01 may 2026 18:49
122

Rəqəmsal aləmdə sərhədsizlik: Etik normalar sürətlə yox olur

Nəzarətsiz məzmun axını və onun cəmiyyətə təsiri

Son illər “TikTok” və “Instagram” kimi sosial media platformalarında yayılan qeyri-etik və uyğunsuz kontentlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. İzlənmə və paylaşım sayını artırmaq məqsədilə hazırlanan bu məzmunlar cəmiyyətin, xüsusilə də yeniyetmələrin və gənclərin psixososial inkişafına təsirsiz ötüşmür.

Qeyri-etik davranışların normallaşdırılması bu videoların ən ciddi nəticələrindən biri kimi qiymətləndirilir. Sosial şəbəkələrdə təhqir, zorakılıq, şəxsi sərhədlərin pozulması və alçaldıcı “əyləncə” formatında təqdim olunan görüntülər zamanla izləyicilərdə bu davranışlara qarşı həssaslığın azalmasına səbəb olur. Nəticədə, real həyatda qəbul edilməyən davranış modelləri virtual mühitdə “adi” kimi qəbul edilməyə başlayır. Bununla yanaşı, bu tip məzmunlar sosial müqayisə və özünütəsdiq ehtiyacını da kəskin şəkildə artırır. İstifadəçilər daha çox baxış və bəyənmə qazanmaq üçün riskli və etik çərçivələri aşan davranışlara meyil edə bilirlər. Bu isə xüsusilə formalaşma mərhələsində olan gənclərin özünədəyər hissinə və şəxsiyyət kimi inkişafına mənfi təsir göstərir.

Bu videolarda tez-tez rast gəlinən təhqiredici davranışlar, ictimai yerlərdə nümayişkaranə şəkildə sərhədlərin aşılması, ailə və şəxsi münasibətlərin alçaldıcı formada təqdim edilməsi əxlaqi normaların deqradasiyasını sürətləndirən amillər kimi önə çıxır. Xüsusilə gənc auditoriya üçün bu cür məzmunların “trend” kimi təqdim olunması doğru və yanlış arasındakı sərhədlərin itməsinə səbəb olur. Eyni zamanda, sosial mediada populyarlıq uğrunda rəqabət bir çox istifadəçini daha çox diqqət çəkmək üçün cəmiyyət tərəfindən qəbul olunmayan davranışlara yönəldir. Bu isə əxlaq anlayışının fərdi seçim səviyyəsinə endirilməsi ilə nəticələnir. Nəticədə, kollektiv dəyərlər sistemi zəifləyir, ictimai qınaq mexanizmi isə əvvəlki təsir gücünü itirməyə başlayır. Bundan əlavə, qeyri-etik kontentlərin geniş yayılması ailə institutu və sosial münasibətlər sisteminə də təsirsiz ötüşmür. Böyüklərə hörmət, şəxsi məkanın qorunması, qarşılıqlı etik davranış kimi fundamental prinsiplər bu cür məzmunların fonunda arxa plana keçir. Bu isə uzunmüddətli perspektivdə cəmiyyətdə davranış standartlarının dəyişməsinə və daha sərt, hətta aqressiv ünsiyyət modelinin formalaşmasına zəmin yaradır.

Qeyri-etik videolarla yanaşı, saxta xəbərlər və dezinformasiyaların geniş yayılması cəmiyyətin psixososial balansına və əxlaqi dəyərlərinə paralel təsir göstərən əsas amillərdən birinə çevrilib. Belə ki, diqqət çəkmək və daha çox izləyici toplamaq məqsədilə hazırlanan bəzi paylaşımlar reallığı təhrif edən, kontekstdən çıxarılan və ya tamamilə uydurulmuş məlumatlarla müşayiət olunur. Bu isə informasiya istehlakçıları arasında yanlış təsəvvürlərin formalaşmasına, etibarın zəifləməsinə səbəb olur. Xüsusilə emosional təsir gücü yüksək olan videoların üzərində qurulan dezinformasiya daha sürətlə yayılır və geniş auditoriyaya çatır.

