29 iyun 2026 11:43
101

Cərrahiyyədə gecikən hər qərar sağlamlıq üçün ciddi riskdir - MÜSAHİBƏ

Həkim seçərkən reklam deyil, peşəkarlıq, təcrübə və klinikanın imkanları əsas meyar olmalıdır

Cərrahiyyə müasir tibbin ən dinamik inkişaf edən sahələrindən biridir. İnnovativ texnologiyaların tətbiqi, minimal invaziv əməliyyat üsullarının geniş yayılması və tibbi elmdə əldə olunan nailiyyətlər həm müalicənin effektivliyini artırır, həm də pasiyentlərin həyat keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir. Bununla yanaşı, xəstəliklərin vaxtında aşkarlanması, düzgün diaqnozun qoyulması, cərrahi müdaxilənin gecikdirilməməsi və əməliyyatdan sonrakı reabilitasiyanın düzgün təşkili uğurlu müalicənin əsas şərtləri hesab olunur.

Mövzu ilə bağlı oxucuları maraqlandıran sualları Azərbaycan Tibb Universitetinin Ümumi cərrahlıq kafedrasının müdiri, professor, tibb elmləri doktoru Elçin Kamil oğlu Ağayev cavablandırır. Müsahibədə müasir cərrahiyyənin inkişaf istiqamətləri, yeni texnologiyaların tətbiqi, cərrahi xəstəliklərin profilaktikası, pasiyentlərin ən çox yol verdiyi səhvlər, eləcə də sağlamlığın qorunmasına xidmət edən mühüm tibbi tövsiyələr barədə ətraflı bəhs olunur.

-Müasir dövrdə cərrahiyyə sahəsində ən çox rast gəlinən xəstəliklər və əməliyyatlar hansılardır?

 -Müasir dövrdə gündəlik cərrahi praktikada ən çox rast gəlinən xəstəliklər kəskin daşlı xolesistit, kəskin appendisit, kəskin bağırsaq keçməzliyi, qarnın ön divarının yırtıqları, müxtəlif orqan və toxumaların irinli cərrahi infeksiyaları, mədəaltı vəzin bir sıra xəstəlikləri, yoğun bağırsağın bəd xassəli şişləri, onların ağırlaşmaları və bu patologiyalara görə icra olunan əməliyyatlardır.

 -İnsanlar hansı hallarda mütləq cərraha müraciət etməlidirlər?

 -Təəssüf hissi ilə qeyd etməliyəm ki, xəstələrin cərrahi stasionara müraciəti əksər hallarda gecikmiş dövrdə olur ki, bu da bizim işimizi çətinləşdirir. Yaxşı olardı ki, xəstələr qarın nahiyəsində, döş qəfəsində müxtəlif xarakterli, lokal və ya yayılmış, küt, tutmaşəkilli və ya sancı tipli ağrılar zamanı özünü müalicə ilə məşğul olmasınlar. Bu hallarda maksimal dərəcədə erkən dövrdə həkimə müraciət etsinlər ki, müxtəlif fəsadlar və ağırlaşmalar meydana gəlməmiş zəruri müayinələrdən keçsinlər və ehtiyac olduğu hallarda əməliyyat olunsunlar.

 -Son illərdə cərrahiyyə sahəsində tətbiq olunan yeni texnologiyalar və minimal invaziv üsullar xəstələrin müalicə prosesinə necə təsir göstərib?

