ASF bildirir ki, son yağıntılardan sonra 2100 hektardan çox əkin sahələrinə zərər dəyib
Son vaxtlar ölkəmizdə qeydə alınan intensiv yağışlar genişmiqyaslı subasmalara və daşqınlara səbəb olub. Məhz bunun nətixəsində də kənd təsərrüfatına ciddi ziyan dəyib. Bir çox bölgələrdə əkin sahələri, meyvə bağları və heyvandarlıq təsərrüfatları sel, torpaq sürüşməsi və nəmlik səbəbindən ağır ziyan görüb. Yağıntının təsiri ilə bağlı kənd təsərrüfatı məhsullarının itirilməsi, torpaq eroziyası və məhsuldarlığın azalması aqrar sahədə fəaliyyət göstərənlər üçün böyük problemlər yaradıb.

Xüsusilə bununla əlaqədar olaraq təsərrüfatı zərər çəkən sığortalı fermerlərin Aqrar Sığorta Fonduna (ASF) müraciətləri kəskin artıb. Müraciətlərə əsasən subasma halları tarla bitkiləri ilə yanaşı, meyvə bağlarında da baş verib. Təsərrüfatlara zərər dəyməsi ilə bağlı əsas müraciətlər Quba-Xaçmaz, Dağlıq Şirvan, Şirvan-Salyan və Qarabağ regionlarında qeydə alınıb. Son məlumatlara görə, güclü yağış nəticəsində ən çox zərər hadisələri Xaçmaz və Şabran rayonlarında baş verib. Hətta bəzi əkin sahələrində suyun hündürlüyü 60 santimetrədək yüksəlib.
Qeyd edək ki, Dağlıq Şirvan regionundan ASF-ə daxil olmuş müraciətlər, əsasən, Ağsu, Şamaxı, Qobustan, Hacıqabul rayonlarının 10-dan çox kəndləri üzrə olub. Xüsusilə Fonda daxil olan müraciətlərdə bildirilir ki, Pirsaat çayının daşması nəticəsində Hacıqabul rayonunun Qızılburun kəndindəki arpa sahəsini su basıb.
Ümumilikdə isə ölkə üzrə Fond tərəfindən 2100 hektardan çox əkin sahələrinə zərər dəyməsi barədə müraciətlər qeydə alınıb. Sığortalı fermerlərin artan müraciətlərinin qeydə alınması məqsədilə güclü yağış davam edən dövrdə hətta istirahət günlərində belə Fondun 1651 Çağrı mərkəzi gücləndirilmiş rejimdə fasiləsiz fəaliyyət göstərib. Belə ki, ASF-ə daxil olan bütün müraciətlər qeydə alınıb, ərazilərə baxış keçirilməsi, hadisələrin araşdırılması və zərərin qiymətləndirilməsi məqsədilə bölgələrə aqrar sığorta ekspertləri göndərilib.
Aprelin 2-dən etibarən bölgələrdə subasma baş vermiş əkin sahələrində müstəqil ekspertlər tərəfindən zərərin qiymətləndirilməsi prosesinə başlanılıb. Bununla yanaşı, fond hadisə baş vermiş ərazilərdə zərərin vaxtında qiymətləndirilməsi üçün sığortalı fermerləri öz əkin sahələrini baş çəkməyə və hər hansı hadisə müşahidə etdikdə dərhal çağrı mərkəzinə məlumat verməyi tövsiyə edib.
ASF bildirir ki, Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi 41 bitki və bitki məhsulunu çoxsaylı risklərdən mühafizə edir. Sözügedən risklərə dolu, fırtına-qasırğa, sel-subasma, leysan, şaxtavurma, normadan artıq qar yağması, yanğın, torpaq sürüşməsi və s. hallar daxildir.
Qaydalara əsasən, əkin sahələrini sığorta edərkən sığorta haqqının 50 faizini dövlət ödəyir. Bunun da nəticəsində fermerlər cüzi ödəniş etməklə əkin sahələrini sığorta edə bilirlər. Məsələn, hazırda subasma halları ilə bağlı ən çox müraciətlərin daxil olduğu Quba-Xaçmaz bölgəsində 1000 manatlıq məhsul olan 1 hektar buğda sahəsinin sığortalanması fermerə cəmi 6,65 manata, arpa sahəsinin sığortası isə cəmi 8,05 manata başa gəlir. Həmçinin subasma hallarının baş verdiyi Dağlıq Şirvan bölgəsində isə 1000 manatlıq məhsul olan 1 hektar buğda sahəsinin sığortalanması fermerə cəmi 10,80 manata, arpa sahəsinin sığortası isə cəmi 13,65 manata başa gəlir.
Göründüyü kimi, məhsulunu sığortalayan fermer az xərc çəkməklə rməhsulunu sığortalamış olur. Ona görə də dövlətin Aqrar Sığorta Fondu vasitəsi ilə feremerlərə etdiyi sığorta güzəştlərindən yararlanmaq həm də bol ruzi və firavanlıq deməkdir. Eyni zamanda, aqrar sığorta fermerin ən yaxşı maliyyə dəstəyidir.
Elçin Zaman, «İki sahil»