28 iyun 2026 21:21
103

“Digi24”: Xəzər dənizinin kiçilməsinin əsas səbəbi insan fəaliyyətidir

Rumıniyanın “Digi24” nəşri yazır ki, okeanlarla əlaqəsi olmayan ən böyük su hövzəsi olan Xəzər dənizi son onilliklərdə sürətlə kiçilir. Yeni beynəlxalq elmi araşdırmanın nəticələrinə görə, bu prosesin əsas səbəbi əvvəllər hesab edildiyi kimi yalnız iqlim dəyişikliyi deyil, ilk növbədə, insan fəaliyyətidir. Məqalədə qeyd olunur ki, son 30 il ərzində Xəzər dənizi təxminən 24 min kvadratkilometr su səthini itirib. Bu, sahəsinə görə İtaliyanın Siciliya adası ilə müqayisə olunur. Həmin dövrdə dənizin səviyyəsi təxminən iki metr aşağı düşüb və ən böyük dəyişikliklər onun dayaz şimal hissəsində müşahidə edilib.

İki sahil”in məlumatına görə, “Digi24” yazır ki, tədqiqatçılar peyk müşahidələrini, hidroloji məlumatları və Xəzərə tökülən əsas çayların göstəricilərini təhlil edərək belə nəticəyə gəliblər ki, dənizə daxil olan suyun həcmi kəskin şəkildə azalıb. Halbuki Xəzərin əsas su mənbəyi olan Volqa çayının hövzəsində yağıntıların miqdarı əhəmiyyətli dərəcədə azalmayıb.

Məqalədə vurğulanır ki, problemin əsas səbəbi Volqa çayı üzərində tikilmiş çoxsaylı bəndlər, su anbarları, geniş suvarma sistemləri, sənaye və kommunal təsərrüfatda su istehlakının artmasıdır. Nəticədə Xəzərə çatmalı olan suyun əhəmiyyətli hissəsi dənizə qədər gəlib çıxmır. Nəşrin istinad etdiyi araşdırmada bildirilir ki, iqlim dəyişikliyi də prosesə təsir göstərir. Artan temperatur suyun buxarlanmasını sürətləndirir. Bununla belə, alimlərin hesablamalarına əsasən, son onilliklərdə qeydə alınan su itkisinin təxminən 60 faizi insan fəaliyyəti, 40 faizi isə iqlim amilləri ilə bağlıdır.

“Digi24” qeyd edir ki, Xəzər dənizinin kiçilməsi təkcə ekoloji problem deyil. Su səviyyəsinin aşağı düşməsi nərə balıqlarının yaşayış mühitinə, biomüxtəlifliyə, balıqçılıq sənayesinə, sahil ekosistemlərinə və köçəri quşların məskunlaşdığı ərazilərə ciddi təhlükə yaradır. Məqalədə vurğulanır ki, proses iqtisadi baxımdan da mühüm nəticələr doğura bilər. Xəzər hövzəsi Avropa ilə Asiyanı birləşdirən enerji və nəqliyyat marşrutlarının əsas hissəsidir. Dənizdə su səviyyəsinin azalması limanların fəaliyyətinə, gəmiçiliyə, neft-qaz infrastrukturuna və Orta Dəhliz üzrə yükdaşımalarına mənfi təsir göstərə bilər.

Nəşr bildirir ki, Xəzər dənizinin gələcəyi beş sahilyanı dövlət – Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İran arasında əməkdaşlıqdan da asılıdır. Alimlər hesab edirlər ki, su ehtiyatlarının idarə olunması, çay hövzələrinin qorunması və iqlim dəyişikliklərinə uyğunlaşma istiqamətində koordinasiyalı tədbirlər görülməzsə, Xəzərdə suyun azalması gələcəkdə daha da sürətlənə bilər. “Digi24” nəşrinin qənaətinə görə, Xəzər dənizində baş verən dəyişikliklər təkcə region ölkələri üçün deyil, həm də Avropa ilə Asiya arasında enerji, logistika və ekoloji təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyan qlobal məsələdir.