03 iyun 2026 11:15
455

Deputat: Sahibkarlıq fəaliyyəti ilə əlaqədar yeni modellər yaratmalıyıq

Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə ilə bu günlərdə Bakıda Elmlər parkında keçirilən Vl Türk Dünyası Ədəbiyyat və Kitab festivalında görüşdük. Niyyətimizi bilən kimi tərəddüd etmədən: “Fürsət düşən kimi suallarınızı cavablandıraram” dedi. Beləliklə, müsahibimiz Milli Məclisin deputatı Əlibala Məhərrəmzadədir.

- Milli Məclisin deputatı kimi seçicilərinizlə tez-tez görüşürsünüz. Seçicilər daha çox hansı məsələlərlə bağlı sizə müraciət edirlər?

-Seçicilərimlə keçirdiyim görüşlərdə demək olar ki, əsasən sosial məsələlərlə bağlı müraciətlər olunur.  Onların arasında həyətyanı torpaq, işədüzəlmə, təhsil, hüquqi müstəvidə yardımlar, həmçinin “TƏBİB”lə bağlı müraciətlər daha çoxdur. Onların hər birini diqqətdə saxlamağa çalışıram. Bəzi məsələləri elə yerindəcə araşdıraraq həlli istiqamətində müsbət addımlar atıram. Digərləri ilə əlaqədar öz imkanım və səlahiyyətlərim daxilində aidiyyəti orqanlara müraciətlər edirəm. Nəticədə seçici müraciətlərinin 92-93 faizi öz həllini tapır.

-Siz Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüsünüz. Azərbaycanın bugünkü iqtisadi siyasəti barədə nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, qeyri-neft sektoru bu gün ölkəmizin iqtisadiyyatının əsas hissəsini təşkil edir. Elə bu səbəbdən həmin sahə daha çox diqqət mərkəzindədir. Yəni, bu istiqamətdə islahatlar kifayəq qədər intensiv gedir. Bu prosesdə müasir tələblərə cavab verən yeni müəssisələrin - sənaye parklarının və məhəllələrinin, eləcə də aqroparkların sistemli şəkildə təşkilini buna misal göstərmək olar. Çox istərdim ki, bu proses daha da intensivləşsin, qeyri-neft sektoruna aid məhsulların sayı 10 dəfələrlə artsın. Şübhəsiz, buna nail olmaq üçün yeni texnologiyalara üstünlük verilməli, bu sahə üzrə kifayət qədər mütəxəssislərimiz olmalıdır. Amma inanıram ki, bunlar mütləq şəkildə yaxın zamanda baş verəcək. Çünki artıq bunun üçün kifayət qədər böyük bir zəmin yaradılıb və bu sahədə böyük işlər gedir.        Fikrimcə, bütün bunlar həm də ölkəmizdə turizmin, eləcə də kənd təsərrüfatının inkişafına yeni təkan verəcək.

- Azərbaycanda sahibkarlığın inkişafı sosial-iqtisadi strategiyanın ayrılmaz hissəsinə çevrilib. Sizin fikrinizcə, iqtisadiyyatımızda sahibkarların yeri və rolu qaneedicidirmi? Sahibkarlığın inkişafı məqsədilə daha hansı addımların atılmasına ehtiyac var?

- Sahibkarlığın inkişaf etdirilməsi bizim strateji yolumuzdur. Düşünürəm ki, sahibkarlıq dövlətin boynunda olan bütün iqtisadi gücün əsas hissəsini öz üzərinə götürməlidir.  Elə bu səbəbdən sahibkarlıq fəaliyyəti ilə əlaqədar yeni modellər yaratmalıyıq. İnkişaf etmiş dövlətlərdə tətbiq olunan formatlar bizdə də öz əksini tapmalıdır. Müşahidələrimə əsasən deyə bilərəm ki, bizim sahibkarlarda müəyyən zəiflik var. Belə ki, sahibkarların əksəriyyəti dövlətə söykənən sahibkarlardır.  Yəni, onların fəaliyyəti ümumilikdə dövlət vəsaiti ilə bağlıdır.  Düşünürəm ki, sahibkarlar daha aktiv olmalı, daha çox yaradıcılıq nümayiş etdirməlidirlər.  Bu məsələdə investisiya mühitinin yaradılması, investorların cəlb olunması da ən önəmli faktorlardandır.

Hazırkı sahibkarlıq fəaliyyətindən çox narazıyam, bu sahənin fəaliyyətini heç də qənaətbəxş hesab etmirəm. Düşünürəm ki, ölkəmizdə sahibkarlığın kifayət qədər böyük perspektivi var. Odur ki, əminliklə deyirəm ki, yaxın gələcəkdə bu sahədə kifayət qədər irəliləyişlər olacaq. Çünki bizdə investiciya mühiti çox qənaətbəxşdir, çox əlverişlidir.

-Mayın 25-də Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Həmin tədbirlə bağlı sizin fikirlərinizi bilmək maraqlı olardı.

