03 noyabr 2026 14:42
120

Putin onu Təhlükəsizlik Şurasının tərkibinə DAXİL ETDİ

Rusiya Prezidenti Vladimir Putin Baş nazirin müavini - Uzaq Şərq üzrə səlahiyyətli nümayəndə Oleq Kojemyakonı Təhlükəsizlik Şurasının tərkibinə daxil edib.

“İki sahil” xəbər verir ki, müvafiq fərman hüquqi məlumatların rəsmi portalında dərc olunub.

Həmin fərmanla Yuri Trutnev Təhlükəsizlik Şurasının tərkibindən çıxarılıb. O, oktyabr ayında Baş nazirin müavini - Prezidentin Uzaq Şərq üzrə səlahiyyətli nümayəndəsi vəzifəsindən ayrılaraq dövlət başçısının köməkçisi postuna keçib.

Sənəd imzalandığı gündən qüvvəyə minir.

Oleq Kojemyako 2005-ci ildən Koryak Muxtar Dairəsinə (2007-ci ildə Kamçatka vilayəti ilə birləşdirilib), Amur və Saxalin vilayətlərinə, həmçinin Primorye diyarına rəhbərlik edib. Oktyabrın 19-da hökumətdəki kadr dəyişikliklərinin yekunlarına əsasən, o, Primorye diyarının rəhbəri vəzifəsindən ayrılıb və Yuri Trutnevi Baş nazirin müavini və Prezidentin Uzaq Şərq üzrə səlahiyyətli nümayəndəsi postunda əvəz edib.