25 iyun 2026 10:01
92

Müasir ordu quruculuğu şanlı Zəfəri təmin edən mühüm faktordur

Hər il 26 iyun tarixində qeyd olunan Silahlı Qüvvələr Günü xalqımızın dövlətçilik tarixində xüsusi yer tutan əlamətdar günlərdən biridir. Bu tarix milli təhlükəsizliyin, dövlət müstəqilliyinin, xalq-ordu birliyinin və Vətənə sədaqətin təcəssümüdür. Müasir Azərbaycan Ordusunun formalaşması və dünyanın ən güclü orduları sırasında yer alması uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir.

Milli ordu quruculuğunun təməlində Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. Hələ 1969-cu ildə respublikaya rəhbərliyə başladığı dövrdən etibarən Ulu Öndər milli hərbi kadrların hazırlanmasını strateji məsələ kimi müəyyənləşdirmişdi. O dövrdə ittifaq məkanında milli zabit kadrlarının hazırlanması olduqca mürəkkəb məsələ hesab olunurdu. Lakin Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində bu istiqamətdə mühüm addımlar atıldı.

1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması milli hərbi təhsil tarixində dönüş nöqtəsi oldu. Bu təhsil ocağı sonrakı onilliklər ərzində minlərlə peşəkar zabit yetişdirərək Silahlı Qüvvələrimizin kadr bazasının formalaşmasında müstəsna rol oynadı. Eyni zamanda, yüzlərlə gəncin keçmiş SSRİ-nin nüfuzlu hərbi akademiyalarına göndərilməsi gələcəkdə müstəqil dövlətimizin ordu quruculuğu prosesinə ciddi töhfə verdi.

1990-cı illərin əvvəllərində dövlətçiliyimiz ağır sınaqlarla üzləşmişdi. Torpaqlarımızın işğala məruz qalması, siyasi böhran və nizami ordunun olmaması vəziyyəti daha da mürəkkəbləşdirirdi. Ayrı-ayrı silahlı dəstələrin mövcudluğu vahid komandanlıq prinsipini iflic vəziyyətə salmışdı. Belə bir mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlətçiliyin xilası ilə yanaşı, nizami ordu quruculuğunu da prioritet istiqamət kimi müəyyənləşdirdi.

1994-cü ilin mayın 12-də əldə olunan atəşkəsdən sonra Silahlı Qüvvələrin formalaşdırılması prosesi yeni mərhələyə qədəm qoydu. Maddi-texniki bazanın möhkəmləndirilməsi, hərbi hissələrin yaradılması, şəxsi heyətin hazırlıq səviyyəsinin yüksəldilməsi və peşəkar kadr potensialının gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirildi. Məhz həmin illərdə formalaşdırılan ordu quruculuğu konsepsiyası sonrakı uğurların əsasını təşkil etdi.

1998-ci il mayın 22-də imzalanan Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan olunması milli ordu quruculuğuna verilən yüksək dəyərin ifadəsi idi. Sonrakı illərdə hərbi təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. Hərbi Akademiyanın yaradılması, ali hərbi məktəblərin fəaliyyətinin genişləndirilməsi, zabit hazırlığı sisteminin təkmilləşdirilməsi peşəkar ordu modelinin formalaşmasına xidmət etdi.

Ordu quruculuğunun mühüm istiqamətlərindən biri də beynəlxalq əməkdaşlıq oldu. NATO ilə əməkdaşlıq proqramları çərçivəsində minlərlə hərbçi müasir hərbi biliklərə yiyələndi, beynəlxalq sülhməramlı missiyalarda iştirak etdi. Kosovoda, Əfqanıstanda və İraqda qazanılan təcrübə Silahlı Qüvvələrimizin peşəkarlıq səviyyəsinin yüksəlməsinə mühüm töhfə verdi.

2003-cü ildən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu siyasəti keyfiyyətcə yeni mərhələyə yüksəldi. Müdafiə sahəsinə ayrılan vəsait ildən-ilə artırıldı, hərbi hissələr yenidən quruldu, ən müasir silah və texnikalar alındı. Eyni zamanda yerli hərbi sənaye kompleksinin yaradılması müdafiə potensialının gücləndirilməsində mühüm rol oynadı.

