28 oktyabr 2026 11:42
125

Qazaxıstanda vergi sistemində YENİLİK: Tokayev sərvət sahibləri üçün yeni dərəcə təklif edir

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev iri sərvət sahibləri üçün artırılmış vergi dərəcəsinin tətbiqi ideyasını müzakirə etməyi təklif edib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, Tokayev Qazaxıstan xalqına müraciəti zamanı bildirib.

"Ayrıca olaraq vergi qoyuluşunun ədalətliliyi məsələsi üzərində dayanmaq istəyirəm. Hesab edirəm ki, böyük sərvət sahibləri üçün artırılmış dərəcənin tətbiqini müzakirə etməyin vaxtı çatıb. Vurğulayım ki, heç kim qanuni yolla əldə edilmiş aktivləri hər hansı şəkildə məhdudlaşdırmaq niyyətində deyil. Bu, konstitusiyanın özünə zidd olardı", — deyə o, bildirib.

Prezident qeyd edib ki, söhbət hər bir vətəndaşın ölkənin inkişafına mütənasib, vicdanlı töhfəsindən və ədalətdən gedir. "Hökumət və Qurultay bu məsələni araşdırmalı və təkliflər təqdim etməlidir. Vergi qoyuluşunun ədalətliliyi şəffaflıq, deməli, tam rəqəmsallaşma tələb edir. Vergilərin yığılmasını artırmaq, kölgə iqtisadiyyatını ixtisara salmaq və korrupsiya risklərini azaltmaq üçün qabaqcıl texnologiyalardan, o cümlədən süni intellektdən istifadə etmək lazımdır", - deyə prezident vurğulayıb.

O, həmçinin 2025-ci ildə qəbul edilmiş yeni Vergi Məcəlləsinin "müqəddəs kitab" olmadığını və müəssisələrin işini asanlaşdırmaq üçün biznesin maraqları nəzərə alınmaqla ona digər düzəlişlərin də edilməsinin vacibliyini qeyd edib: "Sahibkarların davranış qaydalarını hər dəfə dəyişməmək üçün bunu tamamilə dəqiqliklə etmək lazımdır. Bizim qanunvericilik o qədər iri həcmli və başa düşülməsi mürəkkəbdir ki, sahibkarlar üçün əsl başağrısına çevrilib".

Hazırda Qazaxıstanda vətəndaşlar üçün 10%-lik fərdi gəlir vergisi mövcuddur. 15%-lik artırılmış dərəcə böyük gəliri olan vətəndaşlara (ildə 80 min dollardan çox, lakin yalnız bu həddi aşan məbləğdən) tətbiq edilir, elitar daşınmaz əmlak və digər bahalı aktivlərin sahiblərindən isə xüsusi aksiz tutula bilər.