14 sentyabr 2026 11:43
141

Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ  və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...

Azərbaycan Respublikası Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin-58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyətin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri bunun bariz göstəricilərindəndir

Qırx dörd günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədən dərhal sonra Qarabağda və Şərqi Zəngəzurda başladılan genişmiqyaslı bərpa-quruculuq işləri bir an belə səngimir. Ermənistanın işğalı dövründə ağıdılmış infrastruktur obyektləri, yerlə-yeksan edilmiş tarixi, mədəni və dini abidələr yenidən bərpa olunur, yollar çəkilir, emal və infrastruktur müəssisələri inşa edilir.

Xalq-iqtidar-ordu birliyi əsasında qazanılmış şanlı tarixi Zəfərimiz nəticəsində hazırda erməni faşistlərindən xi­las edilən ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı qürurla dalğalanır. Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çox yaxından iştirakı ilə işğaldan azad edilmiş ərazilər öz simasını dəyişir. Dövlətimizin başçısı bu barədə demişdir: “Əslində, şəhərlər, kəndlər yenidən qurulur. Çünki işğal dövründə düşmən bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir, bütün tarixi abidələrimizi dağıtmışdır, Qarabağın, bölgənin, Qafqazın incisi olan Şuşa kimi şəhəri bərbad hala qoymuşdur. Biz-bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik”.

 Ermənistanın işğalı dövründə Qarabağda və Şərqi Zəngəzurda bütün yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, qəbirlər və məscidlər, infrastruktur erməni barbarları tərəfindən tamamilə dağıdılıb. Bu müddətdə ulu əcdadlarımızdan bizə miras qalan tarixi, mədəni, memarlıq abidələrimiz və müqəddəs dini inanc yerlərimiz olan məscidlər, türbələr, qəbiristanlıqlar, dünyanın ən qədim yaşayış məskənlərindən olan Azıx mağarası, Tağlar mağarası və digər nadir maddi və mənəvi mədəniyyət nümunələri erməni vandalizminin qurbanına çevrilib. Son altı ildə bu bölgələrdə vandalizmin qurbanı olan tarixi və dini abidələrin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği baxımından ciddi addımlar atılıb.

 Bu gün Azərbaycan dövləti təcavüzkar Ermənistanın mədəni-tarixi irsimizə, dini abidələrimizə vurduğu ziyanın dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli tədbirlər həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin-58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyətin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri bunun bariz göstəricilərindəndir. Qarabağ şəhərləri arasında beynəlxalq əməkdaşlığın və tərəfdaşlığın inkişaf etdiyini bildirən H.Hacıyev Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzini ziyarət edən diplomatik korpusa müraciətində bildirib ki, Qarabağ haqqında danışarkən mədəni irsdən bəhs etməmək mümkün deyil: “Çünki Qarabağ Azərbaycanın və Azərbaycan xalqının mədəni ürəyi olub və belə də olacaq. Təəssüf ki, işğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara və bombardmanlara məruz qalıb. Lakin biz Azərbaycan xalqının mədəni irsini də bərpa edirik. Qarabağda və digər ərazilərimizdə mövcud olan bütün mədəni irs Azərbaycanın mədəni irsidir. O, bizim qanunvericiliyimizlə qorunur, eyni zamanda, beynəlxalq hüquqla da mühafizə olunur. Biz mədəni irsin bərpası, yenidən qurulması və qorunması istiqamətində əlavə səylər göstərməkdə davam edəcəyik”.

Bəli, bu gün sürətlə bərpa olunan, gecə-gündüz kompleks yenidənqurma işlərinin davam etdiyi Qarabağ və Şərqi Zəngəzurda əldə edilən uğurlar, mədəni irsimizə göstərilən dövlət qayğısı bir daha təsdiq edir ki, əsl intibah dövrünü yaşayan bu bölgələrimiz tezliklə əvvəlki şöhrətini özünə qaytaracaq və cənnətə çevriləcək.

Zahid Rza, “İki sahil”