16 aprel 2026 16:15
160

Epizootik sabitlik üçün innovativ addımlar atılır, PEYK VƏ DRONLARIN TƏTBİQİ PLANLAŞDIRILIR - ÖZƏL

Epizootik təhlükəsizliyin gücləndirilməsi məqsədilə ölkədə innovativ texnologiyaların və rəqəmsal idarəetmə həllərinin tətbiqi istiqamətində ardıcıl işlər həyata keçirilir.

Bunu Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin direktoru Yusif İbrahimov “İki sahil”ə müsahibəsində qeyd edib.

Onun sözlərinə görə, bu çərçivədə peyk müşahidəsi, dron texnologiyaları və ağıllı identifikasiya sistemləri kimi müasir yanaşmaların mərhələli şəkildə tətbiqi nəzərdə tutulur.

Y.İbrahimov vurğulayıb ki, Aqrar Xidmətlər Agentliyi innovativ və rəqəmsal idarəetmənin genişləndirilməsi istiqamətində davamlı addımlar atır. Fermerlərin və təsərrüfatların məlumat bazası mərkəzləşdirilmiş sistemdə toplanır ki, bu da həm şəffaflığın artırılmasına, həm də qərarvermə proseslərinin optimallaşdırılmasına imkan yaradır. Nəticədə kənd təsərrüfatı və baytarlıq xidmətləri daha operativ və dəqiq şəkildə həyata keçirilir, resurslardan səmərəli istifadə təmin olunur.

O əlavə edib ki, bu istiqamətdə EKTİS sistemində baytarlıq modulunun təkmilləşdirilməsi, xidmətlərin rəqəmsallaşdırılması və real vaxt rejimində hesabatlılıq sisteminin yaradılması hədəflənib və artıq işlərə başlanılıb. Həmsöhbətimiz bildirib ki, peyvəndləmə tədbirlərinin hesabatlılığı və heyvan xəstəlikləri ilə bağlı məlumatların ilkin mənbələrdən rəqəmsal sistemə ötürülməsi istiqamətində də işlər davam etdirilir.

Direktor vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə ilk dəfə olaraq aidiyyəti qurumlarla birgə helikopterlər vasitəsilə vəhşi ətyeyən heyvanların quduzluq xəstəliyinə qarşı aldadıcı yemlərlə peyvəndlənməsi həyata keçiriləcək. Onun sözlərinə görə, bütün bu texnoloji yeniliklər və tədbirlər baytarlıq xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, heyvan sağlamlığının qorunmasına, xəstəliklərin qarşısının alınmasına və ölkədə epizootik sabitliyin təmin olunmasına xidmət edir.

Yaqut Ağaşahqızı, “İki sahil”