26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur mənbəyi, şanlı ordumuzun yaradılmasının rəsmi bayramıdır. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk nizami hərbi hissənin yaradılması milli ordu quruculuğunun əsasını qoydu. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə Əlahiddə Azərbaycan korpusunun yarandığı tarix -iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu. 1993-cü ildə xalqın təkidli tələbi ilə respublikamzıda yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ordu quruculuğuna xüsusi diqqət yetirdi. Qısa bir zamanda müəyyən siyasi qüvvələrin nəzarətində olan hərbi birləşmələr ləğv edilərək vahid komandanlıq altında birləşdirildi.
Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. Ümummilli Liderin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı. Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Ulu Öndər Heydər Əliyev deyirdi: “Güclü ordu güclü dövlət deməkdir.”
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu prosesi yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim diqqət mərkəzində saxlanıldı. 2013-cü il iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşkilinin 95 illiyinə həsr olunmuş hərbi paradda Prezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrimizin maddi-texniki bazasının gücləndirilməsi sahəsində görülən işlərlə bağlı söylədikləri dövlətimizin başçısının bu sahəyə ayırdığı diqqəti bir daha ortaya qoydu. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində hərbi qulluqçuların xidməti-məişət şəraitinin, maddi rifah halının, mənzil məsələlərinin yaxşılaşdırılması və sosial qayğılarının həlli istiqamətində görülən işlərin davam etdirilməsi hərbi xidmətə marağı artırıb.
Qəhrəman Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin mayında Naxçıvanın Günnüt ərazisində, 2020-ci ilin iyununda Tovuz rayonu ilə sərhəddə, nəhayət, 2020-ci ilin qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın hərb tarixinə şərəfli səhifələr yazdı. Qəhrəman əsgər və zabitlərimizin göstərdiyi şücaət xalqımızın yaddaşına qızıl hərflərlə həkk olundu.
Təcavüzkar Ermənistanın silahlı qüvvələri 2020-ci il sentyabrın 27-də səhər saatlarında cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Ermənistan ordusu tərəfindən Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının bir sıra kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki Azərbaycan əhalisi arasında həlak olan və yaralananlar oldu, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydi. İşğalçı Ermənistanın bu növbəti təxribatının qarşısını almaq, mülki əhalini qorumaq üçün Azərbaycan Ordusu cəbhə boyunca əks-hücum əməliyyatına başladı.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə qəhrəman Azərbaycan Ordusunun cəbhə boyunca əks-hücum əməliyyatında qazandığı uğurlar, torpaqlarımızın düşmən işğalından azad edilməsi Silahlı Qüvvələrimizin, dövlətimizin gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Bu döyüşlər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığını, yüksək qələbə əzmini, vətənpərvərliyini, milli birliyimizi, həmrəyliyimizi, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha təsdiq etdi. Şanlı ordumuz öz gücü ilə tarixi ədaləti bərpa etməyə, cəzasızlıqdan quduran işğalçı, Azərbaycanın sülh çağırışlarını saymazyana şəkildə rədd edən terorrçu Ermənistanı diz çökdürməyə qadir olduğunu bütün dünyaya sübut etdi. Bütün dünya Ali Baş Komandanın başçılığı ilə ordumuzun işğala söykənən status-kvonu dəyişdirdiyinə şahid oldu. Qırx dörd gün ərzində Azərbaycan öz ərazi bütövlüyümüzü bərpa etdi. Otuz ildən çox sürən torpaq nisgilinə, həsrətinə son qoyuldu. Mənfur düşməni torpağımızdan qovdu, milli ləyaqəti və tarixi ədaləti bərpa etdi, erməni faşizminin başını əzdi. Bununla da Azərbaycan Ordusu “böyük Ermənistan” mifini darmadağın etdi, məğlubedilməz erməni ordusu mifi isə yerlə-yeksan oldu. Bu Qələbə Azərbaycan haqqında məğlub xalq sindromunu sındırdı. İndi xalqımız qalib xalq, ordumuz qalib ordu, dövlətimiz də qalib dövlətdir.
Zahid Rza, “İki sahil”