 -Son illərdə cərrahiyyə sahəsində yeni texnologiyaların və minimal invaziv üsulların tətbiq olunması ümumilikdə cərrahiyyənin inkişafına çox böyük təkan vermişdir və bu baxımdan hətta bəzi alimlər cərrahiyyənin hazırkı inkişaf dövrünü elektrocərrahiyyə adlandırırlar. Belə ki hal-hazırda əməliyyatların icrası zamanı müasir elmi-texniki tərəqqinin çox müxtəlif naliyyətlərinin, yeni cihaz, alət və avadanlıqların tətbiqi icra olunan əməliyyatları yeni bir inkişaf səviyyəsinə çıxarmışdır. Bunlardan Liqasure, harmonik skalpelin istifadəsi, endoskopik, laparoskopik və torakoskopik əməliyyatların həyata keçirilməsi üçün istifadə olunan qurğular, müxtəlif tikiş aparatlarını nümunə olaraq göstərmək olar ki, bunlar həqiqətən də cərrahiyyənin inkişafına ciddi təkan vermişdir və bu qurğular olmadan hazırkı cərrahiyyəni təsəvvür etmək mümkün deyil. Burada xüsusilə qida borusu, mədə, nazik və yoğun bağırsaqlar üzərində aparılan əməliyyatlar zamanı istifadə edilən müxtəlif sirkulyar və linear steplerləri qeyd etmək lazımdır, ki, bu aparatların tətbiqi anastomozun həm daha qısa zamanda qoyulması, tikiş tutmazlığının riskinin aşağı düşməsi, eləcə də bəzən cərrahın əlinin çətinliklə çata biləcəyi, hətta əllə anastomozun formalaşdırılmasının mümkün olmadığı yerlərdə keyfiyyətli və kifayət qədər etibarlı anastomoz yaradılmasını reallaşdırır. Bu da ümumən cərrahi əməliyyata sərf olunan zamanın azaldılmasına və əməliyyatdan sonrakı dövrün daha keyfiyyətli keçməsinə şərait yaradır.

-Bir çox insan əməliyyatdan qorxur və cərrahi müdaxiləni gecikdirir. Vaxtında edilməyən əməliyyatların hansı ciddi fəsadları ola bilər?

-Bəzən xəstələrimiz bizə çox gecikmiş mərhələdə müraciət edirlər, bunun da səbəbləri çoxdur. Əsas səbəblərdən biri ondan ibarətdir ki, səhiyyə maarifi işi lazım olan səviyyədə təşkil olunmayıb. Xəstələrimizə müxtəlif məcralarda çoxsaylı izahatlar, tövsiyələr  verməyimizə baxmayaraq onlar bu barədə bilgisizdirlər və ya xəstəliklərlə bağlı informasiyanı düzgün mənbələrdən almırlar, bu səbəbdən də həkimə gec müraciət edirlər. Xəstələr hər hansı patologiyanın səbəb olduğu ağrı və ya digər simptomlar artıq dözülməz olduqda həkimə müraciət edirlər, ki bu zaman xəstəlik çox irəliləmiş olur. Halbuki müəyyən yaş qrupları üçün vacib olan “check up” və vaxtaşırı kontrol müayinələrdən keçsələr, erkən dövrdə daha kiçik həcmli və həyati təhlükəsi olmayan əməliyyatlarla olduqca effektiv nəticələr əldə edə bilərik. Burda qorxu amili, eləcə də bəzi inasanların maddi durumunun yetərsiz olması faktoru da müəyyən rol oynayır ki, bu da xəstələrin stasionara gecikmiş mərhələdə daxil olmasına səbəb olur, nəticə etibarilə böyük fəsadlar və ağırlaşmalar qaçılmaz olur. Bəzən xəstələr gec müraciət etdiklərinə görə hətta cərrahi müdaxiləni həyata keçirmək mümkün olmur. Yaxud anestezioloji risk yüksək olduğundan, anestizoloqlar pasiyentə narkoz verilməsi prosedurundan da imtina edə bilərlər. Buna görə də xəstələr düzgün mütəxəssislərə yönəldilsələr və vaxtında müraciət etsələr həm onlar üçün, həm də bizim üçün daha qənaətbəxş nəticələrə nail olmaq olar.

- Cərrah seçərkən insanlar ən çox hansı məqamlara diqqət etməlidirlər? Pasiyentin düzgün həkim seçimi üçün əsas meyarlar nələrdir? 