Qeyri-etik məzmunla dezinformasiyanın kəsişdiyi nöqtədə isə daha mürəkkəb mənzərə yaranır. Bəzi hallarda şəxslərin nüfuzuna xələl gətirən, onları alçaldan və ya cəmiyyət qarşısında yanlış təqdim edən videolarla məqsədli şəkildə və manipulyasiya xarakterli yayılır. Bu cür paylaşımlar təkcə fərdi hüquqların pozulması ilə nəticələnmir, həm də ictimai rəyin süni şəkildə yönləndirilməsinə xidmət edir.

Saxta xəbərlərin yayılması əxlaqi məsuliyyət anlayışının zəifləməsi ilə də sıx bağlıdır. Məlumatın doğruluğunu yoxlamadan paylaşmaq vərdişi, “ilk paylaşan olmaq” istəyi ilə birləşərək cəmiyyətdə məsuliyyətsiz informasiya dövriyyəsini gücləndirir. Bu isə uzunmüddətli perspektivdə həqiqət anlayışının devalvasiyasına, fakt və manipulyasiya arasındakı sərhədlərin itirilməsinə gətirib çıxarır. Digər tərəfdən, dezinformasiyanın yayılması sosial münasibətlərə də təsirsiz qalmır. Yanlış və yönləndirici məlumatlar cəmiyyətdə gərginliyin artmasına, müxtəlif qruplar arasında etimadsızlığın dərinləşməsinə səbəb ola bilər. Bu fonda yayılan qeyri-etik videolar isə aqressiv davranışların və sosial qarşıdurmanın legitimləşdirilməsinə şərait yaradır.

Mövcud mənzərə onu göstərir ki, rəqəmsal platformalarda paylaşılan məzmunların sürətli dövriyyəsi və nəzarət mexanizmlərinin məhdudluğu əxlaqi sərhədlərin qorunmasını çətinləşdirir. Bu reallıq isə cəmiyyət daxilində rəqəmsal etikaya yanaşmanın yenidən formalaşdırılması və fərdi məsuliyyət hissinin gücləndirilməsi zərurətini ön plana çıxarır.

Uşaqlar və yeniyetmələr üçün artan risklər

Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, ümumiyyətlə, son vaxtlar internetdə, xüsusilə sosial şəbəkələrdə ciddi və narahatedici vəziyyət yaranıb: “Bu mühit demək olar ki, nəzarətsizdir və burada istənilən məzmun paylaşılır. Paylaşılan materialların bir çoxu cəmiyyətin, xüsusilə də uşaqların psixologiyasına, şüuruna və düşüncə tərzinə ciddi zərər vurur. Bu məzmunlara əxlaqsızlıq, narkomaniyanın təbliği, zərərli vərdişlərin təşviqi, aqressiv davranışlar və müxtəlif uyğunsuzluq halları daxildir. Qeyd etmək lazımdır ki, internetin digər resurslarında da vəziyyət ürəkaçan deyil. Müxtəlif saytlarda onlayn qumar oyunlarından tutmuş çoxsaylı təhlükəli platformalar fəaliyyət göstərir.

Məsələnin digər mühüm tərəfi sosial şəbəkə platformaları ilə bağlıdır. Bu platformalar arasında ən riskli hesab edilənlər xüsusilə “TikTok” və “Instagram”dır. Təəssüf ki, bu şəbəkələrdə vəziyyət artıq nəzarətdən çıxıb. İstənilən şəxs istədiyi məzmunu sərbəst şəkildə paylaşa, canlı yayımlar aça bilir. Bu prosesdə çoxsaylı uşaqlar və yeniyetmələr də iştirak edir. Hətta onların bir qismi açıq şəkildə yaşlarını qeyd edirlər. Belə ki, adətən 10, 12, 14 və s. yaşlarda olan istifadəçilərin sayının artığı müşahidə olunur. Bu isə açıq şəkildə nəzarətsizliyin göstəricisidir.”

