Mərhum akademik Tofiq İsmayıl oğlu Hacıyevin 90 yaşı tamam olur. On ilə yaxın bir müddətdə biz ondan cismən ayrılsaq da, mənən onun xatirələri ilə birlikdə, yazıb-yaratdığı onlarla elmi əsərləri ilə üz-üzəyik. O, böyük və qədim bir xalqın zəngin dilinin tədqiqatçısı, mənsub olduğu millətin milli müdafiəçisi və onun təbliğatçısı idi.
Görkəmli alim 1936-cı il may ayının 1-də qədim Qarabağ torpağında-Cəbrayıl rayonunun Soltanlı kəndində dünyaya göz açmışdır. Elm aləminə “Azərbaycan dilinin Cəbrayıl şivəsi” ilə qədəm qoyan gənc tədqiqatçı sonradan onlarla elmi əsəri, yüzlərlə elmi məqaləsi ilə ana laylası qədər şirin olan dilimizin ən məhsuldar tədqiqatçılarından birinə çevrildi.
Tofiq Hacıyev bir-birinin ardınca yazıb nəşr etdirdiyi “Satira dili”, “Azərbaycan ədəbi dili tarixi (Təşəkkül dövrü)”, “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili”, “Yazıçı dili və ideya-bədii təhlil”, “Sabir: qaynaqlar və sələflər”, “Azərbaycan dili tarixi”(K.Vəliyevlə birlikdə), “Molla Nəsrəddinin dili və üslubu”, “Azərbaycan ədəbi dili tarixi II hissə”, “Şeirimiz, nəsrimiz, ədəbi dilimiz”, “Azərbaycan dili”(Z.Budaqova ilə birlikdə), “Füzuli dili: dil sənətkarlığı”, “Dədə Qorqud: dilimiz, düşüncəmiz”, “Azərbaycan ədəbi dili tarixi (I,II hissə), “Türklər üçün ortaq ünsiyyət dili”, “Üzeyir Hacıbəylinin bədii dili”kitablarını geniş oxucu kütləsinə təqdim etmişdir.
Akademikin yaradıcılığının əsas hissəsi elmi-dilçilik məsələləri, türkologiya ilə bağlı olsa da, zəngin bir qolunu da tərcümə yaradıcılığı təşkil edir. Alim tərcümə işinə hələ gənc yaşlarından başlamış və elə o zamandan bu sahəyə başçılıq edənlərdən biri və demək olar ki, birincisi, böyük ədəbiyyatşünas alim Ə.Sultanlının diqqətini cəlb etmiş, Roma ədəbiyyatının görkəmli nümayəndələrindən olan Mark Tulli Siseronun əsərlərinin bəzi bölmələrinin tərcüməsini ona həvalə edilmiş, 1959-cu ildə Bakı Dövlət Universitetinin nəşriyyatında çapdan çıxan “Roma ədəbiyyatı müntəxəbatı”(tərtib edəni Ə. Sultanlı) antologiyasının geniş bir bölməsinin tərcüməsi hələ tələbəlik illərindən ayrılmamış bu gənc, gələcək türkoloqa – dilçiyə tapşırılmışdır.
Uzun müddət bu sahə ilə məşğul olmayan görkəmli alim təqribən 40 ildən sonra elmi yaradıcılığı ilə yanaşı, tərcümə yaradıcılığına da geniş yer vermiş, 1997-ci ildən başlayaraq bir-birinin ardınca türklərin, o cümlədən onların dillərinin tarixindən bəhs edən beş əsəri − Murad Adcının “Qıpçaq çölünün yovşanı” (1997), B.A.Serebrennikov və N.Z.Hacıyevanın birlikdə yazdıqları “Türk dillərinin müqayisəli tarixi qrammatikası” (2002), Mikayıl Baştunun “Şan qızı dastanı” (2005), yenə də M.Adcının “Türk və dünya: munis tariximiz” (2006) və Seyid Əhməd Cəmaləddin Mühənnanın “Hilyətül-insan və həlbətül lisan” (2008) əsərlərini rus dilindən Azərbaycan türkcəsinə tərcümə etmişdir.
Akademikin uzunmüddətli və gərgin zəhməti Azərbaycan və Türkiyə dövlətləri tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il tarixli Fərmanı ilə Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, 2009-cu ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuş, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir. Görkəmli alimin türk dili ilə bağlı araşdırmaları Türkiyə Cumhuriyyətinin də diqqətindən kənarda qalmamışdır. O, Türkiyə Cumhuriyyəti Atatürk Kültür, Dil və Tarix Qurumunun fəxri üzvü seçilmiş, Türkiyə Cümhuriyyətinin “Ləyaqət” medalına layiq görülmüşdür.