Bu gün Azərbaycanda minlərlə adda hərbi təyinatlı məhsul istehsal olunur. Müasir pilotsuz uçuş aparatları, zirehli texnikalar, atıcı silahlar və digər hərbi vasitələrin istehsalı Silahlı Qüvvələrin təminat imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Müdafiə sənayesinin inkişafı ordunun xarici mənbələrdən asılılığının azalmasına da mühüm töhfə verir.

2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt əməliyyatı Silahlı Qüvvələrin artan gücünü nümayiş etdirdi. Bu uğurlar təsdiqləyir ki, həyata keçirilən ordu quruculuğu siyasəti real nəticələr verir və ordumuz qarşısına qoyulan bütün vəzifələri yerinə yetirməyə qadirdir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi isə müasir tariximizin ən parlaq səhifəsinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq göstərərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Döyüş meydanında əldə olunan Qələbə beynəlxalq hüququn və tarixi ədalətin təmin olunması ilə nəticələndi.

Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun nümayiş etdirdiyi qəhrəmanlıq, vətənpərvərlik və fədakarlıq bütün dünyada böyük rəğbətlə qarşılandı. Yaralı hərbçilərin yenidən döyüş meydanına qayıtmaq istəyi, orduda bir nəfər belə fərarinin olmaması xalq-ordu birliyinin ən parlaq nümunələrindən biri kimi tarixə düşdü. 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyi tam təmin edildi. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat Silahlı Qüvvələrimizin peşəkarlığını, yüksək hazırlığını və texnoloji üstünlüyünü bir daha nümayiş etdirdi. Prezident, Ali Baş Komandan qeyd edib: “Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”.

Müharibədən sonra ordu quruculuğu prosesi yeni məzmunla davam etdirilir. Komando hərbi hissələrinin yaradılması, xüsusi təyinatlı qüvvələrin sayının artırılması, hərbi təhsil sisteminin yenidən təşkili və Milli Müdafiə Universitetinin fəaliyyətə başlaması bu istiqamətdə həyata keçirilən mühüm addımlardandır.

Türkiyə ilə strateji müttəfiqlik münasibətləri Silahlı Qüvvələrin inkişafında xüsusi rol oynayır. Şuşa Bəyannaməsi hərbi əməkdaşlığın yeni mərhələsini formalaşdırıb. Birgə təlimlər, hərbi təhsil, müdafiə sənayesi və texnologiya mübadiləsi sahəsində əməkdaşlıq ordumuzun daha da güclənməsinə xidmət edir. Pakistan, İsrail və digər tərəfdaş dövlətlərlə hərbi-texniki əməkdaşlığın genişləndirilməsi də müdafiə potensialının artırılmasına mühüm töhfə verir. Müasir döyüş təyyarələrinin alınması, pilotsuz sistemlərin tətbiqi və yeni texnologiyaların mənimsənilməsi ordumuzun imkanlarını daha da genişləndirib.

Bu gün dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsidir. Minlərlə hərbçinin mənzillə təmin olunması, maaşların artırılması, güzəştli ipoteka imkanlarının yaradılması və hərbi təhsil alan gənclər üçün yeni stimullaşdırıcı mexanizmlərin tətbiqi bunun bariz nümunəsidir. Müasir dövrdə güclü dövlət anlayışı ilk növbədə güclü ordu ilə ölçülür. Azərbaycanın keçdiyi inkişaf yolu təsdiqləyir ki, milli maraqların qorunması, təhlükəsizliyin təmin olunması və əldə edilmiş tarixi nailiyyətlərin qorunub saxlanılması qüdrətli Silahlı Qüvvələrə əsaslanır.

Bu gün hər bir vətəndaş qürur hissi ilə deyə bilər ki, Ulu Öndərin əsasını qoyduğu və müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrdə Prezident İlham Əliyev tərəfindən daha da gücləndirilən ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Ordusu regionun ən qüdrətli silahlı qüvvələrindən birinə çevrilmiş, dövlətimizin təhlükəsizliyinin və suverenliyinin etibarlı təminatçısı olmuşdur.

Asif Əsgərov,
​Milli Məclisin deputatı