- Bu sualınız çox gözəl və yerində bir sualdır. Cərrah seçərkən hansı məqamlara diqqət edilməlidir? Böyük təəssüf hissiylə qeyd etmək istəyirəm ki, bu gün bir sıra özəl xəstəxanalarda çalışan həmkarlarmızın yaşı, təcrübəsi və nəzəri biliklərinin azlığı, kliniki bacarığının yetərsiz olmasına baxmayaraq müxtəlif  TV kanallarında, sosial şəbəkələrdə çox güclü reklam çarxları yerləşdirirlər və xalqımız bu reklam çarxlarında olan videolara, fotogörüntülərə inanırlar, bəzən inanmaq məcburiyyətində qalırlar. Lakin həmin həkimin kliniki fəaliyyəti barədə müfəssəl informasiyaya malik olmadlıqlarına görə bu həkimlərə müraciət edirlər. Tam səmimi deyim ki, bu həkimlərin təcrübəsinin, nəzəri biliklərinin, praktik vərdişlərinin aşağı səviyyədə olması çox böyük fəsadlarla, hətta xəstələrin ölümü ilə nəticələnə bilir. Ona görə də mən insanlara məsləhət görərdim ki, öz fəaliyyətini həddən artıq reklam edən həkimləri dərindən araşdırsınlar, maraqlansınlar. Eləcə də xəstələrə tövsiyəm ondan ibarətdir ki, respublikamızda çox yüksək səviyyəli klinikalar, kliniki bazalar və orda çalışan böyük elmi-praktik potensiala və təcrübəyə malik alimlər, mütəxəssislər var. Bu klinikalardan biri də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasıdır. Burada böyük alimlər və həkimlər ordusu var.  Bu həkimlər tarixin sınağından çıxmış həkimlərdir. Bu həkimlər Tibb Universitetində 20-30 il çalışmış və böyük təcrübə toplamış yüksək səviyyəli mütəxəssislərdir. Ona görə də həkim seçərkən onun çalışdığı klinikanı, bazanı araşdırmağı, klinikanın anestezioloji, reanimatoloji xidmətinin durumuna diqqət etməyi tövsiyə edərdim.

- Bəzi insanlar ağrı və ya narahatlığı uzun müddət görməzdən gəlir. Hansı simptomlar təhlükəli hesab olunur və təcili cərrahi müdaxilə tələb edə bilər?

- Bəzən xəstələrimiz qarınlarında və yaxud digər nahiyələrində ağrının olmasına baxmayaraq buna laqeyd yanaşırlar, ağrıkəsicilərdən istifadə edirlər. Apteklərə müraciət edirlər, aptekdə çalışan əczaçılar həkim resepti və ya məsləhəti olmadan bu xəstələrə müxtəlif ağrıkəsicilər verirlər. Hansı ki, bu kökündən yalnış və yolverilməz haldır. Belə ki, bir çox qarın patologiyalarında ağrıkəsici qəbulu əks-göstərişdir. Xəstələr həmin ağrıkəsiciləri qəbul etdikdə ağrı simptomu aradan götürülür və bu da əsas diaqnozun qoyulması üçün qızıl vaxtın itirilməsinə səbəb olur. Bəzən xəstələr xəstəliyi barəsində qonşuları, qohumları ilə məsləhətləşir, yaxud digər bir ixtisasdan olan həkimə, tibb bacısına, feldşerə zəng edərək durumlarını onlara izah edərək hər hansı ağrıkəsici dərmanın deyilməsini onlardan xahiş edirlər. Bu tədbirlər müvəqqəti olaraq ağrı və digər simptomların aradan götürülməsinə səbəb olur və erkən diaqnoz üçün önəmli olan qızıl vaxt itirilmiş olur. Bəzən xəstələrdə ürəkbulanma, qusma olduğu halda onlar bunun hansısa mədə xəstəliyinə və yaxud hansısa yüngül bir qida zəhərlənməsi ilə bağlı problem kimi qəbul edirlər. Lakin ürəkbulanma və qusma olduqca ciddi əlamətdir, bu kəskin pankreatitin, kəskin appendisitin, kəskin xolesistitin, bağırsaq keçməzliyinin, kəskin peritonitin çox ciddi əlaməti ola bilər. Amma xəstələr bunu müxtəlif qeyri-cərrahi səbəblərə bağlaya bilir və yaxud bağlamağa çalışırlar, bu da müayinələrin həyata keçirilməsini, diaqnozun qoyulmasını ləngidir. Nəticədə cərrahi müdaxilə gecikdirilir  və müdaxilənin nəticəsi bu səbəbdən qənaətbəxş olmur.