- Cənab Prezidentin sədirliyi ilə keçirilən müşavirədə kənd təsərrüfatının real mənzərəsindən söhbət açıldı. Düşünürəm ki, bundan sonra bu sahədə kifayət qədər önəmli addımlar atılacaq. Mən də kənd təsərrüfatındakı bəzi problemlərə toxunmaq istərdim. Əsas məsələ odur ki, bu gün bizdə aqronomların və baytarların çatışmazlığı özünü açıq-aydın göstərir. Hazırda fəaliyyət göstərənlərin də bir qismi texniki yeniliklərdən geri qalırlar. Bu sahədə fəaliyyət göstərənlərin əksəriyyəti xaricilərdir. Unutmayaq ki, bu gün müasir tələblərə cavab verməyən aqronom və ya baytar heç kimə lazım deyil. Doğrudur, Gəncədəki Azərbaycan Dövlət Aqrar Universitetində bu sahələr üzrə mütəxəssislər yetişdirilir.  Amma unutmayaq ki, həmin məkan hamı üçün əlçatan deyil. Yaxşı olardı ki, müxtəlif bölgələrdə də bu ali məktəbin filialları, fakültələri olsun. Məsələn, Qubada, Xaçmazda bunu həyata keçirmək olar. Əslində belə təhsil ocaqlarını təşkil etsək, yetişəcək mütəxəssislərin sayəsində bu sahə üzrə ciddi irəliləyiş baş verə bilər.  Bir daha vurğulamaq istərdim ki, hazırda kənd təsərrüfatında müasir texnologiyalardan istifadə önəmlidir.  Amma biz hələ də dünənin metodlarından istifadə edirik və düşünürük ki, belə də olmalıdır.

-Siz parlamentin Mədəniyyət komitəsinin də üzvüsünüz.  Bəs bu sahədə əsas problemləri nədə görürsünüz?

- Bəli, mən Mədəniyyət komitəsinin üzvüyəm və bu sahədə son illərdə görülən işlərlə yaxından tanışam. Deyərdim ki, bu istiqamətdə böyük işlər görülür. Unutmayaq ki, mədəniyyətdəki konsepsiyamız çox strateji əhəmiyyətə malikdir. Elə mədəniyyətimizin inkişafına, tərəqqisinə daim diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 14 yanvar 2026-cı ildə "Azərbaycan Mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nın təsdiq edilməsi haqqında” Sərəncamını buna misal göstərmək olar. Mən deyərdim ki, bu Sərəncam mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın inkişafı naminə görüləcək zəruri işlərin uzunmüddətli proqramıdır.

Yeri gəlmişkən onu da qeyd edim ki, mədəniyyət Azərbaycan üçün xərc tələb edən sahə idi. Yəni, oradakı xərclərin heç birinin geriyə dönüşü yox idi. Mədəniyyətin yeni modeli o xərclərdən geriyə dönüşünü də təmin edəcək. 

Düşünürəm ki, mədəniyyətimizin inkişafı Azərbaycanın təqdimatıdır, Azərbaycanın kimliyidir, Azərbaycanın identifikasiyasıdır və bizim mədəniyyətimiz çox təəssüf ki, 30 il ərzində kifayət qədər ciddi təbliğ olunmayıb. Son 5 ildə görülən işlər, mən deyərdim ki, o 30 ildə görülən işlərdən dəfələrlə çoxdur. Məsələn, çox ciddi kinolar çəkilir, əvvəlki kimi yox, yəni dünya səviyyəli...  Düşünürəm ki, yaxın zamanlarda, bəlkə 1 ilə, bəlkə ondan da tez biz mədəniyyət sahəsində çox ciddi yeniliklərin şahidi olacağıq. Şübhəsiz, bütün bunlar da mədəniyyət sahəsində aparılan islahatlarla əlaqədardır.

-Siz bədii yaradıcılıqla da məşğulsunuz. Hətta kitablarınızdan söz açanlar Nizami Cəfərov, İsa Həbibbəyli, Ramiz Fətəliyev, Vaqif Yusifli, İlqar Fəhmi müsbət fikirlər bildiriblər... Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüz, eyni zamanda, Ukrayna Milli Elmlər Akademiyasının və Ukrayna Yazıçılar Birliyinin fəxri üzvüsünüz. Müsahibələrinizin birində Fətəli xan haqqında roman yazdığınızı bildirmisiniz. Həmin əsəri ictimaiyyətə nə vaxt təqdim etmək fikrindəsiniz?

-3 ilə yaxındır ki, XVIII əsrdə yaşamış görkəmli azərbaycanlı dövlət xadimi və hərbi sərkərdə Fətəli xanla bağlı roman üzərində çalışıram. Demək olar ki, onu yekunlaşdırmaq üzrəyəm. Romanı yaxın aylarda ictimaiyyətə təqdim etmək niyyətindəyəm.

Qvami Məhəbbətoğlu,
“İki sahil”