13 aprel 2026 14:15
143

İİTKM nümayəndəsi vergi inzibatçılığı sahəsində beynəlxalq seminarda çıxış edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Əbdülrəhim Dadaşov Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq seminarda çıxış edib.

“İki sahil” xəbər verir ki,  “Vergi inzibatçılığında rəqəmsal təhlillər üzrə təcrübə icmasının formalaşdırılması” mövzusuna həsr olunmuş seminarda vergi inzibatçılığında rəqəmsal təhlil, məlumatların emalı və analitik alətlərdən istifadə üsulları mövzularında beynəlxalq təcrübələr, xüsusilə iştirakçı ölkələr üzrə mövcud vəziyyəti əks etdirən təqdimatlar dinlənilib, ekspertlərlə müzakirələr aparılıb. Əbdülrəhim Dadaşov Azərbaycanda rəqəmsal vergi inzibatçılığı və vergi sisteminin elektronlaşdırılması səviyyəsi və tətbiqi çərçivəsi ilə bağlı təqdimatla çıxış edib. O, vergi islahatları, elektron xidmətlərin genişləndirilməsi ilə bağlı ölkə təcrübəsini auditoriya ilə bölüşüb.

BVF-nin Qafqaz, Mərkəzi Asiya və Monqolustan ölkələri üzrə Regional Potensialın Gücləndirilməsi Mərkəzi (CCAMTAC) tərəfindən təşkil olunan tədbirdə Qafqaz və Mərkəzi Asiya regionuna daxil olan 10 ölkədən 20 nümayəndə iştirak edib. Onlara vergi inzibatçılığında məlumat axınlarının idarə olunması və data analitikası sahəsində mütərəqqi yanaşmaları öyrənmək, habelə müxtəlif ölkələrin təcrübələri ilə tanış olmaq imkanı yaradılıb. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.