- Əməliyyatdan sonrakı bərpa dövründə pasiyentlərin ən çox etdiyi yanlış davranışlar hansılardır və sağalma prosesini sürətləndirmək üçün hansı qaydalara əməl olunmalıdır?

- Əməliyyatdan sonrakı bərpa dövründə pasiyentlərin ən çox etdiyi yanlış davranışlar həkimlərin təyin etdiyi ambulator müalicəyə, müvafiq pəhriz və gün rejiminə əməl etməmələridir. Bəzən onlar bu dövrdə dərmanları yazılmış reseptlərə uyğun qəbul etmir, özbaşına və yaxud kənar şəxslərin məsləhəti ilə dozada dəyişiklik edir, vaxtından öncə dərman qəbulunu dayandırır, yaxud digər preparatla əvəz edirlər, kontrol müayinələrə gəlmirlər. Bütün bunlar əməliyyatdan sonrakı dövrün gedişinə mənfi təsir göstərən faktorlardır.

- Azərbaycanda cərrahiyyə sahəsinin inkişafını necə qiymətləndirirsiniz? Hazırda bu sahədə hansı yeniliklər və dəyişikliklər müşahidə olunur?

- Ölkəmizdə cərrahiyyənin inkişafı, çox sürətli inkişaf dövrü Milli Müstəqilliyimizi qazandıqdan sonrakı dövrə düşür. Xüsusilə son 30-35 ildə Azərbaycanda cərrahiyyənin inkişafı üçün qardaş Türkiyə Cümhuriyyəti alimlərinin, mütəxəssislərinin müstəsna rolu və əhəmiyyəti var. Müstəqilliyimizi qazandıqdan sonra Azərbaycan dövləti tərəfindən tələbələrin xaricdə təhsilə yönləndirilməsi və gənc mütəxəssislərimizin orada təhsil aldıqdan sonra, son dövrdə əldə edilən uğurları öyrənərək Azərbaycanda tətbiq etmələri ölkəmizdə son 30-35 ildə cərrahiyyənin inkişafı üçün çox böyük əhəmiyyət kəsb etmişdir. Təkrar vurğulamaq istərdim ki, qardaş Türkiyə Cümhuriyyətinin alimləri, mütəxəssislərinin bu işdə böyük rolu və xidməti danılmaz həqiqətdir və bu proses bu gün də davam edir. Xüsusilə Ulu Öndər Heydər Əliyevin təhsilə verdiyi böyük qiymət, qayğı və sevgi sayəsində Azərbaycandan xaricdə təhsil almaq üçün yüzlərlə, minlərlə gənclərimiz yola salınmış və onların böyük əksəiyyəti dövlət tərəfindən dəstəklənmişlər. Həmin gənclərimiz yüksək ixtisasa yiyələnərək Azərbaycana qayıtmış və müasir tibbin son naliyyətlərini ölkəmizdə tətbiq etməyə başlamışlar. Burada mən xüsusən ürək-damar cərrahiyyəsini, az invaziv, endovaskulyar cərrahiyyəni, laparoskopik, torakoskopik əməliyyatları qeyd etmək istəyirəm ki, bu sahədə respublikamızda cərrahiyyə çox irəliləmişdir və bu hal çox qürurvericidir. Səmimi olaraq qeyd etmək istəyirəm ki, postsovet məkanında bu sahədə Azərbaycan öndə olan, bəlkə də birinci respublikalardan biridir ki, bizim gənclərmizə dünyanın qabaqcıl universitetlərində təhsil alaraq müvafiq sahələrdə çalışması üçün şərait yaradılır.