Akademikin dilçilik sahəsindəki fəaliyyəti çoxcəhətli və geniş olduğu kimi, dilçi kadrların yetişməsində də zəhməti böyükdür. 2006-cı ilə qədər Tofiq müəllimin rəhbərliyi altında 15 nəfər aspirant və dissertant elmlər namizədi, 5 nəfər isə elmlər doktoru elmi adını qazanmışdır. Bunlardan yuxarıda qeyd etdiyim kimi, dörd nəfərinin − Abdullayev Sərxan Əvəz oğlunun, Əzizov Elbrus İslam oğlunun, Cəfərov Nizami Qulu oğlunun və bir də mənim – Zeynalov Sərdar Səyyad oğlunun namizədlik dissertasiyası müdafiə edərkən elmi rəhbəri, doktorluq dissertasiyası müdafiə edərkən isə elmi məsləhətçisi olmuşdur.
Tofiq müəllimin hər kəsə qismət olmayan sərhədsiz elmi yaradıcılığını onun insanlığı, sadəliyi insanlara, elmi savadı mükəmməl olub bu sahədən uzaq düşənlərə göstərdiyi köməyini bir-biri ilə müqayisə edəndə, ondakı insani keyfiyyətlərin alimliyin fövqündə olması fikrinə gəlirəm.
Mən elm sahəsində nə qazanmışamsa, nələr əldə etmişəmsə bunun üçün o müqəddəs insana borcluyam. Mən gəncliyimdə Tofiq müəllimin yazdığı əsərlərlə tanış olsam da, onunla heç vaxt qarşı-qarşıya gəlməmişdim. Onunla ilk tanışlığım 1992-ci ildə indiki “Sahil” bağının yanında Müəllimləri Təkmilləşdirmə İnstitutunun binasında olmuşdur. Mənə elə gəlir ki, Bakı şəhərindəki orta məktəblərdə çalışan Azərbaycan dili müəllimləri ilə orta məktəblər üçün Azərbaycan dili dərslikləri hazırlayıb nəşr etdirən dərslik müəlliflərinin görüşündə olub. Həmin vaxt mən Sabunçu rayonunda yerləşən orta məktəblərdən birində dil-ədəbiyyat müəllimi işləyirdim və ona görə o tədbirə mən də dəvət almışdım.
Bu görüş Tofiq müəllimin təşəbbüsü ilə təşkil edilmişdi.
Burada müəllimlər dərsliklərdə olan bəzi zəif cəhətlər haqqında danışır, müəlliflər isə bu qaranlıq cəhətlərə aydınlıq gətirməyə çalışırdılar. Mən də söz alıb ayağa qalxdım və dərsliklərlə bağlı bir neçə iradımı bildirdim. Sonra isə 7-8-ci siniflər üçün nəşr edilən “Azərbaycan dili” dərsliyində cümləyə verilən “Bitmiş fikir ifadə edən sözlərin birləşməsinə və ya bir sözə cümlə deyilir” forma və məzmunlu tərifi nümunə gətirib qeyd etdim ki, bu tərif məzmun və ifadə cəhətdən çox qüsurludur. Biz bu tərifi hissələrə bölüb ona məntiqi cəhətdən yanaşsaq, bu, normal qəbul edilməyəcək. Məsələn, “sözlərin birləşməsinə cümlə deyilir”, “bir sözə cümlə deyilir” ifadələri məntiqi cəhətdən normal yanaşma deyil. Kitab müəlliflərinin hərəsi bir yandan mənim söylədiyim iradlara öz etirazlarını bildirməyə başladılar. Bu zaman heç vaxt üzünü görmədiyim və şəxsən tanımadığım bir gənc oğlan ayağa qalxıb mənim qeyd etdiyim iradların çox düzgün və obyektiv olduğunu təsdiqlədi (Sonradan öyrəndim ki, həmin gənc bu gün AMEA-nın akademiki olan çox hörmət etdiyim professor Nizami Cəfərovdur).
