdiqləyir.
Əldə olunmuş mükafatlar göstərir ki, İİTKM tərəfindən formalaşdırılmış süni intellekt əsaslı monitorinq və qiymətləndirmə arxitekturası artıq yalnız milli səviyyədə deyil, beynəlxalq müstəvidə də qabaqcıl və tətbiq oluna bilən model kimi qəbul edilir. Bu isə Azərbaycanın rəqəmsal dövlətçilik və süni intellekt yönümlü idarəetmə sahəsində regional liderliyini və qlobal innovasiya ekosistemində artan rolunu nümayiş etdirir.