Valideyn məsuliyyəti və nəzarətin vacibliyi

Sosioloq qeyd etdi ki, sosial media platformalarından nəzarətsiz şəkildə istifadə nəticəsində uşaqların və yeniyetmələrin davranışlarında mənfi tendensiyalar müşahidə olunur: “Bu hallar ailədə, məktəbdə və ümumilikdə cəmiyyətdə özünü göstərir: aqressiya artır, etik normalar pozulur, mənəvi dəyərlərə zidd olan davranışlar çoxalır. Eyni zamanda, sosial media platformaları və bəzi video-oyunlarındakı məzmunlarda zorakılıq hallarının normallaşdırılması nəticəsində uşaq cinayətkarlığında da artım müşahidə edilir.”

Elçin Bayramlının sözlərinə görə, bu problemlə bağlı artıq dünyada ciddi müzakirələr aparılır. Bir çox ölkələrdə uşaqların sosial şəbəkələrə çıxışına məhdudiyyətlər tətbiq olunduğunu qeyd edən sosioloq, bəzi hallarda 18 yaşa qədər istifadəyə icazə verilmədiyini də bildirib: “Bu istiqamətdə qərarlar ardıcıl şəkildə qəbul edilir. Azərbaycanda da bu məsələ uzun müddətdir müzakirə olunur və hesab olunur ki, sosial şəbəkələrə nəzarət gücləndirilməlidir. Müxtəlif texniki vasitələrlə məhdudiyyətlər tətbiq olunmalı, eyni zamanda, müəyyən cəza mexanizmləri nəzərdə tutulmalıdır. Xüsusilə, azyaşlıların sosial şəbəkələrə çıxışına şərait yaradan valideynlərin məsuliyyəti artırılmalıdır. Bundan əlavə, məqsədəuyğun olardı ki, şagirdlər məktəbi bitirənə qədər onların smartfondan istifadəsi məhdudlaşdırılsın. Əlaqə üçün smartfonlar əvəzinə köhnə model telefonlardan istifadə oluna bilər. İnternet resurslarından isə yalnız müəllim və ya valideyn nəzarəti altında, faydalı məqsədlərlə istifadə edilməlidir.”

Ümumi sosial risklər və gələcək üçün təhlükələr

Son vaxtlar uşaqlardan sui-istifadə halları da artığını bildirən sosioloq bəzi valideynlərin uşaqlarını sosial mediada məşhurlaşdırmaq və onlar üzərindən maddi qazanc əldə etmək üçün istifadə etdiklərini vurğuladı: “Həmçinin “xəstə uşaq” adı ilə video yayıb pul toplamaq kimi hallara rast gəlinir və sonradan bu hallarının bir çoxunun saxtakarlıq olduğu üzə çıxır. Bu isə cəmiyyətdə etimadı sarsıdır və həqiqətən yardıma ehtiyacı olan insanlara dəstək göstərilməsinə mənfi təsir edir.

Bütün bunlar cəmiyyətin sosial münasibətlərinə, uşaqların psixologiyasına və ümumi kriminal vəziyyətə mənfi təsir göstərir, sağlam gələcək üçün ciddi təhlükə yaradır. Bu baxımdan hesab olunur ki, Azərbaycanda bu sahə ciddi nəzarətə götürülməlidir. Xüsusilə “TikTok” və “Instagram” kimi platformalarda nəzarət mexanizmləri gücləndirilməlidir. Uşaqlar və yeniyetmələr virtual mühitdən uzaq tutulmalı, qaydaların pozulması halında isə məsuliyyət tədbirləri görülməlidir. Əsas məsuliyyət isə valideynlərin üzərinə düşür. Valideynlər və məktəb müəllimləri uşaqlarının internet fəaliyyətinə daim nəzarət etməli, onların hansı resurslardan istifadə etdiklərindən xəbərdar olmalıdırlar. Nəticə etibarilə, uşaqlar yalnız faydalı məqsədlərlə və böyüklərin nəzarəti altında internetdən istifadə etməlidir. Əks halda, nəzarətsiz və sərhədsiz internet mühiti xüsusilə uşaqlar və yeniyetmələr üçün ciddi təhlükə mənbəyinə çevriləcək.”

Şahnigar Əhmədova, “İki sahil”