06 may 2026 13:31
128

Aqrar Xidmətlər Agentliyi “Caspian Agro Week” sərgisində təmsil olunur

2026-cı il 5–8 may tarixlərində “Caspian Agro Week” çərçivəsində keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində Aqrar Xidmətlər Agentliyi öz stendi ilə təmsil olunur.

“İki sahil” xəbər verir ki,  Agentliyin stendində ziyarətçilərə qurumun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat təqdim edilir. Burada əsasən heyvan sağlamlığının qorunması, baytarlıq xidmətlərinin təşkili, bitki mühafizəsi tədbirləri, fumiqasiya (zərərsizləşdirmə) işləri, texniki nəzarət, müasir laboratoriya xidmətləri, eləcə də fermer və sahibkarlar üçün informasiya və məsləhət xidmətləri nümayiş olunur. Eyni zamanda, Aqrar Xidmətlər Agentliyi tərəfindən xidmətlərin rəqəmsallaşdırılması istiqamətində mühüm addımlar atılır və artıq bu ildən etibarən bu sahədə innovativ rəqəmsal məhsullar təqdim olunmağa başlayıb.

Regionlarda genişləndirilən səyyar xidmət şəbəkələri, eləcə də fermerlərə yerində göstərilən çevik xidmətlər də sərgi iştirakçılarına təqdim olunur. Belə ki, ziyarətçilərə səyyar baytarlıq xidməti maşınları, xal-xal, ektoparazitlərə qarşı çimizdirmə qurğuları, səyyar laboratoriya, eləcə də fumiqasiya fəaliyyəti ilə bağlı xüsusi avadanlıqlarla yerində tanış olmaq imkanı yaradılıb.

Sərgi çərçivəsində təqdim edilən səyyar baytarlıq xidməti vasitəsilə artıq təsərrüfatlarda birbaşa müalicə, cərrahi müdaxilə və diaqnostik xidmətlər həyata keçirilir. Eyni zamanda, heyvan rifahını qoruyan səyyar çimizdirmə qurğuları ilə ektoparazitlərə qarşı effektiv və qənaətcil mübarizə tədbirləri təşkil olunur. Sərgidə nümayiş etdirilən çiləyici qurğu isə bitki sağlamlığının qorunması və zərərvericilərə qarşı mübarizənin gücləndirilməsi baxımından geniş imkanlar yaradır. Avtomatik fırlanan başlıqlar və uzun şlanq sistemi sayəsində qurğu mürəkkəb relyefə malik geniş sahələrdə belə səmərəli tətbiq oluna bilir. Bununla yanaşı, səyyar laboratoriyalar vasitəsilə su, torpaq və bitki nümunələrinin operativ diaqnostik müayinəsinin aparılması mümkün olur.

Agentliyin fəaliyyət istiqamətlərini əks etdirən maarifləndirici videoçarxlar da tədbir iştirakçılarına təqdim edilir. Eyni zamanda, sərgi müddətində Agentliyin stendində ziyarətçilər heyvan sağlamlığından bitki mühafizəsinə, texniki nəzarətdən laborator xidmətlərə, aqrar təlimdən toxum nəzarətinə qədər bütün zəncirvari fəaliyyətin əks eolunduğu maketlə yaxından tanış ola bilərlər.

Sərgidə ziyarətçilər üçün süni intellekt əsaslı xüsusi interaktiv guşə də təşkil edilib. Bu guşədə iştirakçılar süni intillektinin verdiyi imkanlar əsasında fermer, laborator mütəxəssis, aqrar təlimçi, aprobator mütəxəssisi, baytar həkim və ya bitki mühafizəsi üzrə mütəxəssis kimi vizual formada görünə bilirlər. Guşə aqrar sahəyə marağın artırılması və xüsusilə gənclər arasında peşə seçiminin təşviqi baxımından mühüm rol oynayır.

Sərgi iştirakçıları Aqrar Xidmətlər Agentliyinin stendinə yaxınlaşaraq təqdim edilən xidmətlərlə yaxından tanış olmaq, əməkdaşlıq imkanlarını dəyərləndirmək və aqrar sahədə tətbiq olunan innovativ yanaşmalar barədə ətraflı məlumat əldə etmək imkanı qazanırlar. Bu baxımdan, stend həm fermerlər, həm sahibkarlar, həm də sahə üzrə mütəxəssislər üçün faydalı platforma rolunu oynayır.