15 sentyabr 2026 16:01
103

Çin ölkəyə giriş və çıxış qaydalarını sərtləşdirdi

Çinə giriş və çıxışla bağlı yenilənmiş qaydalar sentyabrın 15-dən qüvvəyə minib. Reqlament ölkənin suverenliyini və təhlükəsizliyini təmin etmək məqsədilə bir sıra yeni məhdudiyyətlər tətbiq edir.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Çin Xalq Respublikası Dövlət Şurasının müvafiq fərmanı "Çinə daxil olan və buradan çıxan şəxslərin qanuni hüquq və mənafeçiliyini qorumaq, həmçinin milli suverenliyi, təhlükəsizliyi və inkişaf maraqlarını təmin etmək" məqsədilə qəbul edilib.

Sənədə əsasən, Çin hakimiyyəti ayrı-ayrı ölkə və regionlara səfər edərkən risklər barədə xəbərdarlıqlar dərc edəcək ki, həm Çin vətəndaşları, həm də dövlət qurumları səfər sənədlərinə baxarkən məhz bu xəbərdarlıqlardan rəhbər tutmalıdırlar. Xaricdəki vəziyyət orada baş verən hadisələr, o cümlədən mümkün silahlı münaqişələr, təbii fəlakətlər, texnogen qəzalar, eləcə də yoluxucu xəstəliklərin yayılması əsasında qiymətləndiriləcək.

Zərurət yaranarsa, miqrasiya idarələri Çin və digər dövlətlərin vətəndaşlarından səfərin məqsədləri ilə bağlı əlavə sənədlər tələb edə bilərlər. Eyni zamanda, yalan məlumatlar təqdim olunacağı təqdirdə, hakimiyyət orqanları həmin şəxslərin ölkədən çıxışına qadağa qoya bilər. Bundan əlavə, yeni fərmana əsasən, əgər Çin vətəndaşları xaricdə hüquqazidd əməliyyat törətsələr, onların ölkəni tərk etməsinə altı aydan üç ilədək müddətə qadağa qoyula bilər.

Ayrı-ayrı müddəada o da qeyd olunur ki, əgər Çin vətəndaşları mallara və texnologiyalara dair ixrac nəzarəti tədbirlərini pozublarsa və ya "milli texnoloji təhlükəsizliyə" təhdid yaradıblarisa, onların xaricə səfər etməsinə qadağa qoyula bilər.

Qaydalarda göstərilir ki, viza rəsmiləşdirilərkən və ya sərhədi keçərkən yalan məlumatlar və ya saxta sənədlər təqdim olunduğu təqdirdə, əcnəbi vətəndaşların ölkəyə girişinə bir ildən beş ilədək müddətə qadağa qoyula bilər.

Bundan başqa, qaydalar giriş və çıxış sənədlərinin rəsmiləşdirilməsi zamanı qeyri-qanuni vasitəçilik xidmətlərinin göstərilməsinə, əcnəbi vətəndaşlar üçün saxta dəvətnamələrin hazırlanmasına, eləcə də müvafiq lisenziya olmadan belə qanunsuz fəaliyyətin təşkilinə görə 5 mindən 50 min yuana qədər (təxminən $740 – $7 500) məbləğində cərimələr nəzərdə tutur. Əcnəbi şirkətlər tərəfindən belə xidmətlərin göstərilməsi isə qadağan edilib.