- Sosial şəbəkələrdə yayılan “möcüzəvi müalicə” və ya qeyri-peşəkar tibbi məsləhətlər insanların sağlamlığı üçün nə kimi risklər yaradır?

- Çox gözəl sualdır. Sosial şəbəkələrdə yayılan möcüzəvi müalicə və qeyri-peşəkar tibbi məsləhətlər əhalinin sağlamlığı üçün çox böyük risk yaradır. Nəinki sosial şəbəkələrdə hətta bəzi televizya kanallarında  səmimi qeyd edim ki, səhiyyədən anlayışı olmayan, insan anatomiyasını, fiziologiyasını, patofiziologiyasını, orqanizmdə gedən biokimyəvi prosesləri, xəstəliklərin etiologiyasını, patogenezini, klinikasını, diaqnostikasını anlamayan, bu sahədə məlumatı olmayan insanlar televiziyada və ya sosial şəbəkələrdə çıxaraq auditoriyanı yanlış yönləndirir, hörmətli oxuculardan üzr istəyirəm, ağıllarına yox, ağızlarına gələni danışırlar. Belə hallar bu sahənin mütəxəssislərində, bilicilərində ikrah hissi oyadır, onları qıcıqlandırır. Ona görə sosial şəbəkələrə xəstələrin çox inanmasını, sosial şəbəkələrdə yayılan informasiyaları doğru olaraq qəbul etməsini yanlış hesab edirəm və əhaliyə tövsiyə edərdim ki, həkim məsləhəti, həkim nəzarəti olmadan bu mənbələrə qəti sürətdə etibar etməsinlər. Çünki sosial şəbəkələrdə elə acınacaqlı, “müalicə” üsulu, müxtəlif  fizioterapevtik, yaxud türkəçarə üsulları təklif edirlər ki, burda həqiqətən də dinləyən insan əsəb  gərginliyi keçirir. Burda əsas məqsəd ondan ibarətdir ki, bu videoçarxlara geniş əhali kütləsi baxsın. Çox təəssüf ki, əksər hallarda bizim əhali sensasion, ağla batmayan, məntiqsiz fikirləri dinləməyə və həqiqət kimi qəbul etməyə meyllidir.  Bəzən “həkim”lərin, hətta dələduzların dedikləri fikirlərə uyğun müxtəlif prosedurlar həyata keçirirlər,  müalicə üsullarını tətbiq edirlər. Bu da çox ciddi fəsadlara yer açır. Ona görə də ölkə vətəndaşlarından, əziz həmvətənlərmizdən xahiş edirəm sosial şəbəkələrdə yayılan üsullarla müalicə etməsinlər, sağlıq durumlarında hər hansı narahatlıq meydana çıxarsa mütləq bu sahədə ixtisaslaşmış həkimə müraciət etsinlər. Həkimə müraciət edərkən də düzgün mütəxəssis seçsinlər. Bu mütəxəssis də aparıcı klinikalarda, universitet klinikalarında işləyən mütəxəssis olmalıdır. Təsadüfi özəl xəstəxanalarda, yaxud 3-5 gün xarici ölkələrdə vaxt keçirərək gəlib heç bir elmi biliklərə, praktiki  vərdişlərə yiyələnməyən insanlar özlərinə müxtəlif qeyri-adi imic, fərqli xarici görünüş yaradırlar və ya əhaliyə məlum olmayan 3-5 xarici söz işlədir və buna görə də insanlar səhvən düşünür ki, “bu daha savadlı və geniş dünya görüşünə malik həkimdir. Bizim dildə danışmır, görünüşü xaricilərə bənzəyir” və s. Bu da sonda fəlakətlə nəticələnir.

- Son illərdə gənclər arasında oturaq həyat tərzi və qeyri-sağlam qidalanma müxtəlif xəstəliklərin artmasına səbəb olur. Bu amillər gələcəkdə cərrahi müdaxilə riskini necə artırır?

