15 oktyabr 2026 10:46
114

8 meyvə növü üzrə 18 xəstəlik və zərərverici süni intellektlə müəyyən edilir

"Aqrar Süni İntellekt layihəsi fermerlər üçün praktik əhəmiyyət daşıyan əsas istiqamətlərindən biri bitki sağlamlığı proqramıdır. Bu proqram çərçivəsində xəstəlik və zərərverici risklərinin proqnozlaşdırılması, eləcə də dərmanlama üçün əlverişli vaxtın müəyyənləşdirilməsi həlləri artıq istifadəyə verilib."

Bu fikirləri Aqrar Süni İntellekt layihəsinin icra vəziyyəti, aqrar sahədə tətbiq olunan texnoloji yeniliklərə dair mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib. 

Nazir müavini qeyd edib ki, xəstəlik və zərərverici risklərinin proqnozlaşdırılması həlli aqrometeoroloji stansiyalardan əldə olunan məlumatlar əsasında riskləri saatlıq qiymətləndirir, zərərvericilərin inkişaf mərhələlərini izləyir: "Hazırda sistem səkkiz meyvə növü üzrə 18 xəstəlik və zərərvericini əhatə edir.
Dərmanlama vaxtının müəyyənləşdirilməsi həlli isə külək, yağıntı ehtimalı və temperatur göstəricilərini nəzərə alaraq növbəti günlər üçün uyğun vaxt intervallarını müəyyən edir. Bu imkan fermerlərə bitki mühafizəsi tədbirlərini hava şəraitinə uyğun planlaşdırmağa və təsərrüfat resurslarından daha səmərəli istifadə etməyə kömək edir.

Bitkilərin əraziyə uyğunluğunun müəyyən edilməsi, inkişaf fazaları üzrə risklərin xəritələşdirilməsi, temperatur xəbərdarlıqlarının verilməsi və optimal əkin müddətinin hesablanması da istismarda olan həllər sırasındadır. Torpaq və iqlim göstəricilərinə əsaslanan məlumatlar bitki və sort seçiminin daha əsaslandırılmış şəkildə aparılmasına şərait yaradır."

Orxan Vahidoğlu, "İki sahil"