24 iyun 2026 15:09
117

Vətənimizin müdafiəsini təmin edən - Azərbaycan Ordusu

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində ordu quruculuğu hər zaman xüsusi əhəmiyyətə malik sahələrdən biri olub. Bu səbəbdən 26 İyun - Silahlı Qüvvələr Günü təkcə hərbi sistemin deyil, bütövlükdə dövlət müstəqilliyinin və suverenliyin, xalqın təhlükəsizliyinin, milli birliyinin rəmzinə çevrilib. Məhz 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ilk müntəzəm ordu hissələri yaradıldı və dövlətin hərbi dayaqları formalaşdırıldı.

Milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.  Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmışdı. Yalnız dahi  Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra respublikamızda bütün digər sahələrdə olduğu kimi, hərbi quruculuq istiqamətində də mütərəqqi inkişaf meyilləri formalaşdı, ölkənin gələcəkdə hərbi qüdrətinin daha da möhkəmlənməsi və müstəqil fəaliyyəti üçün əsaslı zəmin yarandı. Onun səyləri nəticəsində azərbaycanlı gənclərin SSRİ-nin müxtəlif ali hərbi məktəblərində təhsil almasına şərait yaradıldı. Daha da vacib məqamlardan biri 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması idi. Bu lisey müstəqillik illərində Azərbaycan Ordusunun əsas zabit kadr mənbəyinə çevrilmişdi.

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu sahəsində yeni mərhələ başlandı. Dərin strateji baxış və müdrik qərarlarla qısa müddətdə ordu quruculuğunda əsaslı dönüş yaradıldı.  1994-cü ildə Ermənistanla atəşkəsə nail olunması ilə paralel, ordunun nizami və peşəkar struktur əsasında təşkili prosesi başladı. Müdafiə Nazirliyi strukturlaşdırıldı, digər dövlətlərin hərbi akademiyaları ilə əməkdaşlıqlar genişləndirildi və ən əsası hərbi-siyasi qərarlar mərkəzləşdirilmiş şəkildə qəbul olunmağa başlandı. Məhz Ulu Öndər Heydər Əliyevin müvafiq Sərəncamı əsasında 1998-ci ildən başlayaraq 26 iyun ölkəmizdə Silahlı Qüvvələr günü kimi dövlət səviyyəsində qeyd olunur. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu.

Bu gün hər bir azərbaycanlı Ümummilli Liderin müəyyən etdiyi strateji xəttin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin şahidi olur. Müntəzəm olaraq Silahı Qüvvələrin hərbi-texniki təminatı, şəxsi heyətin peşəkarlığının, döyüş qabiliyyətinin artırılması və silahlanma istiqamətində köklü islahatlar aparılır. Türkiyə, Pakistan, İsrail, İtaliya kimi qabaqcıl ölkələrlə qurulan əməkdaşlıq nəticəsində ordunun arsenalı müasir dronlar, yüksəkdəqiqlikli artilleriya və müdafiə sistemləri ilə zənginləşdirilib. Azərbaycan əsgəri bu gün yalnız silahı ilə deyil, ruhu ilə də güclüdür. Ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu qazanılan hərbi uğurlar da aydın surətdə təsdiqləyir. Ordunun kadr potensialının artırılması, şəxsi heyətin bilik və bacarığının, döyüş ruhunun yüksəldilməsi, hərbçilərin sosial problemlərinin həlli dövlətin qarşıya qoyduğu prioritet məsələlərdəndir. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Erməni faşizminin regionumuza gətirdiyi bəlalara son qoyan, minlərlə şəhidimizin qisasını döyüş meydanlarında alan, 30 ildən sonra başımızın dik durması üçün qanı və canı ilə mübarizə aparan, Vətənimizin müdafiəsini təmin edən də Azərbaycan Ordusudur.  Bu gün orduda xidmət etmək hər bir azərbaycanlının şərəf işinə çevrilib. 44 günlük müharibədə qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi. Prezident İlham Əliyevin 15 oktyabr 2023-cü il tarixində Xankəndi şəhərində Azərbaycan xalqına müraciəti 44 günlük Vətən müharibəsindəki zəfər sevinci kimi bizlərə növbəti qələbə müjdəsini yaşatdı. Bu qürur dolu tarix və bu günümüzü mümkün edən əsas amil – güclü liderlik, xalq-ordu birliyi və mütəşəkkil dövlət siyasətidir.

Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var. Azərbaycan Ordusu yalnız hərbi güc simvolu deyil, həm də xalqın güvənc yeri, dövlətin qüdrətinin təcəssümüdür.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri