Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə Yaxın Şərqdə baş verən proseslərin ölkədə inflyasiyaya təsirinin hələlik qeyri-müəyyən olduğunu bildirib.
“İki sahil” xəbər verir ki, o, bu barədə “Maliyyə sabitliyi hesabatı”nın təqdimatına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
Ş. Mahmudzadənin sözlərinə görə, regionda gedən proseslərin inflyasiya baxımından qiymətləndirilməsi zamanı bir neçə mühüm amil nəzərə alınmalıdır. Belə ki, neft qiymətlərinin artması Azərbaycanın ixrac gəlirlərinin və valyuta ehtiyatlarının yüksəlməsinə, eyni zamanda tədiyə balansının möhkəmlənməsinə şərait yaradır.
Bununla yanaşı, o qeyd edib ki, neftin bahalaşması bəzi tərəfdaş ölkələrdə inflyasiyanın artmasına səbəb olur ki, bu da Azərbaycana idxal inflyasiyası kimi ötürülə bilər. Baş direktor vurğulayıb ki, ölkənin əsas ticarət tərəfdaşlarının əksəriyyətinin neft idxal edən dövlətlər olması həmin ölkələrin milli valyutalarının zəifləməsinə gətirib çıxarır. Nəticədə isə həm məzənnə təzyiqləri artır, həm də inflyasiya yüksəlir.
Mərkəzi Bank rəsmisi bildirib ki, mövcud şəraitdə Yaxın Şərqdə baş verən proseslərin yekun təsirlərini dəqiq proqnozlaşdırmaq çətindir. Bu baxımdan, inflyasiya üzrə yenilənmiş proqnozların may ayının əvvəlində açıqlanacağı gözlənilir.
Ş. Mahmudzadə əlavə edib ki, hazırda maliyyə sektoruna ciddi risklər müşahidə olunmur. Bununla belə, qlobal və regional proseslər diqqətlə izlənilir və zərurət yaranacağı təqdirdə müvafiq tənzimləyici tədbirlər görüləcək.