Tədbiri aparan Tofiq müəllim ayağa qalxıb üzünü müəlliflərə tutub dedi: “Sizi yerində oturtsa, bu cür orta məktəb müəllimləri oturdacaq. Mən deyəndə ki, hazırladığınız kitablar nöqsanlıdır, etiraz edirdiniz. Söyləyirdiniz ki, nöqsanlar olsa, müəllimlər yazıb bildirərdilər. Bu da sizin dediyiniz o orta məktəb müəllimi!” Sonra üzünü yanında oturub dəftərçəsinə hərdənbir nələrisə qeyd edən köməkçisinə tutub dedi: “Kafedranın telefon nömrəsini ona ver”. Sonra da üzünü mənə çevirib dedi: “Sabah kafedrada səni gözləyəcəyəm, yanıma gələrsən!” Səhəri gün universitetə gedib birinci mərtəbədə Tofiq müəllimin oturduğu kafedranın yerini öyrəndim, lakin bəzi səbəblərdən yanına getmədim...
Fərqinə varmadan yenə orta məktəbdə öz işimlə məşğul oldum. Ancaq sakit dayanmadım. 3-cü sinifdən başlayaraq 10-cu sinfə qədər nəşr olunan bütün Azərbaycan dili dərslikləri haqqında tənqidi məqalələr yazıb mərkəzi qəzetlərdə dərc etdirməyə davam etdim. Aradan beş il keçəndən sonra bir gün qeyd etdiyim tədbirdə tanış olduğum Nizami Cəfərov məni də AzTV–də müəllifi olduğu “Azərbaycan dili” verilişinə dəvət etdi. Həmin verilişdə biz yenə orta məktəbin Azərbaycan dili dərsliklərinin birinin müəllifi ilə üz-üzə gəldik və dərslikdə olan bəzi nöqsanları dilə gətirdik.
Səhəri gün Tofiq müəllimin məni axtardığını və onunla görüşməyimin vacib olduğunu bildirdilər. Həmin vaxt qəbuluna getdim. Aradan ötən bu beş ildə harada olduğumla maraqlandı. Azərbaycan dili dərslikləri ilə bağlı məqaləm çıxan bir qəzeti stolun üstünə qoyub, yazılarımla tanış olduğunu söylədi. Məni dissertant kimi bu sahəyə cəlb edib müdafiəmə kömək edəcəyinə söz verdi.
Mən bundan əvvəl hələ 25 yaşım tamam olmamış üç elmi müəssisəyə müraciət edib mövzu götürdüyümü, məndən asılı olmayan səbəblərə görə başa çatdıra bilmədiyimi söylədim. Gülüb, onların geridə qaldığını, bundan sonra hər şeyin yaxşı olacağını söylədi. Yazılarıma uyğun bir mövzunun işlənib başa çatdırılmasında yardımını əsirgəmədi.
İki il müddətinə namizədlik dissertasiyamı yazıb başa çatdıraraq müdafiə etdim. Onun ardınca, aradan çox keçməmiş, Tofiq müəllim doktorluq dissertasiyası üçün yeni bir mövzunu işləməyi məsləhət gördü. Mövzunu rəsmi şəkildə təsdiq elətdirdikdən sonra, yenə də qısa müddətdə yazıb başa çatdırdım.
Yenə də özümdən asılı olmayan səbəblərə görə 10 ildən artıq bir müddət ötdü. Ən nəhayət gec də olsa, yenə də Tofiq müəllimin mənə bəslədiyi ümid, göstərdiyi səmimi münasibət və qayğı məni öz sözümdən dönməyə vadar etdi. Onun qayğısı sayəsində bu böyük insanın mənə bəslədiyi ümidi doğrultmağa nail oldum və özümü əbədi olaraq bu böyüklüyü qədər də sadə olan insana borclu bildim Onun borcundan cüzi də olsa çıxmaq üçün yollar axtarmağa başladım.
Nəhayət, Tofiq müəllimin yaradıcılığına həsr etdiyim “Akademik Tofiq Hacıyevin dilçilik görüşləri” adlı 250 səhifəlik monoqrafiyanı nəşr etdirib oxucuların müzakirəsinə verdim. Böyük yolgöstərənimin, görkəmli alimin, əvəzsiz insanın yoxluğu şəraitində bu gün ona təəssüflənirəm ki, yüksək elmi qabiliyyət sahibi, istedadlı gənclərə qayğı göstərib, onların qabiliyyətinin reallaşmasına yardımçı olan Tofiq Hacıyev kimi şəxsiyyətlər indi azdır. Və çox azdır!!!
Sərdar Zeynal,
filologiya elmləri doktoru,
ADPU-nun Müasir Azərbaycan dili kafedrasının professoru