15 aprel 2026 19:02
161

Sizin simanızda Vətənə sevgi, güc və qürur yaşayır

44 günlük haqq savaşımızda Vətənin yaşaması, xalqın azad, xoşbəxt gələcəyi naminə ömrünün 42-ci ilində canını fəda edən, Astara elində boya-başa çatan mayor Kamran Fərəcovun ad çəkiləndə bütün Azərbaycan qürur duyur. Savaş meydanında şəhid olan Kamran torpağa gömülmədi, qazanılan parlaq qələməmizin qəhrəmanlıq simvoluna çevrildi. O, cismən aramızdan gedib, keçdiyi həyat yolu millətinə şərəfdir. Gələcək nəsillər də ona Vətənə, torpağa məhəbbət, sevgi mücəssəməsi kimi ehtiram göstərərlər.

Kamran Fərəcov qısa ömrünə qəhrəmanlıq, mərdliklə bərabər, həm də yaxşı ailə başçısı olmağı da sığdıra bilib. Özündən sonra Dəniz və Şəms adında iki qız uşağını elinə əmanət qoyub. Həyat yoldaşa Nuranə müəllim hazırda Astara Pedaqoji Kollecində çalışır. Sağlam əqidə, zəngin mənəviyyat, yüksək mədəniyyət sahibi olan bu Azərbaycan xanımın sevdalandığı ali məqsəd gözəl həyat naminə bacardıqca yaxşı işlər görməkdir. Qızlarını da Vətənə ləyaqətli vətəndaş kimi böyüdür.

Nurana müəllimin çalışdığı pedaqoji kollecdə Dəniz və Şəmsin ad günlər münasibətilə tədbir oldu. Kollecin direktoru, professor, şəhid atası Kamran Kazımov gül balalarına təbrikində dedi: - Bu gün Vətən uğrunda canından keçmiş qəhrəman şəhidimiz Kamran Fərəcovun bizə əmanəti olan övladlarının -Dəniz və Şəmsin doğum günüdür.

Şəhidlərimizin əmanətləri bizim üçün ən ali dəyər, ən müqəddəs mirasdır. Onların hər biri xalqımızın qüruru, gələcəyimizin ümididir.

Əziz balalarımız, sizi doğum günün münasibətilə kollec kollektivi adından səmimi qəlbdən təbrik edirik. Siz qəhrəman bir şəhidin övladı kimi hər zaman diqqət və ehtiram mərkəzindəsiniz. Sizin simanızda Vətənə sevgi, güc və qürur yaşayır.

Şəhidlərimizin bizə əmanət qoyduğu ailələr hər zaman diqqət və ehtiramımızdadır. Onların yanında olmaq, sevincini bölüşmək bizim üçün mənəvi borcdur.

Dəyərli həmkarımız, Nuranə müəllim. Sizə də bu əlamətdar gün münasibətilə səbir, güc və övlad sevincinin daim həyatınıza nur saçmasını arzulayırıq.

Şəhidimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayır və yaşayacaqdır.

Doğum gününüz mübarək, Dəniz və Şəms. Adlarınız kimi ömrünüz də dərin mənalı və işıqlı olsun.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü