04 sentyabr 2026 23:59
109

Ərzaq qiymətləri 2022-ci ilin sonundan bəri ən yüksək səviyyəyə yüksəlib

Ötən ay qlobal ərzaq qiymətləri 2022-ci ilin sonundan bəri ən yüksək səviyyəyə yüksəlib.

“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb. Bildirilir ki, FAO-nun ərzaq qiymətləri indeksi avqustda orta hesabla 133,3 bənd təşkil edib. Bu, 2022-ci ilin noyabrından bəri ən yüksək nəticədir. Qiymət artımına əsasən, əlverişsiz hava şəraiti, Avropada yüksək hava temperaturu və quraqlıq, eləcə də Yaxın Şərq və Qara dəniz regionunda müharibələrlə bağlı ticarət və təchizat problemləri səbəb olub.

FAO-nun məlumatına görə, avqust ayında taxıl, bitki yağları, şəkər, ət və süd məhsullarının qiymət indekslərinin hamısında artım qeydə alınıb. Taxılın qiyməti son üç ilin, şəkərin qiyməti isə son bir ilin ən yüksək səviyyəsinə çatıb. FAO-nun baş iqtisadçısı Maksimo Torero bildirib ki, qlobal ərzaq qiymətlərinin yüksəlməsi ərzaq bazarlarında risklərin yenidən artdığını göstərir. Bununla belə, avqust göstəricisi 2022-ci ilin martında, Rusiya-Ukrayna müharibəsinin genişmiqyaslı mərhələsinin başlamasından sonra qeydə alınmış rekord səviyyədən təxminən 17 faiz aşağıdır.