- Bəli, son dövrlərdə gənclərimizin həyat tərzi bir həkim kimi, bir alim kimi, bir mütəxəssis kimi məni qəti qane etmir. Gənclərimiz az hərəkətliliyə, oturaq həyat tərzinə meyillidirlər; bütün gün ərzində əllərində mobil telefon olur, saatlarla sosial şəbəkələrdə virtual oyunlar oynayır, az qala gecə də telefonla yatırlar və bəziləri belə də edir. Tərkibi heç də insan sağlamlıqı üçün faydalı olmayan müxtəlif qida rasionlarından istifadə edirlər. Əsasən fast food yeməkləri ilə, tez hazırlanan ərzaqlarla qidalanmağı xoşlayırlar. Bu qidaların tərkibində orqanizm üçün çox zərərli inqridientlər var. Məs, qaynar yağda free kartofun hazırlanması: bəzən günlərlə, hətta həftələrlə yağlar müxtəlif qablarda qaynar vəziyyətdə qalır, ərinmiş yağın dəfələrlə qaynadılması onun tərkibində  kanserogen maddələrin miqdarının artmasına səbəb olur. Bu da həzm traktının müxtəlif şöbələrində bəd xassəli şişlərin, xoraların, eroziyaların əmələ gəlməsinə səbəb olan əsas amillərdəndir. Ona görə də gənclərmizə normal qidalanmalarını, evdə valideynləri tərəfindən hazırlanan qidalar, təzə meyvə-tərəvəz, bol su qəbul etmələrini tövsiyə edirəm. Bu qidalar tərkibi keyfiyyət və kəmiyyət baxımından olduqca zəngindir. Bu qidaların tərkibində orqanizmə lazım olan makro- və mikroelementlər, zülallar, vitaminlər kifayət qədər çoxdur. Fast food yemeklərinin tərkibində isə orqanizmimizə lazım olan faydalı vitaminlər, proteinlər kifayət səviyyədə deyil. Ona görə də gənclərə tövsiyəm odur ki, fast food yeməklərindən, karbohidrat üstünlüklü pəhrizdən, kolbasa, sosis kimi tərkibində konservant olan işlənmiş qidalardan, qazlı, energetik içkilərdən uzaq dursunlar.

- Sağlamlığını qorumaq və əməliyyat riskini minimuma endirmək istəyən insanlara profilaktik baxımdan hansı tövsiyələri verərdiniz?

- Sağlamlığın qorunması üçün vacib olan bir sıra faktorlar, bir sıra şərtlər var. Bunlardan təbii ki, birincisi psixo-emosional gərginlikdən uzaq olmaqdır, depressiyadan, stressdən uzaq olmaq lazımdır. Sağlam qidalanmaq lazımdır. Sağlam qidalanmaq çox yemək demək deyil. Ümumiyyətlə sağlam yaşamaq üçün üç az deyilən bir prinsipə əməl etmək lazımdır: az yatmaq, az yemək, az danışmaq. Amma az yemək ac qalmaq demək deyil. Az yeyərkən az da olsa keyfiyyətli qidalar qəbul etmək lazımdır. Sağlam olmağın ən vacib olan ünsürlərindən biri çox hərəkət etməkdir. Sutkada insan 10-12 000 addım qət etməlidir və xüsusən axşam gəzintisi rejimi seçilməlidir. Axşam gəzintisində hər bir insan 6-8000 addım hərəkət etməlidir. Bunun üçün rahat geyim geyinməlidir. Nisbətən yaşıllıq sahələrdə, geniş ərazilərdə, gəzintiyə çıxmaq həm sinir sistemi, məm də fiziki sağlamlıq üçün faydalı ola bilər. Bundan başqa sizə xoş olan səmimi dostlarla ünsiyyətdə olmaq vacibdir. Ünsiyyət sağlamlıq üçün zəruri faktordur. Səni sevən, sənin sevdiyin, səni bəyənən, sənə səmimi dostluq bəsləyən insanlarla ünsiyyət qurmaq üçün olduqca vacibdir və sağlamlığın əsas şərtlərindəndir.

Yaqut Ağaşahqızı, “İki sahil”