08 aprel 2026 23:13
110

Şahin Bağırov: Gömrük orqanları sahibkarlarla dialoqun qurulmasına önəm verir

Dövlət Gömrük Komitəsinin (DGK) sədri gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib ki, gömrük-biznes münasibətlərinin tərəfdaşlıq prinsipləri əsasında qurulması, biznes subyektlərinin məmnunluğunun təmin edilməsi gömrük xidmətinin əsas strateji hədəflərindən biridir.

“İki sahil” DGK-ya istinadən xəbər verir ki, Ş. Bağırov bu barədə DGK-nın dəstəyi, "Caspian Energy Club" və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən Milli Biznesin İnkişafı Forumunun XIV xüsusi sessiyasında danışıb.

Bildirilib ki, tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən biznes subyektlərinin nümayəndələri iştirak ediblər.

DKG sədri qeyd edib ki, gömrük orqanları müxtəlif platformalarda sahibkarlarla səmərəli, işgüzar dialoqun qurulmasına, gömrük sistemində tətbiq ediləcək yeniliklərin, layihələrin biznes nümayəndələri ilə birlikdə müzakirə edilərək onların təklif və rəylərinin öyrənilməsinə xüsusi önəm verir.

"Caspian Energy Club"ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev DGK ilə ictimaiyyət arasındakı açıq və konstruktiv dialoqdan məmnunluqla bəhs edərək gömrük orqanlarının sahibkarların müraciətlərinə həssaslıqla yanaşdığını, qaldırılan məsələlərin həlli istiqamətində operativ addımlar atıldığını bildirib.

O da qeyd olunub ki, Dövlət Gömrük Komitəsi ilə "Caspian Energy Club" arasında fəaliyyət göstərən birgə işçi qrupu çərçivəsində sahibkarların qaldırdıqları məsələlər, eləcə də təkliflər birlikdə müzakirə olunur, effektiv həll yolları araşdırılır.

Sonra sessiya müzakirələrlə davam edib.

Müzakirələr zamanı biznes subyektləri tərəfindən səsləndirilən təklif və rəylər dinlənilib, suallar ətraflı cavablandırılıb.

Sessiya çərçivəsində bəzi biznes subyektlərinə "Caspian Energy Club"ın üzvlük sertifikatları təqdim olunub.

Tədbirin sonunda iştirakçılar Dövlət Gömrük Komitəsinin yeni inzibati binası ilə tanış olublar.