Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı ilə Ermənistan və Azərbaycan Birgə Bəyannaməni imzaladılar. Prezident Tramp, həmçinin şahid kimi imzaladı və əlavə olaraq Ermənistan ilə Azərbaycan sülh sazişinin mətnini parafladılar. Beləliklə, de-fakto sülh qurulub və biz faydasını görürük.
Bu sözləri Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə birgə mətbuata bəyanatında deyib.
Dövlətimizin başçısı qeyd edib ki, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün bir çox birtərəfli addımlar atmışıq. Belə ki, Azərbaycan öz ərazisi ilə Ermənistana daşınan yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırıb: “Biz, həmçinin çox mühüm yanacağı, xüsusən də benzin və dizeli Ermənistana təchiz etməyə başlamışıq”.
Xatırladaq ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 34 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib. Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub. Azərbaycanın heç bir siyasi şərt irəli sürmədən belə addım atması Ermənistanda da müsbət qarşılanır. Çünki rəsmi İrəvan artıq dərk edir ki, Bakının diktə etdiyi şərtlərlə hərəkət etməkdən başqa xilas yolu yoxdur. Şübhəsiz, bu, həm Cənubi Qafqazda sülhün bərqərar olunmasına, həm də "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP), yəni Zəngəzur dəhlizi layihəsinin reallaşmasına da xidmət edir. Yeri gəlmişkən, iki ölkə arasında etimad quruculuğu istiqamətində praqmatik addımlar atılıb, hətta vətəndaş cəmiyyətləri heç bir vasitəçi olmadan qarşılıqlı səfərlər də edirlər. Elə bu səbəbdən Prezident, həmçinin vurğulayıb ki, sülh bizim üçün artıq hiss olunan məfhumdur, onu hiss edə bilirik və sülh şəraitində yaşamağı öyrənirik: “Torpaqlarımız 30 il ərzində işğal altında qalmışdı. Biz suverenliyimizi, ərazi bütövlüyümüzü güc və siyasi vasitələrlə bərpa etdik. Biz Ermənistana sülh təklif etmişik. Bir sözlə, sülh artıq reallıqdır. Lakin biz onu gücləndirmək, uzunmüddətli və əbədi etmək üçün ürəkdən çalışmalıyıq. Əlbəttə, biz Avropa Komissiyasının dəstəyini çox yüksək dəyərləndiririk”.
Bir sözlə, hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərdə dinamika müşahidə olunmaqdadır. Şübhəsiz, Azərbaycanın təşəbbüsü ilə formalaşan yeni regional reallıqlar, Bakı ilə İrəvan arasında sülh prosesinin davam etməsi Cənubi Qafqazın inkişaf perspektivlərini artırır. Bütün bunlar da regiondakı dinamikanı gücləndirərək Cənubi Qafqazı hər hansı ərazi iddialarından, hər hansı münaqişədən azad, tərəfdaşlıq, əməkdaşlıq və sülh regionuna çevirəcək. Elə bölgədə yeni reallıqlar yaratmış Azərbaycanın da istəyi budur.
Ermənistanla tarixi sülh müqaviləsini başlatmağımız münasibətilə Azərbaycanı, eləcə də onun liderini təbrik edən Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen dövlət başçımızın liderlik keyfiyyətlərini təqdir edib. O, hazırkı vəziyyətin bölgədə sabitlik, etimad və ortaq rifah üçün yeni imkanlar yaratdığını da bildirib. Bununla da Ursula Fon der Lyayen Cənubi Qafqazda uzunmüddətli sabitliyin əsas təminatçılarından birinin Azərbaycan olduğunu, ölkəmizin regionda formalaşdırdığı yeni reallıqları qəbul etdiyini açıq şəkildə etiraf edib.
Ursula Fon der Lyayen Avropa İttifaqının bu prosesi qəti şəkildə dəstəklədiyini və bunu davam etdirəcəyini vurğulayıb: “Biz kağız üzərində sülhü birlikdə real sülhə çevirə bilərik. Məhz buna görə biz bu gün burada birlikdə çalışırıq”. O, hətta Azərbaycan və Ermənistan arasında sülh prosesinin gücləndirilməsi məqsədilə sərhədyanı ərazilər üçün 20 milyon avroluq yardım paketinin təklif edilməsini də dilə gətirib. Bütün bunlar bir daha göstərir ki, Avropa İttifaqı da beynəlxalq nüfuzu və regional çəkisi getdikcə artan Azərbaycanın sülh uğrundakı mübarizəsini təqdir edir.
Qvami Məhəbbətoğlu, “İki sahil”
Qlobal fırtınalar fonunda sabitlik adası: Azərbaycanın təhlükəsizlik strategiyası
Fəal siyasi dialoq və qarşılıqlı etimad: strateji tərəfdaşlığın yeni perspektivləri