03 iyul 2026 14:59
123

Azərbaycan-Avropa İttifaqı münasibətlərində keyfiyyətcə yeni inkişaf mərhələsi: strateji tərəfdaşlıq, enerji təhlükəsizliyi və regional sülh

2026-cı il iyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi qiymətləndirilir. Qlobal geosiyasi proseslərin, enerji bazarlarındakı dəyişikliklərin və regional təhlükəsizlik məsələlərinin beynəlxalq münasibətlər sisteminə ciddi təsir göstərdiyi bir dövrdə baş tutan bu səfər tərəflər arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın genişləndirilməsi və yeni istiqamətlər üzrə əlaqələrin inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycanın müstəqil, balanslaşdırılmış və çoxtərəfli xarici siyasəti ölkəmizin həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirmişdir. Avropa İttifaqı ilə formalaşmış münasibətlər də məhz qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və ortaq maraqlar prinsipləri üzərində inkişaf edir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinə, nəqliyyat-logistika bağlantılarının genişləndirilməsinə və regional sabitliyin təmin olunmasına mühüm töhfələr verən əsas dövlətlərdən biridir.

Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə keçirdiyi görüşdən sonra mətbuata bəyanatında Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlərin dinamik inkişaf etdiyini xüsusi vurğulayaraq bildirmişdir: "Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik." Dövlət başçısının bu fikri son illərdə siyasi dialoqdan iqtisadi əməkdaşlığa, enerji təhlükəsizliyindən yaşıl enerji layihələrinə qədər müxtəlif istiqamətlər üzrə əldə olunmuş nəticələrin məntiqi yekunu kimi qiymətləndirilə bilər.

Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi əlaqələrin davamlı inkişafı da tərəfdaşlığın əsas sütunlarından biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır." Bu fakt ölkəmizin Avropa bazarları ilə sıx inteqrasiyasını, qarşılıqlı iqtisadi maraqların möhkəmləndiyini və ticarət dövriyyəsinin davamlı artdığını göstərir. Enerji, nəqliyyat, logistika, rəqəmsal transformasiya, investisiya və yaşıl iqtisadiyyat sahələrində həyata keçirilən birgə layihələr əməkdaşlığın daha da genişlənməsi üçün əlverişli zəmin yaradır.

Müasir beynəlxalq münasibətlər sistemində enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilmişdir. Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət çəkərək vurğulamışdır: "Bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir." Həqiqətən də, son illərdə dünyada baş verən geosiyasi hadisələr enerji mənbələrinin şaxələndirilməsinin və etibarlı tərəfdaşlarla əməkdaşlığın əhəmiyyətini daha da artırmışdır. Azərbaycan zəngin enerji resursları, etibarlı infrastruktur və üzərinə götürdüyü öhdəliklərə sadiqliyi ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsi, Avropaya təbii qaz ixracının davamlı şəkildə artırılması və yaşıl enerji sahəsində yeni təşəbbüslər Azərbaycanın Avropa İttifaqı üçün strateji tərəfdaş statusunu daha da möhkəmləndirmişdir. Eyni zamanda Xəzər dənizinin böyük bərpaolunan enerji potensialının Avropa bazarlarına çatdırılması istiqamətində həyata keçirilən layihələr gələcək əməkdaşlığın mühüm istiqamətlərindən biri hesab olunur.

Görüş zamanı regional təhlükəsizlik məsələləri də geniş müzakirə olunmuşdur. Prezident İlham Əliyev bəyan etmişdir ki, "Regional təhlükəsizlik məsələlərini, xüsusən də uğurla gedən Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesini geniş şəkildə müzakirə etdik." Bu fikir Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün və əməkdaşlığın təmin olunması istiqamətində nümayiş etdirdiyi ardıcıl siyasi iradəni bir daha təsdiqləyir.

Azərbaycan postmünaqişə dövründə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan davamlı sülh gündəliyinin təşəbbüskarı kimi çıxış edir. Dövlətimizin məqsədi regionda uzunmüddətli sabitliyin təmin olunması, kommunikasiyaların açılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və xalqlar arasında etimadın möhkəmləndirilməsidir. Bu yanaşma həm regional inkişaf, həm də beynəlxalq təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev Azərbaycanın sülh prosesinə sadiqliyini ifadə edərək qeyd etmişdir: "Sülhü təkcə kağız üzərində deyil, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün bir çox birtərəfli addımlar atdıq." Bu fikir Azərbaycanın sülh təşəbbüslərinin yalnız siyasi bəyanatlarla məhdudlaşmadığını, konkret praktik addımlarla müşayiət olunduğunu göstərir. Humanitar təşəbbüslər, kommunikasiyaların açılmasına dair irəli sürülən təkliflər, qarşılıqlı etimad mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər məhz bu siyasətin tərkib hissəsidir.

Azərbaycanın təşəbbüskarı olduğu sülh gündəliyi regionun gələcək inkişafı üçün yeni imkanlar yaradır. Dayanıqlı sülhün bərqərar olması iqtisadi əməkdaşlığın genişlənməsinə, beynəlxalq nəqliyyat dəhlizlərinin daha səmərəli fəaliyyət göstərməsinə və Cənubi Qafqazın əməkdaşlıq məkanına çevrilməsinə xidmət edəcəkdir.

Ümumilikdə, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri və Prezident İlham Əliyevin səsləndirdiyi mühüm mesajlar Azərbaycan-Avropa İttifaqı münasibətlərinin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir. Siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi və enerji sahəsində strateji tərəfdaşlığın genişləndirilməsi, yaşıl enerji istiqamətində yeni əməkdaşlıq imkanlarının formalaşdırılması, eləcə də regional sülh və təhlükəsizlik məsələlərində qarşılıqlı fəaliyyət iki tərəfin ortaq maraqlarına xidmət edir.

Azərbaycan bundan sonra da etibarlı tərəfdaş kimi beynəlxalq öhdəliklərinə sadiq qalaraq enerji təhlükəsizliyinin təmin olunmasına, dayanıqlı iqtisadi əməkdaşlığın inkişafına və Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına öz töhfəsini verməyə davam edəcəkdir.

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri